18 yaşında dünyanın ən gənc professoru oldu: İndi öz yaşıdlarına dərs deyir

30 İyul, 2026 - 11:06
18 yaşında dünyanın ən gənc professoru oldu:

Amerikalı Neytan Tomas cəmi 18 yaşında dünyanın ən gənc professoru ("youngest professor (male)" adına layiq görülərək Ginnesin Rekordlar Kitabına (Guinness World Records) düşüb.  

“Azərbaycan müəllimi” xəbər verir ki, o, vaxtilə təhsil aldığı “Miami Dade College”də mühəndislik tələbələrinə proqramlaşdırma fənnini tədris edir.

2023-cü ilin avqustunda N.Tomas Florida ştatındakı “Miami Dade College”də "COP 2270: C for Engineers" kursunu tədris etməyə başlayıb. Maraqlı məqamlardan biri də odur ki, onun auditoriyasındakı tələbələrin əksəriyyəti müəllimləri ilə eyni yaşda olub.

Neytanın təhsil yolu erkən yaşlardan başlayıb. O, cəmi 10 yaşında “Miami Dade College”də ikili təhsil proqramına qəbul olunub, 14 yaşında isə Florida Beynəlxalq Universitetinə keçib. Artıq 18 yaşına çatanda, yəni əksər gənclərin ali təhsilə yeni başladığı bir dövrdə, o artıq “Elektrik mühəndisliyi” ixtisası üzrə həm bakalavr, həm də magistr dərəcələrini fərqlənmə ilə başa vurub.

Neytan həmişə öyrənməyi sevib. Xüsusilə də STEM sahəsinə böyük maraq göstərib, çünki riyaziyyat onun üçün ən rahat başa düşdüyü fənn olub. Valideynləri də mühəndisdir və o deyir ki, hələ uşaq yaşlarından həmin düşüncə tərzi ilə böyüyüb, baxmayaraq ki, bunun onu necə formalaşdırdığını o vaxt anlamayıb. “Anam hətta çətin görünən mövzuları belə sadə izah etməyi bacarırdı. Düşünürəm ki, bunun mənə təsiri o zaman fərq etdiyimdən daha böyük olub".

18 yaşında “Miami Dade College”də professor kimi fəaliyyətə başlayan Neytan tarixdə ən gənc kişi professor rekordunu qazanıb. Bununla o, 19 yaşında professor olmuş şotlandiyalı riyaziyyatçı Kolin Maclaurinə (1698-1746) məxsus və 306 il qüvvədə qalan rekordu yeniləyib. 

N.Tomas bildirib ki, müəllimlikdə onun üçün ən böyük motivasiya tələbələrin mövzunu anladığı anı görməkdir: "Auditoriyada hamı eyni məqsədlə olur – öyrənmək üçün. Mən sadəcə işimi mümkün qədər yaxşı görməyə və tələbələrə bacardığım qədər kömək etməyə çalışıram. Yaş burada əsas rol oynamır. Mənim üçün vacib olan tələbənin öyrənmək istəyi və göstərdiyi səydir". 

Onun sözlərinə görə, müəllimlik yalnız bilik ötürmək deyil, eyni zamanda özünü inkişaf etdirmək üçün də əhəmiyyətli imkandır:  "Mənim üçün ən gözəl an tələbənin hansısa mövzunu birdən-birə başa düşdüyünü görməkdir. Bir neçə dəqiqə əvvəl mümkün görünməyən anlayışın qəfil aydınlaşmasını sanki canlı izləyirsən. Bu hiss, problemi özün həll etməkdən tamamilə fərqlidir. Sanki həmin sevinci başqa bir insan vasitəsilə yenidən yaşayırsan. Üstəlik, hansısa mövzunu başqasına öyrətmək onu daha dərindən anlamağa məcbur edir. Buna görə də mən müəllimlik edərkən tələbələr qədər, bəzən isə onlardan da çox şey öyrənirəm".

Hazırda Neytan Tomas onlayn dərslər keçməklə yanaşı, “University of Miami School of Law”da hüquq təhsili alır. O, 2028-ci ildə hüquq üzrə doktor (Juris doctor) dərəcəsini əldə etməyi planlaşdırır və gələcəkdə STEM sahəsinə yönəlmiş əqli mülkiyyət hüququ üzrə fəaliyyət göstərmək niyyətindədir.

O, “Guinness World Records”a deyib: "Mühəndislik mənə mürəkkəb problemləri sistemli şəkildə təhlil etməyi öyrətdi. Bu yanaşma indi hüquq fakültəsində də mənə çox kömək edir".

Gənc professor dərsdən kənar vaxtlarında idmanla məşğul olur və musiqi dinləməklə dincəlir. Basketbol, tennis və qolf oynamağı sevir, həmçinin Boston Celtics və New England Patriots komandalarına azarkeşlik edir. O, klassik pianoda ifa etməyi, musiqi dinləməyi çox sevir. 

O deyir: "Hədəf kənardan eyni görünsə də, hər insanın yolu fərqlidir. Öz inkişafını başqalarının həyat qrafiki ilə müqayisə etmək çox asandır. Amma bu, yalnız səni ləngidir və lazımsız düşüncələrə salır.  Məncə, ən doğru yol sənin üçün həqiqətən işləyən üsulu tapmaq və hətta irəliləyiş yavaş görünsə belə, ondan dönməməkdir. Nəticələr dərhal görünməyə bilər. Ancaq əgər davamlı çalışır və əziyyət çəkirsənsə, inanıram ki, zamanla onlar mütləq gələcək". 

Gənc professor hesab edir ki, hər kəs öz həyat yolunu başqaları ilə müqayisə etmədən, öz tempi ilə irəliləməlidir.

Mənbə: Guinness World Records (GWR)