25 ölkə peşə təhsilində süni intellektin tətbiqinə başlayıb

16 İyul, 2026 - 10:50
25 ölkə peşə təhsilində süni intellektin tətbiqinə başlayıb

Süni intellekt artıq dünyanın bir çox ölkəsində peşə təhsili proqramlarının hazırlanması və yenilənməsi prosesində tətbiq olunur.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) "Süni intellektlə peşə təhsili və təliminin inkişafı" hesabatında öz əksini tapıb.

Hesabatda bildirilir ki, araşdırma 25 ölkəni əhatə edib və süni intellekt artıq peşə təhsilində əmək bazarının təhlili, gələcək bacarıqların müəyyənləşdirilməsi, kurikulumların hazırlanması, peşə standartlarının yenilənməsi və maraqlı tərəflərin rəylərinin sistemləşdirilməsi kimi istiqamətlərdə istifadə olunur.

OECD-nin məlumatına görə, Sİ tətbiqi hələ ilkin mərhələdə olsa da, artıq dövlət qurumları, sənaye təşkilatları və peşə təhsili müəssisələri bu texnologiyanın imkanlarından istifadə etməyə başlayıblar. Sorğu nəticələrinə əsasən, dövlət qurumlarının 41 faizi, sənaye təşkilatlarının 36 faizi, peşə təhsili müəssisələrinin isə 21 faizi süni intellektdən istifadə etdiyini və ya onun tətbiqindən xəbərdar olduğunu bildirib.

Hesabatda qeyd olunur ki, süni intellekt ən çox əmək bazarı məlumatlarının təhlili, yeni bacarıqların proqnozlaşdırılması, kompetensiyaların müqayisəsi, kurikulum layihələrinin hazırlanması və proqramların yenilənməsi proseslərində tətbiq edilir. Xüsusilə rəqəmsal texnologiyalar, yaşıl iqtisadiyyat və mikroixtisaslar üzrə proqramların hazırlanmasında süni intellektin imkanlarından istifadə daha sürətlə genişlənir.

Lakin OECD xəbərdarlıq edir ki, süni intellekt qərar qəbul edən insanları əvəz etməməli, onların fəaliyyətini dəstəkləyən vasitə kimi çıxış etməlidir. Bu baxımdan Sİ-nin tətbiqində şəffaflıq, məlumat təhlükəsizliyi və insan nəzarəti əsas prinsiplər hesab olunur.

Süni intellektin imkanlarını peşə təhsilində tətbiq edən ölkələr aşağıdakılardır:

Avstriya;
Belçika (Fransızdilli icma);
Kanada (Nova Skotiya);
Kosta Rika;
Xorvatiya;
Çexiya;
Estoniya;
Finlandiya;
Fransa;
Almaniya;
Yunanıstan;
İrlandiya;
Cənubi Koreya;
Latviya;
Litva;
Meksika;
Niderland;
Portuqaliya;
Rumıniya;
Slovakiya;
Sloveniya;
İspaniya;
İsveç;
İsveçrə;
Birləşmiş Krallıq.