Xarici ölkə prokurorluqlarının nümayəndələri Qarabağ Universitetində olublar
MDB-yə üzv dövlətlərin və bir sıra xarici ölkələrin prokurorluq nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər.
“Azərbaycan müəllimi” xəbər verir ki, Azərbaycan Respublikasının Baş prokurorunun müavini Heydər Məmmədovun rəhbərliyi ilə həyata keçirilən səfərdə MDB Baş Prokurorlarının Əlaqələndirmə Şurasının icraçı katibi Yuri Nikolayeviç Jdanov, onun müavini Abduraxmon Xotambekov, Türkiyə Ali Məhkəməsinin Baş Prokurorluğunun prokurorları Ahmet Gökay Aktaş və Mustafa Yakar, eləcə də Gürcüstan Baş Prokurorluğunun əməkdaşı Temur Tsindeliani iştirak ediblər.
Qonaqlar avqust 21-22-də əvvəlcə Şuşa şəhərinə səfər edərək Yuxarı Gövhər Ağa məscidi, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Cıdır düzü və digər tarixi-mədəni abidələrlə tanış olublar. Şuşanın qədim irsi və füsunkar təbiəti nümayəndə heyətində böyük təəssürat yaradıb.
Daha sonra nümayəndə heyəti Xankəndiyə gələrək Zəfər meydanında olub, Qarabağ Universitetinə baş çəkiblər. Universitetin rektoru Şahin Bayramov qonaqları qarşılayaraq ali təhsil müəssisəsinin fəaliyyəti, inkişaf perspektivləri və qarşıda duran vəzifələr barədə məlumat verib.
Səfər zamanı nümayəndələr universitetin elmi-tədris prosesi ilə yaxından tanış olub, müasir yanaşmalar əsasında formalaşdırılan akademik mühiti yüksək qiymətləndiriblər. Onlar Qarabağ Universitetinin regionun intellektual inkişafına mühüm töhfə verəcəyini qeyd edərək gələcək əməkdaşlıq imkanlarına da müsbət yanaşıblar.
Nümayəndə heyəti həmçinin Xankəndi şəhərində yerləşən tarixi abidələrə, mədəniyyət ocaqlarına və bərpa edilən məkanlara baxış keçirib. Qonaqlar şəhərin həm tarixi irsini qoruyan, həm də müasir inkişafla uzlaşan simasını yüksək dəyərləndiriblər.

