Xarici dil bilmək işə qəbulda nə qədər vacibdir? 

28 Avqust, 2026 - 10:07
Xarici dil bilmək işə qəbulda nə qədər vacibdir? 

Əmək bazarında rəqabətin artması işə qəbul zamanı namizədlərdən gözlənilən tələbləri də dəyişdirir. Artıq yalnız diplom və peşə üzrə biliklər kifayət etmir, işəgötürənlər namizədin əlavə bacarıqlarına, xüsusilə də xarici dil biliklərinə də diqqət yetirirlər. Bir çox vakansiyalarda xarici dil bilmə əsas və ya üstünlük verilən tələblər sırasında göstərilir.

Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə danışan təhsil üzrə mütəxəssis Şamxal Bədəlov bildirib ki, xarici dil bilikləri müasir əmək bazarında artıq əlavə üstünlükdən daha çox bir çox sahələr üçün peşəkar inkişafın vacib komponentlərindən birinə çevrilib:

“Xüsusilə Azərbaycan kimi beynəlxalq əlaqələrin, xarici şirkətlərin və beynəlxalq təhsil imkanlarının genişləndiyi ölkələrdə xarici dil bilməmək məzunun karyera seçimlərini müəyyən qədər məhdudlaşdıra bilər.

Universiteti bitirən gənc yalnız diplomu ilə deyil, əmək bazarında tələb olunan əlavə bacarıqları ilə də rəqabət aparır. Eyni ixtisasa və oxşar akademik göstəricilərə malik iki namizəddən biri ingilis dilində sərbəst ünsiyyət qura bilirsə, beynəlxalq mənbələrdən istifadə edə bilirsə və xarici tərəfdaşlarla işləməyə hazırdırsa, bu, işəgötürən üçün ciddi üstünlük yaradır.

Azərbaycan əmək bazarında xüsusilə maliyyə, bank işi, İT, turizm, logistika, idman, marketinq, biznes idarəetməsi, akademik fəaliyyət və beynəlxalq layihələr kimi sahələrdə xarici dil biliklərinin əhəmiyyəti daha yüksəkdir. Buna görə də tələbə xarici dil öyrənməyi yalnız universitetdəki fənlərdən biri kimi deyil, öz karyerasına investisiya kimi qiymətləndirməlidir”.

Bəs məzunlar xarici dil bilmədikləri üçün iş həyatında hansı çətinliklərlə qarşılaşa bilərlər?

Mütəxəssis qeyd edib ki, xarici dil bilməyən gənclərin iş imkanlarının dairəsi darala bilər:
“Bir çox yerli və beynəlxalq şirkətlərin vakansiyalarında ingilis dili tələbi kifayət qədər geniş yayılıb. Xarici dil bilməyən məzun həmin vakansiyalara müraciət etmək imkanını ya tamamilə itirir, ya da digər namizədlərlə müqayisədə zəif mövqedə olur.

İkinci mühüm məsələ peşəkar informasiya və resurslara çıxışdır. Müasir dünyada yeni elmi məqalələrin, onlayn kursların və müxtəlif ixtisas üzrə materialların böyük hissəsi ingilis dilində yayımlanır. Dil bilməyən mütəxəssis yalnız yerli mənbələrlə kifayətlənməli olur və bu da onun peşəkar inkişafını müəyyən qədər məhdudlaşdıra bilər.

Burada bir məqamı xüsusilə qeyd etmək istəyərdim: xarici dil bilməmək insanın peşəkar bacarıqsızlığı demək deyil. Lakin dil baryeri həmin peşəkar bacarıqların daha geniş auditoriyaya nümayiş etdirilməsinə mane ola bilər. Yəni mütəxəssis öz sahəsində çox güclü ola bilər, amma dil bilmədiyi üçün beynəlxalq imkanlardan lazımi səviyyədə istifadə edə bilməz”.

Bu gün ən çox tələb olunan xarici dillər hansılardır? 

Müsahibimizin sözlərinə görə, Azərbaycan kontekstində danışarkən, ilk növbədə ingilis dilini qeyd etmək lazımdır:

“İngilis dili beynəlxalq biznesin, elmin, texnologiyanın, ali təhsilin və peşəkar kommunikasiyanın əsas dillərindən biridir. Buna görə də karyerasını inkişaf etdirmək istəyən azərbaycanlı gənc üçün ingilis dili ən universal seçim hesab oluna bilər.

Bununla yanaşı, rus dili də Azərbaycan əmək bazarında hələ praktik əhəmiyyətini qoruyur. Xüsusilə müəyyən xidmət sahələrində, turizmdə, ticarətdə, müştəri xidmətlərində və MDB ölkələri ilə əlaqəli fəaliyyətlərdə rus dili üstünlük yarada bilər.

Türk dili isə Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Dil və mədəni yaxınlıq səbəbindən azərbaycanlılar üçün öyrənilməsi nisbətən asanolan türk dili Türkiyə ilə təhsil, biznes, turizm və digər sahələrdə əlaqələr baxımından faydalıdır.

Son illərdə alman dili də karyera və təhsil baxımından diqqətçəkən dillərdən birinə çevrilib. Xüsusilə Almaniya, Avstriya və digər almandilli ölkələrdə təhsil almaq və işləmək istəyən gənclər üçün bu dil strateji əhəmiyyət daşıyır”.

Ş.Bədəlov qeyd edib ki, burada “ən tələb olunan dil hansıdır?” sualından daha çox “mənim seçdiyim karyera üçün hansı dil daha faydalıdır?” sualını vermək lazımdır:

“Məsələn, İT sahəsində çalışan gənc üçün ingilis dili əsas prioritet ola bilər, beynəlxalq münasibətlər üzrə mütəxəssis üçün ingilis dili ilə yanaşı fransız dili, Almaniyada karyera qurmaq istəyən məzun üçün isə alman dili daha məqsədəuyğun seçimdir.

Nəticə etibarilə, tələbələr xarici dil seçərkən yalnız bu günkü əmək bazarını deyil, 5–10 ildən sonra özlərini hansı peşəkar mühitdə görmək istədiklərini də nəzərə almalıdırlar. Universitet dövründə öyrənilən xarici dil məzun olduqdan sonra yeni iş imkanlarına, beynəlxalq təhsilə, peşəkar şəbəkələşməyə və karyera yüksəlişinə qapı aça bilər. Azərbaycanda rəqabətli əmək bazarında isə bu, gəncin digər namizədlərdən fərqlənməsinə kömək edən mühüm üstünlüklərdən biridir”.