Yüksək təhsil haqqı müəyyən edən müəssisələrin qalib olmaq ehtimalı daha aşağı olacaq – Vəfa Yaqublu
“Cari ildə maliyyələşmə modeli çərçivəsində 8 000 uşağın məktəbəqədər təhsilə cəlb olunması nəzərdə tutulur”
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini Vəfa Yaqublu jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, qiymətləndirmə zamanı əsas meyarlardan biri müəssisənin maliyyə səmərəliliyidir:"Bu meyar yüksək bal çəkisinə malikdir və müəssisənin standart xidmətləri hansı məbləğə təklif etməsi nəzərə alınacaq. Buna görə də həddindən artıq yüksək təhsil haqqı müəyyən edən müəssisələrin qalib olmaq ehtimalı daha aşağı olacaq. Valideynlərə də elanları diqqətlə izləmələri və qaliblər açıqlandıqdan sonra özlərinə uyğun müəssisələri seçmələri tövsiyə olunub".
Vəfa Yaqublu qeyd edib ki, uşaq başqa bağçaya keçərsə, yeni namizəd kimi qiymətləndiriləcək və həmin boş yerlər də müsabiqəyə çıxarılacaq: “Ola bilər ki, hər hansı bir məktəbəqədər təhsil müəssisəsi müqavilə imzalasın, sonra imtina etsin. Bu zaman o siyahıdan çıxarılır və oradakı uşaqlara təklif edilir ki, növbədə olan digər özəl məktəbəqədər təhsil müəssisəsini seçsinlər”.




