Xaricdə verilmiş elmi dərəcələrin neçəsi Azərbaycanda tanınıb?
2026-cı ilin ilk yarısında xarici ölkələrdə verilmiş 48 fəlsəfə doktoru elmi dərəcəsi tanınıb. Elmlər doktoru səviyyəsində isə heç bir elmi dərəcə tanınmayıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) 2026-cı ilin ilk yarısında xarici ölkələrdə verilmiş elmi dərəcələr haqqında sənədlərin tanınmasına dair statistik məlumat açıqlayıb.
Məlumata əsasən, hesabat dövründə 8 nəfərin müraciətinə imtina verilib. Elmlər doktoru elmi dərəcəsi üzrə heç bir tanınma qərarı qəbul edilməyib, 1 müraciətə isə imtina edilib.
Fəlsəfə doktoru elmi dərəcəsinin tanınması üzrə ən çox müsbət qərar iqtisad elmləri sahəsində qəbul edilib. Bu istiqamətdə 20 nəfərin sənədi tanınıb. Sonrakı yerlərdə kimya, texnika elmləri və siyasi elmlər (hər biri 4 nəfər), tibb elmləri və hüquq elmləri (hər biri 3 nəfər), filologiya elmləri (2 nəfər) qərarlaşıb. Riyaziyyat, biologiya elmləri, yer elmləri, tarix, pedaqogika, psixologiya, sosiologiya və fəlsəfə sahələrinin hər biri üzrə isə 1 elmi dərəcə tanınıb.
İmtina olunan müraciətlər arasında tibb elmləri ilk sıradadır. Bu sahədə 3 müraciət təmin edilməyib. Biologiya elmləri, tarix, filologiya elmləri, siyasi elmlər və sənətşünaslıq üzrə isə hər birində 1 imtina qeydə alınıb.
Elmlər doktoru elmi dərəcəsinin tanınması ilə bağlı statistikada diqqətçəkən məqamlardan biri odur ki, 2026-cı ilin ilk yarısında bu səviyyə üzrə yeganə imtina filologiya elmləri sahəsində qeydə alınıb.
Statistikaya əsasən, riyaziyyat, kimya, yer elmləri, texnika elmləri, iqtisad elmləri, hüquq elmləri, pedaqogika, psixologiya, sosiologiya və fəlsəfə sahələrində xaricdə alınmış fəlsəfə doktoru elmi dərəcələrinin tanınması ilə bağlı təqdim olunan bütün müraciətlər müsbət qiymətləndirilib və həmin istiqamətlər üzrə imtina qeydə alınmayıb.




