Yaxın 5 ildə “Müasir metodist” layihəsi bütün məktəbləri əhatə edəcək – Elnur Əliyev
“Son dövrlərdə müəllimlərə metodik dəstək və onların peşəkar inkişafı istiqamətində müxtəlif yeni yanaşmalar tətbiq olunur. Artıq təcrübə göstərir ki, müəllimləri müxtəlif təlimlərə cəlb edib hansısa auditoriyalarda saatlarla onlara nəsə izah etməyin öyrənmə effekti, məqsədyönlü, dəstək əsaslı, müəllimin çalışdığı mühitdə onun inkişaf ehtiyaclarına uyğun fərdi yanaşma ilə göstərilən dəstəklə müqayisədə daha aşağıdır”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Təhsil İnstitutunin direktor səlahiyyətlərini müvəqqəti icra edən, elm və təhsil nazirinin müşaviri Elnur Əliyev Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən 3-cü Təhsil Menecerləri Forumunda səsləndirib.
O bildirib ki, bu istiqamətdə artıq bir neçə ildir ki, “Müasir metodist” layihəsi həyata keçirilir və hazırda ölkə üzrə təxminən 350 məktəbdə yüksək nəticələr göstərən müəllimlər arasından seçilmiş metodistlər müvafiq hazırlıq keçdikdən sonra çalışdıqları məktəblərdə öz həmkarlarına dəstək göstərirlər: “Bu dəstək daha çox qarşılıqlı dərsdinləmələri, birgə müzakirələr, eyni zamanda təlimlərin ilboyu bölüşdürülməsi, təlimlə dərs prosesinin əlaqələndirilməsi və təlimdən sonra əlavə dərsdinləmələri aparmaqla, həmin təlimlərin nəticələrinin öyrənilməsi vasitəsilə həyata keçirilir. Beləliklə, metodistlər müəllim həmkarlarına davamlı dəstək olurlar. Düşünürəm ki, bu, Azərbaycan müəlliminin inkişafına yönəlik faydalı bir layihədir və növbəti illərdə onun genişlənməsi, yaxın 5 il ərzində isə ölkənin bütün məktəblərini əhatə etməsi planlaşdırılır. Burada yaxşı xəbər ondan ibarətdir ki, hazırda bu layihə üzrə fəaliyyət göstərən metodistlər məktəblərdə çalışan müəllimlərdir və onlar əlavə metodik fəaliyyətlərinə görə müvafiq məvacib alırlar. Yəni, layihə çərçivəsində maliyyələşmə də təmin olunub”.


