10 universitetə qəbul olunan gənc: “Daim ən yaxşıya can atıram”
Bakı Ali Neft Məktəbinin (BANM) “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə məzunu Elmir Hacızadə ABŞ və Avropanın 10 universitetinin magistratura proqramlarına qəbul olunub. O, Karneqi Mellon Universitetinin "İnformasiya təhlükəsizliyi" və "İnformasiya təhlükəsizliyi siyasəti və menecment", London İmperial Kollecinin "Təhlükəsizlik və davamlılıq: elm və texnologiya", Kolumbiya Universitetinin "Süni intellekt" və Çikaqo Universitetinin "İctimai siyasət" proqramları üzrə təhsilini davam etdirə bilər. Onun qəbul olunduğu universitetlər siyahısında həmçinin Bristol və Birmingem universitetlərinin "Kibertəhlükəsizlik", Stokholm Universitetinin "İnformasiya təhlükəsizliyi" proqramları, eləcə də KU Leuven, Münster Universiteti və Tallin Texnologiya Universitetinin birgə həyata keçirdiyi "Dövlət sektorunda innovasiya və elektron hökumət" proqramı yer alır.
Maraqlıdır, Elmir seçimini edibmi, təhsilinə harada davam edəcək?
O, "Azərbaycan müəllimi"nə müsahibəsində həm bu, həm də uğurlarının bünövrəsini təşkil edən başqa önəmli seçimlərindən danışıb.
Uşaqlıqda kompüterlə oynayıb
Elmir Hacızadə uşaqlıqdan kompüterlərlə “oynayır”: “Evimizdə noutbuk və kompüter var idi, smartfonlar bu qədər geniş yayılmamışdı. Noutbukların parametrlərini araşdırır, kompüterlərin necə işlədiyini öyrənməyə çalışırdım. Məsələn, evdə vayfay şəbəkəsinin necə işləməsi, internetin mahiyyəti, məlumatların ötürülməsi kimi mövzularla bağlı ilkin biliklərim formalaşmışdı”.
Uğurların bünövrəsi məktəbdə qoyulub
Məktəb əlaçısı Elmir Hacızadə iddialıdır. Ona görə qarşısına qoyduğu hədəflər də böyük olub.
“Birinci ixtisas qrupu üzrə hazırlaşırdım, hədəfim bu qrupun ən parlaq universitetinin tələbəsi olmaq idi. Bakı Ali Neft Məktəbinin 2018-ci ildən qəbul aparılan “İnformasiya təhlükəsizliyi” ixtisası da, demək olar ki, hər il keçid balına görə lider mövqedə olub. Bu mövqeyi onu mənim üçün böyük hədəfə çevirdi. Xarakterim etibarilə daim ən yaxşı nəticəyə can atır, rəqabəti sevirəm”, - deyən Elmir məktəbi fərqlənmə ilə bitirib, qəbul imtahanlarında yüksək nəticə göstərib.
Fəal tələbəlik: “Əsas məsələ yalnız yüksək bal toplamaq deyil”
BANM-ə 656 balla daxil olan E.Hacızadə üçün bu, qarşısına qoyduğu əsas hədəflərdən biri idi. O, ölkənin ən nüfuzlu ali təhsil müəssisələrindən birinin ən yüksək reytinqli ixtisaslarından birinə qəbul olunmuşdu: “Lakin mənim üçün qəbul olmaq son məqsəd deyildi. Çünki universitetdə məndən daha yüksək bal toplayan tələbələr vardı. Əsas məsələ yalnız yüksək bal toplamaq deyil, ömürboyu öyrənmək, daim öz üzərində işləmək və inkişaf etməkdir. İnformasiya təhlükəsizliyi daim dəyişən və yenilənən bir istiqamətdir. Bu sahədə “ömürboyu öyrənmə” anlayışı çox vacibdir”.
Odur ki, universitetə qəbul olunduğu gündən bir sıra beynəlxalq və yerli layihələrdə iştirak edib. O, Almaniyanın Münhen şəhərində keçirilən “Beynəlxalq gənclər görüşü”ndə "Mannheimer" təqaüdünün dünyada yeganə qalibi seçilib. "Huawei Seeds for the Future" proqramında ölkəni təmsil edən "Lumio" komandasının tərkibində "Ən aktiv komanda" mükafatına layiq görülüb. O, Beynəlxalq Astronavtika Konqresində kiberinsidentlərin idarəolunması mövzusunda elmi iş təqdim etmək üçün dəvət alıb, MIT Siyasət Hakatonunda uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinə dair kiber siyasət həlləri təqdim edib və "NASA Human Exploration Rover Challenge" müsabiqəsində BANM-in ilk komandasının üzvü olub. Oksford Universitetinin "Hökumətdə süni intellekt və rəqəmsal transformasiya" sertifikatını əldə edən tələbə bp və "Prosol" şirkətlərinin birgə kibertəhlükəsizlik təqaüdünə, həmçinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Technest” təqaüdünə layiq görülüb.
“Uşaqlıqdan ünsiyyətciləm”
Təkcə texniki biliklərə fokuslanmadığını deyən Elmirin sözlərinə görə, komandada işləmək, liderlik, kommunikasiya və başqa yumşaq bacarıqlarını da inkişaf etdirib: “Hesab edirəm ki, bu istiqamətdə kifayət qədər yaxşı nəticələr əldə etmişəm”.
Belə hesab eləməsi üçün tutarlı əsasları var. Məsələn, “TEKNOFEST 2025” yarışmasının “Psixologiyada texnologiyanın tətbiqi” kateqoriyasında E.Hacızadənin kapitanı olduğu “Lumio” startap komandası “Ən yaxşı təqdimat mükafatı”nı qazanıb. O, həmçinin “HackTheBox University CTF” yarışmasında BANM komandasının heyətində 1128-dən çox komanda arasında 21-ci yeri tutub.
Universitetdaxili sosial fəaliyyətlər çərçivəsində BANM-in BMT Modeli Klubunun əsasını qoyub və ali məktəbdə ilk beynəlxalq BMT Modeli simulyasiya konfransını təşkil edib. Eyni zamanda "Google” tərəfindən seçilərək BANM-də "Google Developer Student Club"un təsisçilərindən biri olub.
Elmir deyir ki, uşaqlıqdan inkişaf edən üstünlüklərindən biri də məhz sosial olmasıdır: “Adətən insanlar düşünürlər ki, İT sahəsində çalışan şəxslər ünsiyyətdən qaçırlar. Mən uşaqlıqdan ünsiyyətciləm. Universitetdə müşahidə etdim ki, yüksək akademik nəticələr əldə edən bəzi tələbələrin sosial bacarıqları, insanlarla işləmək, kommunikasiya qurmaq və komanda fəaliyyətində iştirak etmək kimi istiqamətlərdə müəyyən çatışmazlıqları olur. Birinci kursdan etibarən universitetin tələbə klublarında aktiv iştirak etdim. Birinci kursda oxuyanda iştirakçısı olduğum Beynəlxalq Əməkdaşlıq və Mətbuat Fondunun sosial fəal tələbələr üçün həyata keçirdiyi layihə çərçivəsində müxtəlif dövlət qurumlarında təşkil edilən görüşlərə qatıldım. Nazir müavinləri və digər yüksək vəzifəli şəxslərlə görüşlərdə onların təcrübələrini dinləmək və öz hədəflərimi onlarla bölüşmək imkanım oldu. Universitetə yeni qəbul olunmuş bir tələbə üçün bu, olduqca dəyərli təcrübə idi. Uğurlu insanların tövsiyələri və həyat yolu mənim üçün istiqamətverici rol oynadı. Həmin layihələrdə iştirak edən tələbələrin əksəriyyəti humanitar və ya sosial sahələri təmsil edirdi deyə “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə təhsil alan tələbə kimi orda da fərqlənirdim”.
O, artıq iş həyatına atılıb
Tələbəlik illərindən kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən E.Hacızadə Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində təcrübə keçib. Hazırda "Cyber On" şirkətində kibertəhlükəsizlik üzrə mütəxəssis vəzifəsində çalışır və 2 ilə yaxın peşəkar iş təcrübəsinə malikdir.
İnformasiya təhlükəsizliyi üzrə mütəxəssisin şeirə, ədəbiyyata sevgisi də güclüdür
Birinci ixtisas qrupu üzrə hazırlaşmağıma baxmayaraq, humanitar sahələrə böyük marağı olub: “Tarixə, ədəbiyyata xüsusi maraq göstərmişəm. Texniki fənlərlə yanaşı, tarix mövzusunda araşdırmalar aparmaq, roman və povestlər oxumaq bu gün də davam etdirdiyim sevimli məşğuliyyətlərdəndir. 10 yaşımdan bəri şeir yazıram. Azərbaycan dili və ədəbiyyatı üzrə olimpiadalarda da iştirak etmişəm və yarımfinal mərhələsinə qədər yüksəlmişəm”.
“Uğur həm də öyrəndiklərini başqaları ilə bölüşmək, cəmiyyətə fayda vermək və öz inkişafını insanlara xidmətlə birləşdirə bilməkdir”
Deyir ki, insan, sadəcə kompüter qarşısında oturub akademik nailiyyətlər qazanmaqla kifayətlənməməlidir: “Özümü həm peşəkar, həm də şəxsiyyət kimi inkişaf etdirməliyəm. Çünki insanın idealları və arzuları daim inkişaf edir. Mən fərqlənmək, faydalı olmaq istəyirəm. Bunun üçün də tələbəlikdən çalışıram. Mənim üçün uğur yalnız universitetə qəbul olmaq və ya yüksək nəticələr əldə etməklə məhdudlaşmayıb. Uğur həm də öyrəndiklərini başqaları ilə bölüşmək, cəmiyyətə fayda vermək və öz inkişafını insanlara xidmətlə birləşdirməkdir”.
Uğurunun açarı nədir?
Elmir eyni vaxtda 10 universitetin ona müsbət cavab verməyini belə izah edir: “Hesab edirəm ki, məqsədlərimin aydın olması və özünəinamım dünyanın müxtəlif nüfuzlu universitetlərindən qəbul təklifi almağımda mühüm rol oynayıb. Bundan əlavə, bütün bunları müraciət prosesində düzgün şəkildə ifadə edə bilməyim də vacib amillərdəndir. Universitetlərə müraciət edərkən Azərbaycanda kibertəhlükəsizlik, informasiya təhlükəsizliyi və süni intellekt sahələrinin inkişaf perspektivlərini araşdırdım. Təkcə informasiya təhlükəsizliyi sahəsini deyil, həmçinin süni intellektin inkişafı, rəqəmsal transformasiya prosesləri, texnologiyaların gələcəyi və onların Azərbaycan üçün yaratdığı imkanları təhlil etdim. Eyni zamanda, Azərbaycanın beynəlxalq kibertəhlükəsizlik reytinqlərində mövqeyi, bu sahədə əldə olunan nailiyyətləri və inkişaf göstəricilərini izlədim. Ölkədə qəbul olunan kibertəhlükəsizlik, süni intellekt strategiyaları, rəqəmsallaşma proqramları və digər dövlət təşəbbüsləri ilə tanış olurdum. Bu istiqamətdə qəbul edilmiş strateji sənədləri, dövlət proqramlarını və ölkə rəhbərinin çıxışlarını öyrəndim. Bütün bunlar mənə həm gələcək hədəflərimi daha aydın müəyyənləşdirməyə, həm də universitetlərə müraciət edərkən məqsədlərimi əsaslandırmağa imkan verdi”.
Niyə xarici universitetdə davam etmək istəyir?
Xaricdə təhsil almaq istəyini isə belə əsaslandırır: “Mən bunu öncə özüm üçün əsaslandırdım. Özümə belə bir sual verdim: “Niyə xaricdə təhsil almalıyam? Bu təhsillə hansı bilikləri əldə etməliyəm ki, sonradan Azərbaycana faydalı ola bilim?” Artıq bu sualların cavabını qətiləşdirmişəm. Məqsədim dünyanın qabaqcıl universitetlərində əldə etdiyim bilik və təcrübələri Azərbaycana gətirmək, ölkənin informasiya təhlükəsizliyi ekosisteminin inkişafına töhfə verməkdir. Hazırda da fəaliyyətimi davam etdirirəm və qarşıma qoyduğum yeni hədəflər üzərində çalışıram”.
Qarşısına qoyduğu yeni hədəf "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" ilə ABŞ-də təhsil almaqdır. O, "İnformasiya təhlükəsizliyi siyasəti və Menecment" ixtisası üzrə Amerikanın Karneqi Mellon Universitetində təhsil alacaq: “Əsas məqsədim dövlət proqramı çərçivəsində təhsilimi başa vurub Azərbaycana qayıtmaqdır. Düşünürəm ki, dövlət proqramı ilə xaricdə təhsil sayəsində əldə etdiyim bilik və bacarığı kritik informasiya infrastrukturlarının təhlükəsizliyinin, ümumilikdə ölkəmizin informasiya təhlükəsizliyi sisteminə inkişafa yönəltməkdir. Məhz bu məqsədlə dövlət proqramının təqaüdçüsü kimi Karneqi Mellon Universitetində təhsilimi davam etdirəcəyəm. Çünki bu universitet informasiya təhlükəsizliyi sahəsində dünyada qlobal liderlerden hesab edilir. Mən də ixtisasımı həm də liderlik və idarəetmə tədris edildiyi üçün seçdim. Keçilən fənlər, universitetin genis tədqiqat imkanlarını nəzərə alıb Karneqi Mellon Universitetinin tələbəsi olmağa qərar verdim”.
Elmdə də izini qoymaq istəyir
Seçdiyi universitetdə tədqiqat imkanlarını nəzərə alan müsahibimiz elmdə də iz qoymağa qərarlıdır. Bu istiqamətdə artıq addımlar atır: “Süni intellekt və sentiment analizinə həsr olunmuş elmi məqaləmin beynəlxalq nəşrdə çap olunması nəzərdə tutulur. Eyni zamanda Türkiyənin Antalya şəhərində keçiriləcək beynəlxalq tədbirə dəvət almışam. Beynəlxalq indeksli elmi jurnallarda məqalələrimin nəşri istiqamətində ardıcıl fəaliyyət göstərirəm”.
Universitetlər onu seçib, çünki...
Elmir Hacızadə hələ çox gəncdir, amma indidən geriyə dönüb keçdiyi yola baxıb qiymət verir, nəticə çıxarır. Öz seçimlərini əsaslandırdığı kimi, niyə seçildiyini də bilir: “Ümumilikdə geriyə dönüb baxdıqda düşünürəm ki, aydın hədəflərimin olması, güclü motivasiyam, daim hərəkətdə olmağım və öz üzərimdə işləməyim məni həmişə fərqləndirib. Dünyanın nüfuzlu universitetlərinə hər il minlərlə insan müraciət edir. Lakin həmin universitetlər məhdud sayda tələbə seçirlər. Məncə, seçilənlər sırasında yer almağımın əsas səbəblərindən biri məhz məqsədlərimin aydın olmağı və bu məqsədlərə doğru ardıcıl şəkildə irəliləməyimdir”.




