“Xaricdə təhsil almış gənclər elmi islahatların keyfiyyət mərhələsinə keçidi üçün vacib resursdur” – Deputat
“Xaricdə təhsil almış gənc mütəxəssislər elmi islahatların keyfiyyət mərhələsinə keçidi üçün vacib resursdur. Onlar beynəlxalq təcrübə, müasir elmi metodologiya və qlobal əlaqələr baxımından ölkə elminə ciddi töhfə verirlər”.
Bu fikirləri “Azərbaycan müəllimi”nə açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini Könül Nurullayeva söyləyib.
Millət vəkilinin sözlərinə görə, bu töhfə artıq strateji sahələrdə də hiss olunmağa başlayıb: “İstedadlı gənclərin elmə və idarəetməyə cəlb olunması ölkənin inkişaf modelinin formalaşmasında əsas rol oynayır. Gənclər yeni ideyaların, innovativ yanaşmaların və texnoloji transformasiyanın daşıyıcısıdır.
Elmi islahatların mahiyyəti də məhz potensialı üzə çıxarmaqdan ibarətdir. Son illərdə aparılan struktur dəyişiklikləri, gənc kadrların önə çəkilməsi, qrant və layihə imkanlarının genişlənməsi gənclərin elmə marağını stimullaşdırır. Bununla belə, bu marağın davamlı və kütləvi xarakter alması üçün islahatların daha praktik nəticələrə, karyera təminatına çevrilməsi də vacibdir”.
Elmi islahatlar fonunda xaricdə təhsil alan gənc mütəxəssislərin oynadığı mühüm rol haqqında danışan deputat qeyd edib ki, gənclər üçün institusional dəstək gücləndirilməlidir: “Bu proses daha intensiv olmalıdır. Prezident İlham Əliyev də müsahibəsində qeyd etdi ki, bizim çoxlu istedadlı gənclərimiz var.
Buna görə də gənclər üçün çevik elmi mühit, tədqiqat imkanları, institusional dəstək gücləndirilməlidir. Ən vacibi isə onların bilik və bacarıqlarının real inteqrasiyası təmin edilməlidir. Bu halda həm elmi islahatlar sürətlənər, həm də gənclərin ölkəyə bağlılığı daha da möhkəmlənər. Dövlət başçımız da bəyan etdi ki, bu sahədə islahatlar davam edəcək”, – deyə o bildirib.


