Yaşıdları cizgi filmi izləyir, o isə onları yaradır

4 İyun, 2026 - 15:06
Yaşıdları cizgi filmi izləyir, o isə onları yaradır

Yaşıdları cizgi filmlərinə tamaşa etdiyi halda, o həmin cizgi filmlərini yaradır. Dostlarının “balaca rejissor” deyə çağırdığı 12 yaşlı Kövsər çəkdiyi animasiya filmləri ilə artıq beynəlxalq festivallarda tanınan azərbaycanlı məktəblilərdən biridir.

Paytaxtdakı M.Hacıyev adına 116 nömrəli tam orta məktəbin VI sinif şagirdi olan Kövsərin animasiya filmləri bu günə qədər Azərbaycandan başqa ABŞ, Braziliya, İngiltərə, Hollandiya, İspaniya, Xorvatiya, Yunanıstan, Hindistan, Banqladeş, Çin, Türkiyədə də nümayiş etdirilib.

Onun animasiya ilə yolu 7 yaşında olarkən Beynəlxalq Animafilm Festivalında münsif kimi iştirak etməsi ilə kəsişib. Festivalda böyük ekranda nümayiş olunan animasiya filmlərinə baxan balaca Kövsər həmin gün özünə yeni bir məqsəd qoyub: “Festivalda nəhəng ekranda baxdığım animasiyalar məni film çəkməyə ilhamlandırdı, böyük səhnə məni çox təsirləndirdi. Düşündüm ki, bu səhnədə, bu böyük ekranda mənim də animasiyalarım nümayiş oluna bilərdi”.

Bu arzunu heç kimə deməyib. Aradan bir il keçdikdən sonra cəmi 8 yaşı olarkən anasına animasiya filmi çəkmək istədiyini və həmin ilki festivala qatılmaq istədiyini bildirib. Lakin festivala iş qəbulu üçün cəmi iki gün qalmışdı. Anası əvvəlcə bunun mümkün olmadığını düşünsə də, Kövsər artıq gizlicə hazırlıq görmüşdü.

“Mən ona planşetimi göstərib dedim ki, artıq proqram tapıb yükləmişəm, onu necə işlətməyi də azca öyrənmişəm. İndi obrazları rəngləməyi öyrənirəm”, – deyə xatırlayır.

Beləliklə, iqlim dəyişikliyinə həsr olunmuş “Bir damla” adlı ilk animasiya filmi cəmi iki gün ərzində ərsəyə gəlib. Həmin film festivalda “Beynəlxalq Münsiflərin Xüsusi Seçim Mükafatı”na layiq görülüb və bu, Kövsərin animasiya sahəsində ilk beynəlxalq uğuru olub.

Əslində, həmin vaxtadək o, artıq rəsm sahəsində kifayət qədər uğur qazanmışdı. Beynəlxalq və respublika müsabiqələrində çoxsaylı birincilikləri, medalları və qalibiyyətləri vardı. Animasiya isə onun yaradıcılıq yolunda yeni mərhələyə çevrilib. Bu gün də Kövsər rəsm və animasiyanı bir-birindən ayırmır: “Mənim üçün rəsm və animasiya bir-birini tamamlayır. Animasiyalarımı elə rəsmlərimi canlandıraraq ərsəyə gətirirəm. Ona görə də həm rəsmlərimi, həm də animasiyalarımı sevgi ilə hazırlayıram. Rəsm tamaşaçını düşünməyə sövq edir, rəssamın demək istədiyini izləyici özü kəşf etməyə çalışır. Animasiya isə həmin fikirləri hərəkətə gətirir, hadisələrin gedişini göstərir. Bununla belə, son nəticəni yenə tamaşaçı öz hissləri və düşüncələri ilə tamamlayır. Beləcə rəssam, rejissor və tamaşaçı arasında gizli bir bağ yaranır”, – deyə bildirir.

İlk uğurdan sonra Kövsər dayanmayıb. O, sosial mövzulara həsr olunan animasiya filmləri hazırlamağa başlayıb. İqlim dəyişikliyindən bəhs edən “Bir damla”, Azərbaycanın Qırmızı Kitabına daxil edilmiş yaşılbaş ördəyə həsr olunan “Sona”, Hacı Zeynalabdin Tağıyevin qızların təhsil hüququ uğrunda mübarizəsindən bəhs edən “Pəncərə”, Vətənə ithaf olunan “Mənim sönməz hilalım”, iqlim və ətraf mühit mövzusunda çəkilmiş “Bir ağacın hekayəsi”, diskriminasiya və irqçilik əleyhinə mesaj verən “Qara və Ağ”, eləcə də bacısı İnci ilə birlikdə hazırladığı “Yuxu” animasiyaları onun yaradıcılıq portfelində xüsusi yer tutur.

Son layihələrindən biri isə “Azərbaycanımın tarixi” adlı animasiyadır. Bu layihədə Kövsər öz rəsm əsərlərini süni intellekt vasitəsilə canlandıraraq tarixi mövzunu animasiya dilində təqdim edib və onun sözlərinə görə, bu animasiya dünyada uşaq tərəfindən yaradılan incəsənət + süni intellekt sintezli xronoloji ilk animasiyadır.

Kövsərin son beynəlxalq uğurlarından biri isə Xorvatiyanın Varajdin şəhərində keçirilən 17-ci Beynəlxalq VAFI-RAFI Uşaq və Gənclər Animasiya Festivalında qazanılıb. Müəllifi olduğu “Qara və Ağ” animasiya filmi dünyanın müxtəlif ölkələrindən göndərilən təxminən 2000 iş arasından seçilərək əvvəlcə rəsmi proqramda yer alıb, daha sonra isə qaliblər sırasına daxil olub. Maraqlısı odur ki, film cəmi iki gün ərzində hazırlanıb: “Bu bir animasiya üçün çox az vaxtdır. Lakin əsas düşüncəm mesajı ötürmək idi. Anam mənə bir qaradərili uşaq tərəfindən 2005-ci ildə yazılan şeiri göstərdi. Şeir Beynəlxalq Türk dili Olimpiadası üçün yazılmışdı. Şeir məni o qədər təsirləndirdi ki, məhz bu mövzunu ekranlaşdırmaq istədim”.

Kövsərin sözlərinə görə, filmin yaranmasında o, “stop-motion” texnikasından istifadə edərək plastilindən obrazlar hazırlayıb, şeirin misralarını isə özü səsləndirib. Animasiya insan hüquqları, ayrı-seçkilik və irqçilik mövzusuna həsr olunub.
Onun fikrincə, filmi minlərlə iş arasından fərqləndirən əsas məqam ötürdüyü duyğu və mesaj olub: “Düşünürəm ki, insanlar filmdə vermək istədiyim mənanı hiss etdilər. Məni sevindirən odur ki, dünyanın fərqli yerlərində yaşayan insanlar irqçiliyə qarşıdır, bərabərlik və birlik tərəfdarıdır”.

Xorvatiyada nümayişdən sonra münsiflər, müəllimlər, şagirdlər və qonaqların ona yaxınlaşaraq təəssüratlarını bölüşməsi də balaca rejissor üçün unudulmaz xatirələrdən birinə çevrilib.

O qeyd edir ki, animasiya hazırlamaq uzun və səbir tələb edən prosesdir. Əvvəlcə hekayə paneli hazırlanır, daha sonra texnika seçilir, minlərlə kadr yaradılır, səs yazılır, musiqi və effektlər əlavə olunur. Bəzən cəmi bir dəqiqəlik animasiya üçün minə yaxın kadr lazım gəlir.


Bu günədək Kövsərin filmləri bir çox nüfuzlu beynəlxalq festivallarda mükafatlar qazanıb. “Qara və Ağ” filmi BMT-nin Sivilizasiyalar Alyansı və Beynəlxalq Miqrasiya Təşkilatının təşkil etdiyi PLURAL+ Gənclər Video Festivalında ikiqat qələbə qazanaraq Beynəlxalq Münsiflər Mükafatının birinci yerinə və FCAT tərəfdaş mükafatına layiq görülüb.

Türkiyədə keçirilən Beynəlxalq Turan Film Festivalında “Gənc İstedad Mükafatı” ilə təltif olunub, ABŞ-də təşkil olunan Nyu-York Qısa Animasiya Festivalında isə “Ən yaxşı stop-motion mükafatı”nın sahibi olub.

Festival səfərləri zamanı o, dünyanın müxtəlif ölkələrindən olan animatorlar, rejissorlar və kino mütəxəssisləri ilə tanış olur. Xüsusilə “Disney”, “Netflix” və “Warner Brothers” ilə əməkdaşlıq edən amerikalı Oskar mükafatçısı animator Coş Ştaub ilə görüşünü maraqlı təcrübələrindən biri kimi xatırlayır.


Bütün bu uğurlarla yanaşı, Kövsər məktəb həyatını da uğurla davam etdirir. O, əlaçı şagirddir, eyni zamanda 34 nömrəli musiqi məktəbində fortepiano üzrə təhsil alır. Piano müsabiqələrində də beynəlxalq nailiyyətlər qazanıb.

Rəsm sahəsindəki son böyük uğurlarından biri isə Beynəlxalq Kosmik Agentliklərinin APRSAF-30 Qlobal Forumu çərçivəsində keçirilən beynəlxalq poster müsabiqəsində Qran-pri mükafatına layiq görülməsi olub.

Ümumilikdə, onun 200-dən çox nailiyyəti, 19 beynəlxalq medalı və 8 kuboku var.

Lakin Kövsər üçün bütün bu uğurlar hələ yolun başlanğıcıdır: “Gələcəkdə məşhur rejissor-animator olmaq, Azərbaycana animasiya sahəsində Oskar mükafatı qazandırmaq və ölkəmi dünyanın hər yerində tanıtmaq istəyirəm”.

Onun daha bir arzusu var: çəkdiyi animasiyaların musiqilərini gələcəkdə özü bəstələmək istəyir.
12 yaşlı Kövsərin hədəfləri böyükdür. Amma onun hekayəsinə baxdıqda bir həqiqət aydın görünür: böyük uğurlar bəzən kiçik bir xəyalla başlayır.

Yaşıdları cizgi filmi izləyir, o isə onları yaradır
Yaşıdları cizgi filmi izləyir, o isə onları yaradır
Yaşıdları cizgi filmi izləyir, o isə onları yaradır