Yeni təmayül tədris modeli üzrə müəllimlərin seçimi davam edir
Yeni təmayül tədris modeli tətbiq olunan ümumtəhsil müəssisələrində çalışmaq istəyən müəllimlərin müsahibəsi davam edir.
BŞTİ-dən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, ilkin mərhələdə müsahibələrə yeni təmayül tədris modelinin tətbiq olunduğu ümumtəhsil müəssisələrində fəaliyyət göstərən müəllimlər SMS vasitəsilə dəvət olunur. Hazırda Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, tarix, coğrafiya, ingilis dili, fizika, kimya, biologiya və informatika fənləri üzrə müəllimlərin müsahibələri keçirilir.
Müsahibələr zamanı namizədlərin peşəkar bilik və bacarıqları, pedaqoji fəaliyyət göstəriciləri, eləcə də tədrisin keyfiyyətinə təsir edən digər meyarlar üzrə səriştələri müvafiq komissiyalar tərəfindən qiymətləndirilir.
Müsahibədə uğur qazanan müəllimlərə SMS vasitəsilə bildiriş göndəriləcək.
Qeyd edək ki, BŞTİ-nin tabeliyində fəaliyyət göstərən tam orta ümumtəhsil müəssisələrinin X-XI sinifləri üçün nəzərdə tutulan yeni təmayül tədris modeli üzrə şagird və müəllimlərin qeydiyyat prosesi də davam edir. Hazırki dövrədək qabaqcıl pedaqoji təcrübəyə malik 5000-dən çox müəllim müsahibə mərhələsində iştirak üçün müraciət edib.
Xatırladaq ki, yeni təmayül tədris modeli tam orta təhsil səviyyəsində məktəbin akademik rolunun gücləndirilməsinə, şagirdlərin ali təhsilə hazırlığının məktəb daxilində daha səmərəli təşkilinə, onların maraq və qabiliyyətlərinə uyğun istiqamətlər üzrə inkişafının dəstəklənməsinə xidmət edir.




