Zəfər ürəyimdə ağrı-acı ilə yoğrulmuş qürurdur – Şəhid anası

8 Noyabr, 2025 - 11:32
Zəfər ürəyimdə ağrı-acı ilə yoğrulmuş qürurdur

44 günlük Vətən müharibəsinin səsi hələ də bu torpağın dağlarında, sularında, insanların qəlbində yaşayır. Hər ilin noyabrında bu səs bir daha ucalır. Zəfər Günü bizə həmin o müqəddəs səfərin, şəhidlərimizin canı bahasına yazılmış tariximizin simvoludur.

Bu qələbəni bizə bəxş edənlərin sırasında Vətən müharibəsi Qəhrəmanı, baş leytenant Valeh Vahid oğlu Bədəlov da var – Zaqatalanın Aşağı Tala kəndindən çıxan qəhrəman oğul, Aprel döyüşlərinin iştirakçısı, İkinci Qarabağ müharibəsinin şəhid komandiri.

“Azərbaycan müəllimi” olaraq Zəfər Günü ərəfəsində onun anası - həm şəhid anası, həm də fədakar müəllim Südabə Qazıyeva ilə həmsöhbət olduq.

O danışır, səsi bir ananın səsi kimi titrək, amma içindəki vüqar dəmir kimi möhkəmdir.

“Zəfər mənim ürəyimdə ağrı-acı ilə yoğrulmuş qürurdur”

Südabə ana söhbətə bu sözlərlə başlayır: 

“Zəfər sözü mənim ürəyimdə ağrı-acı ilə yoğrulmuş qürur hissi oyadır. İlk olaraq oğlumu, onun şəhid və qazi yoldaşlarını, başı bəlalar çəkmiş xalqımı, yurdumu, artıq bütövləşmiş Azərbaycanı xatırlayıram”.

Valeh 1990-cı il oktyabrın 10-da Aşağı Tala kəndində doğulub. 
1996–2007-ci illərdə doğma kənd tam orta məktəbində oxuyub, daha sonra Qafqaz Universitetinin Filologiya fakültəsində təhsil alıb. Təhsilini “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisası üzrə başa vurub.
Bir müəllimin oğlu idi, tale onu həm elm, həm də Vətən sevgisinin içində böyütdü.

“Valeh uşaqlıqdan kitabsevər idi” - deyir Südabə ana.  “Oxuduqlarından, gördüklərindən təsirlənirdi. Hər zaman deyirdi ki, ana, torpağı qorumaq hər kişinin borcudur”.

“O, “İrəli!” yox, “Ardımca!” deyirdi”

Valeh 2012-ci ildə hərbi xidmətə çağırılıb, 2015-ci ildən Xüsusi Təyinatlı Qüvvələrin sıralarında xidmət edib. 2016-cı ilin Aprel döyüşlərində iştirak edib, 2017-ci ildə Türkiyədə komando kurslarını bitirib.
2018-ci ildə Azərbaycan Ordusunun 100 illiyi münasibətilə keçirilən hərbi paradda, 2019-cu ildə isə Bakının azad edilməsinin 100 illiyinə həsr olunan paradda iştirak edib.

Anası həmin illəri belə xatırlayır:

“Oğlum hərbi xidməti dövründə də savadı, bacarığı, ləyaqəti ilə komandanlığın rəğbətini qazanmışdı. İki dəfə hərbi parad iştirakçısı olub. 44 günlük müharibədə kəşfiyyatçı qrup komandiri kimi düşmən arxasında tapşırıqları yerinə yetirirdi. Əsgərlərinə “İrəli!” yox, “Ardımca!”  deyirdi. Özünü tabeliyindəkilərə sipər etdi və elə o zaman da şəhid oldu”.

Valeh Bədəlov 2020-ci il oktyabrın 7-də Cəbrayılın azadlığı uğrunda döyüşdə şəhid olub. Doğma Aşağı Tala kəndində torpağa tapşırılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə Valeh ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib. Bu adlar təkcə medallarda yox, bir xalqın yaddaşında həkk olundu. Südabə ana danışarkən sözlərə ehtiyac qalmırdı. Mən onun gözlərində həm ağrını, həm də Zəfərin gur işığını gördüm. 

“Biz məğrur dayanmalıyıq, düşmən göz yaşımızı görməməlidir”

Südabə Qazıyeva indi Zaqatalanın Aşağı Tala kənd tam orta məktəbində çalışır. O, müəllim kürsüsündə də Vətən sevgisini tərənnüm edir.

Sertifikasiyada 59 bal toplayaraq bölgənin ən yüksək nəticələrindən birini göstərib. “Müharibədə övladımı itirmək mənim həyatımın ən faciəli dövrü olaraq qalacaq. Amma mən özümü toplamalı idim. İmtahana hazırlaşmalı, işimə davam etməliydim. Mənim üçün təsadüf yoxdur, hər şey zəhmətin bəhrəsidir”.

O, dərslərində şəhidlərdən danışmağın necə ağır, amma vacib olduğunu da gizlətmir: 
“Şəhid anası kimi dərsdə şəhidlərdən danışmaq mənim üçün ağırdır. Amma bu mənim borcumdur. Şagirdlərimə başımıza gələn bəlalardan və onları bir daha yaşamamaq üçün nə etməli olduğumuzu danışıram. Qələbəni qazanmaq çətindir, amma onu qorumaq daha çətin və vacibdir”.

“Peşənizi sevin – ölkənin gələcəyi sizin əlinizdədir”

“Mən məsuliyyətli insanam. Gənc nəslin tərbiyəsi qədər məsuliyyətli ikinci peşə tanımıram. Gənc müəllimlərə deyirəm: peşənizi sevin, ölkənin gələcəyi sizin və yetişdirdiyiniz insanların əllərindədir”.

Südabə ana bu gün də sinif otağında həm müəllim, həm ana, həm də şəhidlərin səsini daşıyan bir simadır. Onun qüruru Vətən qədər uca, ağrısı Vətən qədər dərin, inamı isə Vətən qədər əbədidir.

Zəfərin işığı

Söhbətin sonunda Südabə ana sükutla pəncərədən baxır. Sanki o baxışda həm 10 oktyabr 1990-da doğulan bir uşağın gülüşü, həm də 7 oktyabr 2020-də şəhid olan bir qəhrəmanın ruhu var.

Sonra dərin bir nəfəs alır və deyir:
“Biz məğrur dayanmalıyıq. Xalqımızın birliyi, ordumuzun gücü, şəhidlərimizin ruhu bu torpağın əbədiyyətidir”.

“Bu torpaq şəhidin canı ilə yaşar,
Qanla yazılmışdı Vətənin zəfəri.
Yel əsər, dağ dinər, səma ucalar,
Mən Azərbaycanam – məğrur, yenilməz diyar!”

Biz bu torpağın hər şəhidinə borcluyuq. Onların anası kimi fədakar, müəllim kimi sədaqətli, vətəndaş kimi məğrur insanlarla xalqımız heç vaxt sınmayacaq. Çünki Südabə Qazıyeva kimi analar Azərbaycan qadınının, Azərbaycan müəlliminin və Azərbaycan millətinin simvoludur.