Zaur İsayev: Yeni dərsliklər şagirdlərin milli dəyərləri mənimsəməsinə kömək edir

11 Fevral, 2026 - 16:46
Zaur İsayev: Yeni dərsliklər şagirdlərin milli dəyərləri mənimsəməsinə kömək edir

“Dərsliklərin effektivliyi ilə bağlı müxtəlif suallar səsləndirilir. Bu məsələdə əsas məqsəd şagirdlərin yalnız nəzəri bilik əldə etməsi deyil, həm də onların milli dəyərləri, tarix və mədəniyyəti dərindən mənimsəməsidir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Təhsil TV-də yayımlanan “Təhsil saatı" verilişində Təhsil İnstitutunun Tədris Resursları Mərkəzinin direktoru Zaur İsayev deyib.

Onun sözlərinə görə, son illərdə bir sıra fənlər üzrə dərsliklər yenidən işlənib, texnologiyalara uyğunlaşdırılmış yeni resurslar yaradılıb. Bu dərsliklər təkmilləşdirmə prosesindədir və zamanla daha da inkişaf etdiriləcək.

Zaur İsayev qeyd edib ki, yeni dərsliklər şagirdlərin milli dəyərləri mənimsəməsinə kömək edir. Xüsusilə musiqi, təsviri incəsənət, tarix kimi fənlər milli kimliyin formalaşmasında mühüm rol oynayır. Bu fənlər şagirdlərdə milli dəyərlərin, mədəni irsin və estetik zövqün formalaşmasına xidmət edir.

Direktor əlavə edib ki, musiqi fənninin tədrisi şagirdlərdə musiqi duyumunun inkişafına, müxtəlif janrların fərqləndirilməsinə və milli musiqi irsinin tanıdılmasına kömək edir. 

O vurğulayıb ki, Azərbaycan musiqisi və ümumilikdə incəsənət sahələri milli kimliyin əsas tərkib hissələrindən biridir və bu istiqamətdə aparılan yeniliklər tədrisin keyfiyyətinin artırılmasına xidmət edir.