Zəhərlənən tələbələrin vəziyyətləri qənaətbəxşdir - AÇIQLAMA
Tovuz Dövlət Peşə Təhsili Mərkəzinin zəhərlənən tələbələrinin vəziyyətləri qənaətbəxş qiymətləndirilir.
TƏBİB-dən "Azərbaycan müəllimi"nin sorğusuna cavab olaraq bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 24.12.2024-cü il tarixində saat 15:00 radələrində Tovuz rayonunda zəhərlənmə şübhəsi ilə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub. 8 nəfər Tovuz Rayonu Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Onlara mədə-bağırsaq disfunksiyası diaqnozu təyin edilib və hər birinə zəruri tibbi xidmət göstərilib.
Tovuz Dövlət Peşə Təhsil Mərkəzinin məlumatına görə, zəhərlənənlər müəssisənin “Kompüterlərin təmiri və xidməti üzrə texnik” və “Dərzi” ixtisası qruplarının tələbələridir.
Belə ki, bu gün təhsil mərkəzində tənəffüs zamanı, təxminən saat 14:00 radələrində bir qrup tələbə yaxınlıqda yerləşən marketdən alınan tortdan zəhərləniblər.
Tələbə qızın halının pisləşməsi ilə liseyin işçiləri dərhal təcili tibbi yardım briqadası çağırıblar.
Tələbə hospitalizasiya olunduqdan sonra, digər 7 tələbə də özünü pis hiss edib.
Tələbələr Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, lazımi tibbi yardımlar göstərilib.



