100 mindən çox abituriyent qeydiyyatdan keçib – DİM

27 Fevral, 2026 - 10:46
100 mindən çox abituriyent qeydiyyatdan keçib

Ali təhsil müəssisələrinə, həmçinin tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 2026-cı il fevralın 18-də başlanıb və 5 mart tarixinədək davam edəcək.

Dövlət İmtahan Mərkəzindən "Azərbaycan müəllimi"nə verilən məlumata əsasən, qeydiyyatdan keçən abituriyentlərin sayı 104 066 nəfərdir. 

Ali təhsil müəssisələri üzrə (ümumi) 102 013 nəfər (Azərbaycan bölməsi – 93 502 nəfər, rus bölməsi – 10 564 nəfər), kolleclər üzrə (tam 11 illik təhsil bazası) 94 137 nəfər (Azərbaycan bölməsi – 85 786 nəfər, rus bölməsi – 8 351 nəfər) qeydiyyatdan keçib. 

Ərizə qəbulunda həm cari, həm də əvvəlki illərin məzunları iştirak edirlər.

Ərizə qəbulundə iştirak edənlərin sayı ilə DİM-in saytında statistika bölməsində real vaxt rejimində tanış olmaq mümkündür.

Ali təhsil və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən bütün abituriyentlər Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az səhifə­sin­də “Şəxsi kabinet” yaratdıqdan sonra (şəxsi kabineti olmayanlar), onun istifadəçi adı və şifrəsindən istifadə etmək­lə DİM-in mü­va­fiq internet səhifəsinə daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər (etdirirlər).

Ali təhsil müəssisələrinə ərizə qəbulu ilə bağlı ətraflı məlumat və SQK-ların ünvanları ilə elanın geniş mətnində tanış ola bilərsiniz.

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elanı ilə buradan,  ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elanı ilə isə buradan tanış ola bilərsiniz.