Yay tətilində işləmək istəyən yeniyetmələr bunları bilməlidirlər

7 İyul, 2026 - 15:52
Yay tətilində işləmək istəyən yeniyetmələr bunları bilməlidirlər

Yay tətili dövründə bir çox yeniyetmələr həm əlavə gəlir əldə etmək, həm də iş təcrübəsi qazanmaq məqsədilə əmək fəaliyyətinə maraq göstərirlər. Lakin yetkinlik yaşına çatmayan şəxslərin işləməsi qanunvericiliklə müəyyən edilmiş qaydalar və məhdudiyyətlər əsasında tənzimlənir. Bu sahədə həm işəgötürənlərin, həm də valideynlərin hüquq və vəzifələrini bilməsi uşaqların təhlükəsizliyinin və hüquqlarının qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.

Bəs qanun azyaşlıların hansı şərtlərlə işləməsinə icazə verir və hansı hallarda onların əmək fəaliyyətinə məhdudiyyət qoyulur?


Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə danışan Vəkillər Kollegiyasının üzvü Turan Abdullazadə bildirib ki, Azərbaycan qanunvericiliyinə əsasən, əmək müqaviləsi yalnız 15 yaşına çatmış şəxslərlə bağlana bilər:


“15 yaşından aşağı şəxslərin işə qəbuluna yol verilmir və belə müqavilələr etibarsız sayılır. 15–18 yaş arası şəxslərlə əmək müqaviləsi bağlanarkən valideynin, övladlığa götürənin və ya qəyyumun yazılı razılığı tələb olunur. Yaşı 18-dən az olan şəxslər üçün gecə vaxtı, iş vaxtından artıq, istirahət və bayram günlərində işə cəlb edilmək, ezamiyyətə göndərilmək, eləcə də ağır, zərərli, yeraltı və mənəviyyata zərər vura biləcək işlərdə işləmək qadağandır”.
Vəkil qeyd edib ki, işəgötürən bu şəxsləri yalnız tibbi müayinədən sonra işə qəbul etməli və hər il tibbi müayinədən keçmələrini təmin etməlidir:


“Qanunsuz əməyə cəlb etmə inzibati məsuliyyət yaradır və belə hallarda işəgötürən cərimə və digər hüquqi sanksiyalara məruz qala bilər. Əlavə olaraq, yetkinlik yaşına çatmayanların əməyindən istifadə zamanı əmək qanunvericiliyinin bütün tələblərinə riayət olunmasına dövlət nəzarəti həyata keçirilir və pozuntular aşkarlandıqda tədbirlər görülür”.


T.Abdullazadə qeyd edib ki, qanunvericiliklə 15 yaşına çatmayan şəxslərin əməyə cəlb edilməsi ilə bağlı İnzibati Xətalar Məcəlləsində müvafiq maddə yer alır. Belə ki, məcəllənin 192.8.-ci maddəsinə (İşəgötürən tərəfindən 15 yaşına çatmamış şəxsin işə cəlb edilməsinə görə) əsasən vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilirlər.