Zəfərin səsi – Qürur günümüz
Tarix boyu vətənim Azərbaycanın savaş meydanlarında son nəfəsinə qədər mübarizəsi qalibiyyət rəmzi olmuşdur.
Mühafizəkar Azərbaycan oğlu döyüş ruhu və sədaqətilə dünyanı heyran qoymuşdur. Namusuna toxunmaq istəyənə qarşı sel qəzəbli əsgərə çevrilən xalqım, bir ölüb min dirilmiş, yurduna girənləri peşman etməklə düşmənə yerini göstərmişdir. Çünki qədim tarixi mədəniyyəti, milli-mənəvi zənginliyi ilə seçilən Azərbaycan xalqı qədərinə yazılan mübarizəni daim haqq və ədalət üçün aparmışdır.
Qarabağ və ətraf rayonlar beynəlxalq səviyyədə Azərbaycanın ərazisi kimi tanınmasına başmayaraq 1990 cı illərdə işğal olunmuş torpaqlarımızın geri qaytarılması yolunda illərdir Minsk Qrupu və digər tərəfdaşlar vasitəsilə aparılan siyasi danışıqlarda icraedici həll əldə olunmadı. Vətən müharibəsi qaçılmaz oldu. Bu müharibə ədalətin bərpasını, xalqımızın əzmini və milli birliyini dünyaya göstərən şanlı tarixə çevrildi.
2020-ci ilin payızında Ermənistan tərəfindən atəşkəsin pozulması uzaqgörən siyasəti və qətiyyətli rəhbəri, vətənin nəfəsi, xalqın dayağı, ölkəmin prezidenti İlham Əliyevin və Azərbaycanın polad ürəkli, azadlıq keşikçisi ordusunu əks-hücum əməliyyatlarına başlamağa vadar etdi və bayrağın kölgəsində duran, daşda iz qoyan, haqqı qoruyan, döyüşçü əsgəri sayəsində Azərbaycan xalqı uzun illər həsrətində olduğu Zəfəri qazandı. Bəli, II Qarabağ müharibəsi nəticəsində 30 il sonra tarixi torpaqlarımız işğaldan azad olundu və bir millətin birliyinin, mərdliyinin və inamının rəmzi kimi həkk olunan 8 Noyabr – Zəfər Günü bizim yaddaşımıza qələbə sevinci, milli ruhumuzun yenidən dirçəlişi ilə həkk olundu.
Mən deyərdim ki, 8 Noyabr – Zəfər Günü ümummilli lider Heydər Əliyevin siyasi irsinin və uzaqgörən dövlətçilik strategiyasının parlaq təcəssümüdür. Beləliklə, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinə zəmin yaradan siyasətin bəhrəsi hesab etdiyim 8 Noyabr tariximiz yalnız birbaşa igid Azərbaycan əsgərinin qəhrəmanlığı ilə deyil, həm də Heydər Əliyev irsinin zəmanət verdiyi güclü dövlətin nəticəsi olaraq tarixə düşmüşdür.
İlk addımlarımı, sevinclərimi, qorxularımı paylaşdığım, 8 yaşımda doğma Qarabağdan məcbur çıxan, xatirəsilə o torpaqda hələ də uşaq qalan bir qadın kimi, gənc nəslin vətənpərvər ruhda böyüməsində əməyi olan Azərbaycan müəllimi kimi, illərdir xaricdə verdiyim təlim və seminarlarda torpağının qəsb olunmasından utanc duyan bir ziyalı kimi çox şükür, mən də bu qürurlu tarixi ölmədən öncə yaşadım.
Xudayarın “Vətən yaxşıdır” ifasında, əsgərin ön cəbhəyə gedərkən yolda maşını saxladıb, ruhundakı mahnının ritmilə son rəqsini etməsində, 30 yaşlı Azərbaycan qızına ümid verərək “Gözlə, 30 ildir alınmayan Qarabağı alandan sonra qayıdıb səni özüm alacam, vətən qızı!” deyən şərəf mücəmməsi əsgərin sözlərində, ata olmadan şəhid olan əsgərlərimizin həyat yoldaşına “övladım doğulanda mənim adımı ver” mesajında şəhidlərimizi hər hüceyrəmə qədər duyan vətənpərvər azərbaycanlı kimi müharibəni hər anı ilə hiss etdim, yaşadım.
O günlərdə riyaziyyat dərsi verdiyim şagirdlərimin hər biri gözümün qabağında bir əsgər oldu və bizim ordumuz sinif otaqlarında, biliklərin yarışında silahlandı.
Bəli, İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan adlı ölkə və dünyanın hər yerində yaşayan azərbaycanlılar bir “cəbhədə” - həm də informasiya və kiberməkan mübarizəsində birləşərək, milli həmrəyliyin, texnoloji bacarığın və vətənə sədaqətin parlaq nümunəsini yaratdılar.
Xalqım, ata vəsiyyətini uğurla yerinə yetirən müdrik və qətiyyətli Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bir yumruq kimi birləşdi, tarix yazan Prezidentinə olan inamı və sevgisi daha da gücləndi, dövlət birliyinin qüdrətini bütün dərinliyi ilə yaşadı.
Zəfərimizin səsi təkcə Cəbrayılda, Füzulidə və Şuşada deyil, dünya azərbaycanlılarının da qəlbində əbədi olaraq səsləndi və gələcək nəsillərə özgüvən, qüdrətli bir prezidentın rəhbərliyi ilə yaşama inamı, ölkənin gələcəyinə ümid verdi, illər boyu üzərimizə kölgə salan ədalətsizliklər üzərində qazanılan qələbə Azərbaycan insanını yenidən doğdu.
Ulu Öndər Heydər Əliyevin də dediyi kimi “Vətənini ən çox sevən – işini ən yaxşı görəndir.” fikrini əsas tutaraq bir rəhbər və təhsil işçisi kimi hesab edirəm ki, qələbəmiz gələcəyə daşıdığımız böyük bir məsuliyyətdir və hər bir vətəndaş bu zəfərin davamını öz əməli ilə yaşatmalıdır. Bu zəfər məndə bir müəllim kimi gələcək nəsilləri vətənə sədaqətlə, inamla və fədakarlıqla yetişdirmək əzmini birə min artırdı.
Azərbaycanımın hər yerində olduğu kimi fəaliyyət göstərdiyim S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında da Zəfərin səsi bu gün yenə yüksəlir — şagirdlərin ifalarında, müəllimlərin qürurla dalğalandırdığı bayraqda, şəhid analarının məğrur baxışında. Hər evdə, hər ürəkdə bu səsin adı birdir: Qürur!
8 Noyabr – torpağı vətənə çevirən şəhidlərimizin qanı ilə yazılmış, xalqımızın birliyini və qürurunu əbədiləşdirən gündür; çünki Prezident İlham Əliyevin dediyi kimi: "Biz bu Zəfəri birlik, iradə və Vətən sevgisi ilə qazandıq!
Hacıyeva Leyla Kamil qızı,
S.C.Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının təlim tərbiyə işləri üzrə direktor müavini, təlimçi, metodist, riyaziyyat müəllimi



