1693 region məktəbi şəhid adını daşıyır

17 Fevral, 2026 - 16:56
1693 region məktəbi şəhid adını daşıyır

Şəhid adlarının əbədiləşdirilməsi dövlətlə cəmiyyətin ortaq məsuliyyətidir. Vətən uğrunda canlarından keçən qəhrəmanların xatirəsi xalqın qəlbində əbədi yaşayır. Bu əbədiliyin ən parlaq nümunələrindən biri də şəhidlərin adlarının məktəblərə, küçələrə və müxtəlif ictimai məkanlara verilməsidir.

Bu, milli yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi üçün çox vacibdir. Azərbaycan dövləti şəhidlərin xatirəsinin yaşadılması istiqamətində ardıcıl və sistemli addımlar atır. Bu, dövlət siyasətinin prioritetlərindəndir.

Azərbaycan Prezidenti İlham Əliyev bu məsələyə xüsusi həssaslıqla yanaşır. Onun fəaliyyətində, həmçinin çıxışlarında şəhid ailələrinə diqqət və qayğı hər zaman ön planda dayanır. Vətən Şəhidlərin, Şəhidlər də Vətənin əmanətidir.

"Azərbaycan müəllimi" xəbər verir ki, Modern.az saytı Regional Təhsil idarələri (RTİ) arasında sorğu keçirərək şəhid adı daşıyan məktəblərin statistikasını öyrənib. Araşdırma nəticəsində məlum olub ki, Bakı şəhəri və Naxçıvan ilə yanaşı, digər regionlarda yüzlərlə təhsil müəssisəsi qəhrəmanlarımızın adını daşıyır.

Regionlar üzrə rəqəmlərə nəzər salaq.

Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə 286 təhsil müəssisəsi Şəhid adını daşıyır. Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə bu rəqəm 117-dir.

Quba-Xaçmaz RTİ üzrə 181 məktəb, Qazax-Tovuz RTİ üzrə 175 təhsil ocağı Şəhidlərin adı ilə fəaliyyət göstərir.

Şərqi-Zəngəzur RTİ üzrə 75, Şəki-Zaqatala RTİ üzrə 125, Mərkəzi Aran RTİ üzrə 164 məktəb Şəhidlərin adını yaşadır.

Mil-Muğan RTİ üzrə 146, Abşeron-Xızı RTİ üzrə 24, Qarabağ RTİ üzrə 172 təhsil ocağına Şəhid adı verilib.

Dağlıq Şirvan RTİ üzrə 113, Gəncə-Daşkəsən RTİ üzrə isə 115 təhsil müəssisə Şəhidlərin adınadır.

Məktəbin şəhid adı daşıması şagirdlər üçün xüsusi məsuliyyətdir. Hər gün o məktəbin qapısından daxil olan şagird həmin adın ağırlığını hiss etməlidir. Bilməlidir ki, məktəbin adı Azərbaycanın şərəf tarixidir. Vətən uğrunda canlarından keçənlər məktəblilərin gələcəkdə güclü, savadlı və Vətəninə sadiq azərbaycanlı olmasını istəyirlər.