300 balı siyahıda yox idi, amma qəbulda nəzərə alındı: 627 balla tələbə oldu

7 Sentyabr, 2026 - 13:34
300 balı siyahıda yox idi, amma qəbulda nəzərə alındı:

Ordubad rayonu Düylün kənd tam orta məktəbinin məzunu Əhməd Hüseynov 627 balla Naxçıvan Dövlət Universitetinin (NDU) "Kompüter mühəndisliyi" ixtisasına qəbul olunub. Lakin diqqət çəkən əsas məqam təkcə onun yüksək bal toplaması deyil, imtahan qaydalarındakı xüsusi fürsətdən yararlanaraq əldə etdiyi  nəticədir. 

“Azərbaycan müəllimi” xəbər verir ki, o, aprelin 19-da keçirilən buraxılış imtahanında  300 bal toplasa da, rəsmi olaraq maksimun bal toplayan məzun kimi elan olunmamışdı. Səbəb isə abituriyentin məktəbdə tədris olunan xarici dildən fərqli bir dil üzrə imtahan verməsi idi.

DİM məsələyə aydınlıq gətirərək bildirmişdi ki, buraxılış imtahanı fənləri dedikdə tədris dili, riyaziyyat və məktəbdə tədris olunun əsas xarici dil nəzərdə tutulur: 

“Hüseynov Əhməd buraxılış imtahanında Azərbaycan dili, riyaziyyat və rus dili fənləri üzrə imtahan verib. O, Azərbaycan dili və riyaziyat fənlərinin hər biri üzrə 100 bal toplasa da, əsas xarici dil kimi imtahan verdiyi rus dilindən aşağı bal toplayıb.

H.Əhməd ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək üçün buraxılış imtahanındakı xarici dili deyil, öz istədiyi xarici dili seçmək imkanından yararlanaraq ingilis dilini seçib və əlavə imtahan verməklə 100 bal toplayıb. Amma bu bal ali təhsil müəssisələrinə qəbul zamanı nəzərə alınacaq”.

Qaydalara əsasən, bu bal onun universitet müsabiqəsində tam nəzərə alınıb. Beləliklə, buraxılış imtahan nəticəsinə görə, 300, blok imtahanından isə 327 toplayan Əhməd qəbul balını 627-yə yüksəldib. Abituriyent bu bal ilə arzuladığı ixtisasa qəbul olub.