Yeni maliyyələşmə modeli özəl bağçaların marağını artıracaq – Mütəxəssis
Məktəbəqədər təhsil uşağın gələcək inkişafının əsasını qoyan ən vacib mərhələlərdən biri hesab olunur. Bu dövrdə keyfiyyətli təhsil və inkişaf mühitinin yaradılması həm uşaqların bilik və bacarıqlarına, həm də onların sosial və emosional inkişafına birbaşa təsir göstərir. Lakin məktəbəqədər təhsil xidmətlərinə əlçatanlığın artırılması, keyfiyyətin yüksəldilməsi və maliyyə dayanıqlığının təmin edilməsi bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da zəruridir.
Prezident İlham Əliyevin 19 iyun 2026-cı il tarixli Fərmanı ilə tətbiqinə başlanılan məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modeli də ölkəmizdə məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi məqsədilə atılan mühüm addımlardandır.
Bəs bu maliyyələşmə modeli necə işləyə bilər, onun üstünlükləri nədir və belə bir yanaşma məktəbəqədər təhsil sisteminə hansı yenilikləri gətirə bilər?
Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə danışan Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Rasif Dünyamalıyev bildirib ki, sözügedən məsələ çox stratejidir:
“Azərbaycanda 1-5 yaşlı 600 mindən çox uşaq var. Bu uşaqların cəmi 36%-i məktəbəqədər təhsilə cəlb olunub. Bu isə ümumilikdə 250 minə yaxın uşaq edir. Nəticə etibarilə 400 mindən çox uşaq məktəbəqədər təhsilə cəlb olunmur. Həm də yaş aralığına baxdıqda məktəbəqədər təhsilə cəlb olunanların əksəriyyəti 5 yaşlılardır, 2, 3, 4 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlbi çox aşağıdır”.
R.Dünyamalıyev qeyd edib ki, məktəbəqədər təhsilin uşaqların sonrakı həyatında uzunmüddətli təsirləri var:
“Bu proses istənilən halda birbaşa iqtisadiyyata, əmək bazarına, insan kapitalının inkişafına təsir edir. Həmçinin məktəb dönəmində uşaqların akademik nəticələrinin yüksək olmasına ciddi təsir edir. Eyni zamanda, məktəbəqədər təhsil uşaqların məktəb və gənclik dönəmində bacarıqlarının, vərdişlərinin, dəyərlər sisteminin inkişafına birbaşa təsir edir. Uşaq məktəbəqədər təhsilə nə qədər tez cəlb olunursa, bu, uşaqların həyatında daha ciddi nəticələr verir”.
Mütəxəssis qeyd edir ki, bir çox ölkələrin hədəfləri 2030-cu ilə məktəbəqədər təhsilə cəlb edilmə göstəricisini 50%-dən çox etməkdir. Azərbaycan da bununla bağlı öz planlarını hazırlayıb:
“Həmçinin sosial iqtisadi inkişaf strategiyasında da bununla bağlı hədəflər var. Bunu həyata keçirməyin bir çox modelləri var ki, onlardan biri dövlət-özəl tərəfdaşlığıdır. Bu yolla uğurlu nəticələr əldə edən ölkələr var”.
Belə ölkələrin təcrübələrindən danışan ekspertin sözlərinə görə, Qazaxıstanda dövlət-özəl tərəfdaşlığı 10 ildən çoxdur ki, həyata keçirilir:
“Bu gün Qazaxıstanda dövlət-özəl tərəfdaşlığı sayəsində 3-6 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunması 98%-ə, 1-6 yaşlıların 85%-ə çatıb. Qazaxıstandakı modelin ən önəmli tərəfi birbaşa subvensiyanın tətbiq olunmasıdır. Bu, o deməkdir ki, dövlət hər bir özəl bağçaya məktəbəqədər təhsilə cəlb olunan uşaqların sayına görə yardım edir. Burada təyinat məqsədlidir. Yəni o vəsait mütləq şəkildə uşaqların məktəbəqədər təhsilinə sərf olunmalıdır. Bu vəsaiti alan hər bir qurum dövlət qarşısında öhdəlik daşıyır. Qazaxıstanda hətta dövlət-özəl tərəfdaşlığının 57%-i məhz təhsil layihələrinə aiddir”.
R.Dünyamalıyev qeyd edib ki, bu layihələr 2018-ci ildən də Özbəkistanda tətbiq olunmağa başlayıb:
“Orada daha fərqli model tətbiq olunur. Dövlət bağça tikənlərə 1%-lə 15 illik kreditlər verir. Həm Qazaxıstanda, həm də Özbəkistanda dövlət istifadəsiz qalan binaları özəl bağçaların təşkili üçün investorlara təklif edir. Həmçinin torpaq sahələri ayrılır ki, bağça tikilsin. Özbəkistanda tətbiq edilən modellərdən biri də ailə tipli bağçalardır. Dövlət əsasən regionlarda bu tipli bağçaların açılmasına dəstək verir. Məktəbəqədər təhsil yaşında uşağı olan valideyn qonşularının uşaqlarını da toplayıb onlara öz evində təhsil imkanı yaradır. Bu, Özbəkistanda tətbiq olunan ən geniş modellərdən biridir. Həmçinin şəhərdə xərclərin 50%-i qarşılanırsa, kənd yerlərində bu, 70%-dir. Bu da ona səbəb olur ki, kənd yerlərində özəl bağçalar daha çox açılır. Orada qadınların işə cəlb olunması 12% artıb”.
Şura üzvünün sözlərinə görə, Türkiyədə Dövlət və Sosial Xidmət Agentliyi özəl bağçalardan müəyyən yerlər alır:
“Həmçinin orada özəl-dövlət tərəfdaşlığı çərçivəsində uşaq bağçalarının açılması stimullaşdırılır. Həmçinin Koreyada da bu model tətbiq edilir. Ümumiyyətlə, məktəbəqədər təhsilə cəlb olunma aşağı olan hər yerdə bu model tətbiq olunur. Bizim təxminən 1500 bağçamız var. Bu, yalnız 150 min uşağı əhatə edə bilər. Bizim ehtiyacımız olan say isə 600 min uşağı əhatə edə biləcək 6 minə yaxın bağçadır. Prezident İlham Əliyevin imzaladığı yeni fərmanla məktəbəqədər təhsilə cəlb olunma göstəricisinin yüksəlməsi daha da sürətlənəcək. Bu, artıq qrant layihə olaraq yox, məqsədli büdcə təyinatı, yəni subvensiya olaraq həyata keçirilməyə başlanacaq. Bu da özəl bağçaların bu işə daha stimullu, maraqlı olmasına və yeni bağçaların açılmasına gətirib çıxara bilər”.




