2025-ci ildə Azərbaycan elmində hansı yenilik və nailiyyətlər qazanılıb?

29 Dekabr, 2025 - 14:58
2025-ci ildə Azərbaycan elmində hansı yenilik və nailiyyətlər qazanılıb?

2025-ci il yekunlaşarkən aydın görünür ki, bu il Azərbaycan üçün elm və təhsil sahəsində mühüm axtarışlar, institusional yenilənmələr və beynəlxalq əməkdaşlıqlar ilə yadda qalıb. Təhsil islahatları, elmi infrastrukturun modernləşdirilməsi, elmi müəssisələrin optimallaşdırılması, rəqəmsallaşma istiqamətində atılan addımlar ölkənin intellektual potensialına yeni dinamika qazandırıb. Lakin bu ümumi mənzərənin fonunda əsas sual dəyişmir: il ərzində alimlərimiz hansı elmi nəticələrə imza atıblar, elmi müəssisə və institutlarımız nə kimi uğurlar qazanıb, Azərbaycan elmi dünya elminə hansı yeniliklərlə inteqrasiya edib?

“Azərbaycan müəllimi” bu il elmi institutlarımızın əldə etdiyi nəticə və nailiyyətlərlə bağlı apardığı araşdırmanı təqdim edir.

2025-ci ildə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Elm və Təhsil Nazirliyinin Botanika İnstitutu elmi və beynəlxalq fəaliyyəti ilə seçilib. İl ərzində institut tərəfindən müxtəlif seminar və konfranslar təşkil olunub, Böyük Qayıdışa elmi dəstək məqsədilə Qarabağ florası üzrə tədqiqatlar genişləndirilib. Bu işlərin nəticəsi olaraq 802 səhifəlik “Qarabağ florası” fundamental nəşri hazırlanıb ki, bu da institutun 90 illik tarixində ilk belə genişmiqyaslı elmi əsərdir.

Nəşrdə Qarabağ və Şərqi Zəngəzur ərazisində yayılan minlərlə bitki və göbələk növü, nadir, endemik və relikt bitkilər sistemli şəkildə təqdim olunub. Bununla yanaşı, Qarabağın nadir və nəsli kəsilməkdə olan növlərinə, eləcə də dərman bitkilərinin istifadəsinə dair maarifləndirici nəşrlər hazırlanaraq yerli icmalara təqdim edilib.

İnstitut beynəlxalq əməkdaşlıqlarını da genişləndirib. İsveçrənin Milli Elm Fondunun dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində iki yeni – mikoloji və molekulyar bioloji laboratoriya yaradılıb və 2025-ci ildə istifadəyə verilib. Botanika İnstitutunun hazırda 21 beynəlxalq Anlaşma Memorandumu mövcuddur, onlardan ikisi məhz bu il imzalanıb.

2025-ci ildə akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu mövcud texniki-təsərrüfat çətinliklərinə baxmayaraq, elmi məhsuldarlığını qoruyub saxlayıb. Bildirilib ki, institut əməkdaşlarının nəşriyyat fəaliyyəti əvvəlki illərin səviyyəsindən geri qalmayıb, elmi-tədqiqat işləri davamlı şəkildə aparılıb. İl ərzində 20 ölkədən alimlərin iştirakı ilə beynəlxalq elmi-praktik konqres keçirilib ki, bu da institutun beynəlxalq elmi platformalardakı fəallığını göstərir.

Elm və təhsilin inteqrasiyası istiqamətində işlər də genişləndirilib, eyni zamanda institutun beynəlxalq elmi əlaqələri möhkəmləndirilib. Rusiya, Ukrayna, Belarus və Qazaxıstanın aparıcı elmi və tibb qurumları ilə fundamental və tətbiqi biotibbi tədqiqatlar, sağlamlığın qorunması, reabilitasiya, aktiv və sağlam uzunömürlülük, eləcə də müalicə-sağlamlıq turizmi və sanatoriya-kurort sahələrində əməkdaşlıq davam etdirilib.

İl ərzində institut əməkdaşlarının müəllifliyi ilə Avro-Asiya Patent Agentliyində üç patentin alınması elmi nəticələrin praktiki tətbiq potensialını əks etdirən mühüm göstərici kimi qiymətləndirmək olar.

2025-ci ildə Fizika İnstitutu elmi fəaliyyətini fundamental və tətbiqi tədqiqatların vəhdəti üzərində quraraq bir neçə prioritet istiqamətdə mühüm nəticələr əldə edib. İl ərzində aparılan araşdırmalar yeni funksional materialların yaradılması, alternativ və yaşıl enerji texnologiyaları, ətraf mühitin monitorinqi, yüksək həssas sensor sistemləri və sənaye üçün aktual fiziki problemlərin həllinə yönəlib. Xüsusilə karbon qazının faydalı maddələrə çevrilməsi, toksik qazların aşkarlanması, kiçik enerji mənbələri üçün yeni nəsil generatorların hazırlanması və enerji sistemlərinin dayanıqlılığının artırılması üzrə əldə olunan nəticələr elmin praktik tətbiq imkanlarını genişləndirib.

İnstitutun tədqiqatları real sektorun ehtiyacları ilə əlaqələndirilib. Su və tullantı sularının təmizlənməsi, neft-qaz obyektlərinin təhlükəsizliyinin artırılması, energetika avadanlıqlarının monitorinqi və bərpa olunan enerji mənbələrinin inteqrasiyası üzrə təklif olunan elmi yanaşmalar müvafiq qurumlar üçün tətbiqi perspektivi yaradır. Bu fəaliyyətlərin nəticəsi olaraq 2025-ci ildə institut tərəfindən 9 patent əldə edilib ki, bu da elmi yeniliklərin praktiki dəyərini göstərir.

Beynəlxalq əməkdaşlıqlar institutun fəaliyyətində xüsusi yer tutub. Pakistan, Türkiyə, Qazaxıstan, Rusiya və digər ölkələrin elmi və mühəndislik mərkəzləri ilə əməkdaşlıq memorandumları imzalanıb, elmi əlaqələr həm akademik, həm də sənaye tərəfdaşları ilə genişləndirilib. Fizika İnstitutunun əməkdaşları beynəlxalq konfranslarda fəal iştirak edib, institutda süni intellekt, yaşıl enerji və müasir texnologiyalar mövzusunda seminarlar təşkil olunub.

Elm və təhsilin inteqrasiyası da diqqət mərkəzində saxlanılıb. Ali təhsil müəssisələrinin tələbələri institutun laboratoriyalarında tədqiqatlara cəlb olunub, gənc alimlərin xarici elmi mərkəzlərdə təcrübə və layihələrdə iştirakı dəstəklənib. Bu yanaşma həm elmi kadr hazırlığını gücləndirib, həm də institutun elmi mühitini daha açıq və dinamik edib.

Ümumilikdə, Fizika İnstitutunun 2025-ci ildəki fəaliyyəti elmi yeniliklərin cəmiyyət və iqtisadiyyat üçün anlaşılan və faydalı nəticələrə çevrilməsi, beynəlxalq elmi mühitə inteqrasiya və gənc elmi potensialın inkişafı ilə səciyyələnib.

Zoologiya İnstitutunun 2025-ci ildə fəaliyyəti biomüxtəlifliyin qorunması, torpaq və su resurslarının tədqiqi, bərpası və səmərəli istifadəsi istiqamətində aparılmış elmi tədqiqatlarla səciyyələnib. İl ərzində institutun alimləri elm üçün yeni 6 otbiçən və 1 hörümçək növünü təsvir ediblər. Azərbaycan faunası üçün “Coleophoridae” fəsiləsindən 9 növ güvə, Karabidlər fəsiləsindən 2 böcək növü, “Pterophoridae” fəsiləsindən 3 barmaqqanadlı kəpənək 11 hörümçək, Qafqaz faunası üçün isə 2 hörümçək ilk dəfə qeydə alınıb.

İnstitut əməkdaşları həm yerli, həm də xarici qrant layihələrində uğur qazanıb, elmi fəaliyyətlərini beynəlxalq əməkdaşlıq çərçivəsində davam etdiriblər. Rusiya, Gürcüstan, Ukrayna və Almaniyanın aparıcı elmi mərkəzləri ilə əməkdaşlıq sazişləri qüvvədədir. 2025-ci ilin oktyabr-noyabr aylarında dosent Türkan Qurbanova Şimali Bohemiya Universitetində (Çexiya Respublikası) reptillərin bağırsaq parazitlərinin müasir molekulyar metodlarla tədqiqi layihəsi üzrə təcrübə keçmiş, dosent Elyanə Tahirova isə Çin Elmlər Akademiyasının beynəlxalq təlimində iştirak edərək su mühitində genetik identifikasiya və eDNA məlumatlarının təhlili sahəsində biliklərini genişləndirmişdir.

Riyaziyyat və Mexanika İnstitutunun 2025-ci ildə elmi fəaliyyəti həm fundamental, həm də tətbiqi tədqiqatlarla yadda qalıb. İl ərzində Elmi Şura tərəfindən 16 mövzu müzakirə olunub, ümumilikdə 87 elmi işdən 10-u mühüm nəticə kimi seçilib. Bu işlər harmonik və qeyri-harmonik analiz, diferensial tənliklərin spektral və keyfiyyət nəzəriyyəsi, optimal idarəetmə və deformasiya olunan bərk cisim mexanikası, çoxdəyişənli funksiyaların təhlili, eləcə də faza çevrilmələri və kütlə köçürülməsi məsələlərini əhatə edib.

Tətbiqi sahədə institutun Maye və qaz mexanikası şöbəsi karbohidrogen yataqlarının işlənməsi zamanı laylarda və quyudibi zonalarda kolmatant yığılmaları səbəbindən yaranan problemlərin aradan qaldırılması üzrə tədqiqatlar aparıb. Termoqazkimyəvi əsaslandırmalar əsasında suffoziyalı təmizləmə metodu təkmilləşdirilmiş və uğurla tətbiq olunaraq maye sərfinin gündə 0,5 m³-dan 4,3–4,7 m³-a qədər artması təmin edilib.

2025-ci ildə Etnogenetik Ehtiyatlar İnstitutu bitki genetik ehtiyatlarının mühafizəsi, qiymətləndirilməsi, seleksiyada istifadəsi və molekulyar-genetik tədqiqatlar sahəsində əhəmiyyətli nailiyyətlər əldə edib. İnstitutda həm fundamental, həm də tətbiqi tədqiqatlar aparılıb, nəticələr yüksək impakt faktorlu jurnallarda dərc olunub.

İnstitutun alimləri yerli və introduksiya olunmuş bitki sortlarının genetik müxtəlifliyini araşdıraraq onların biomorfoloji xüsusiyyətlərini, məhsuldarlığını və xəstəliklərə davamlılığını qiymətləndiriblər. Bu tədqiqatlar buğda, lobya, pambıq, soya, badam və vələmir kimi bitkiləri əhatə edib, təbii hibridizasiya və genetik variasiyanın seleksiya və təkamül baxımından əhəmiyyətini ortaya qoyub. Əldə olunan nəticələr genetik ehtiyatların qorunması, Milli Genbankın fəaliyyətinin gücləndirilməsi və nadir bitki növlərinin mühafizəsi üçün əsas təşkil edir.

Bundan əlavə, institut molekulyar-genetik tədqiqatlar apararaq insan xəstəlikləri, o cümlədən kolorektal və süd vəzi xərçəngi, həmçinin autizm spektr pozuntusu ilə əlaqəli genetik variantları müəyyən edib. Bu tədqiqatlar risk faktorlarının qiymətləndirilməsi və gələcək tədqiqatlar üçün dəyərli məlumatları təmin etmişdir.

İnstitut həmçinin toxum materiallarının emalı, zülal strukturlarının araşdırılması və genetik məlumatların qlobal mühafizəsi sahəsində innovativ yanaşmalar tətbiq edərək elmi nailiyyətlərini həm ölkə, həm də beynəlxalq səviyyədə tanıtmışdır.

2025-ci ildə İdarəetmə Sistemləri İnstitutunda süni intellekt, idarəetmə və sosial-iqtisadi sistemlərin tədqiqi sahəsində bir sıra elmi nailiyyətlər əldə olunub. İnstitutda həm fundamental, həm də tətbiqi tədqiqatlar aparılıb, 29 elmi nəticədən 11-i Elmi Şura tərəfindən təsdiqlənib.

Süni intellekt texnologiyaları sahəsində aparılan işlər çərçivəsində videokameradan obyektlərin avtomatik izlənməsini təmin edən alqoritmlər, çağrı mərkəzləri üçün ağıllı “Smart Bot Assistant” sistemləri, əkin sahələrinin məhsuldarlığının real vaxtda proqnozlaşdırılmasını təmin edən IoT platformaları hazırlanıb. Həmçinin şəhər əmlaklarının qiymətləndirilməsi və obyektlərin tanınması üçün yeni indekslər və intellektual kompüter sistemləri işlənib, kütləvi imtahanların nəticələrinin emalında alqoritmlər uğurla tətbiq olunub.

İdarəetmə sistemləri sahəsində xətti və qeyri-xətti dinamik sistemlərin modelləşdirilməsi, optimal idarəetmə və zonal idarəetmə yanaşmaları işlənib, eləcə də stoxastik və çoxnöqtəli sistemlər üçün yeni riyazi şərtlər və proqram təminatı hazırlanıb. Bu nailiyyətlər müxtəlif sahələrdə – karbohidrogen nəqli, kimyəvi-texnoloji proseslər və digər kompleks sistemlərdə qərar qəbul etmə proseslərinin optimallaşdırılmasına imkan verir.

Sosial-iqtisadi tədqiqatlar sahəsində Azərbaycan iqtisadiyyatının qeyri-müəyyənliyini ölçmək və proqnozlaşdırmaq üçün yeni modellər tətbiq olunub. COVID-19 pandemiyası, Rusiya-Ukrayna müharibəsi və iqlim dəyişikliklərinin iqtisadi göstəricilərə təsiri təhlil edilmiş və hazırlanmış alqoritmlər digər ölkələrin sosial-iqtisadi sistemlərinin qiymətləndirilməsində də istifadə oluna bilər.

Beləliklə, 2025-ci ildə institut praktiki tətbiqlər üçün innovativ texnologiyalar və alqoritmlər təqdim edərək ölkənin elm və texnologiya potensialını gücləndirib.

2025-ci ildə Geologiya və Geofizika İnstitutu ölkənin strateji proqramları və Prezident İlham Əliyevin sərəncamlarına uyğun olaraq, elmi fəaliyyətini uğurla davam etdirib. Tədqiqatlar müxtəlif mövzular və problemlər üzrə aparılıb, əsasən Qarabağ və Şərqi Zəngəzurun geologiyası, mineraloji və geokimyəvi xüsusiyyətləri, palçıq vulkanizmi və su resurslarının elmi təhlili sahələrini əhatə edib.

Əsas nailiyyətlər arasında Qarabağ və Şərqi Zəngəzurun geoloji quruluşuna dair müasir yanaşmanı təqdim edən ikicildli monoqrafiyanın nəşri, Böyük Qafqazın cənub yamacında bor filizləri və Vəndam strukturunda yeni polimetal filizləşmənin aşkar edilməsi, həmçinin palçıq vulkanları və mineral su mənbələrindən götürülmüş nümunələrin tibbi və elmi analizlərinin aparılması yer alır.

İnstitut həmçinin beynəlxalq əməkdaşlıq, qrant layihələri, innovativ və praktik tədqiqatlar, elm və təhsilin inteqrasiyası sahələrində də fəaliyyətini genişləndirib.

2025-ci ildə akademik Y.H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda elmi fəaliyyət həm kəmiyyət, həm də məzmun baxımından diqqətçəkən nəticələrlə yadda qalıb. İl ərzində institut əməkdaşları tərəfindən ümumilikdə 490 elmi iş nəşr olunub. Bunlara yerli və xarici jurnallarda çap edilmiş məqalələr, monoqrafiyalar, kitablar və beynəlxalq konfrans materialları daxildir.

İnstitutda aparılan tədqiqatlar innovativ nəticələrlə müşayiət olunub. 23 ixtiraya iddia sənədi 1 faydalı model hazırlanaraq Əqli Mülkiyyət Agentliyinə təqdim edilib, nəticədə 2 Avrasiya patenti 9 Azərbaycan patenti alınıb, 14 patent üzrə isə dərc qərarı verilib. Bu göstəricilər institutun elmi nəticələrinin kommersiyalaşma və tətbiq potensialını aydın şəkildə ortaya qoyur.

Elmi nəticələr real sektorda geniş tətbiq tapıb. Neft hasilatı sahəsində istifadə üçün hazırlanmış kimyəvi reagentlər sənaye miqyasında istehsal olunub, o cümlədən parafinçökməyə qarşı inhibitor kimi istifadə edilən məhsullar yüzlərlə ton həcmində istehsal edilərək neft şirkətlərinə təhvil verilib. Kənd təsərrüfatı üçün yaradılmış “Qarabağ” seriyalı bitki boy stimullaşdırıcıları sahə sınaqlarında yüksək məhsuldarlıq artımı göstərib və onların tətbiqinin genişləndirilməsi planlaşdırılıb. Eyni zamanda, institutda hazırlanmış “Bionaft” tibb vasitəsi 2025-ci ildə dövlət qeydiyyatına alınıb.

Hesabat ilində institut Azərbaycan Elm Fondunun 5 qrant layihəsinin qalibi olub, elmi konfrans və yubiley tədbirlərinin təşkilində fəal iştirak edib. Maddi-texniki bazanın gücləndirilməsi, laboratoriyaların yenilənməsi və elmi mühitin yaxşılaşdırılması istiqamətində görülən işlər tədqiqatların keyfiyyətinə müsbət təsir göstərib.

Beləliklə, 2025-ci il elmimizdə ölkənin aparıcı institutları müxtəlif sahələrdə fundamental və tətbiqi tədqiqatlarla diqqət çəkib, yeni elmi nəticələr, metod və yanaşmalarla həm milli, həm də beynəlxalq səviyyədə əhəmiyyətli töhfələr verib.