64 yaşlı tələbə: Xalçaçılıq arzusu gerçəyə çevrildi
Ordubad Peşə Liseyinin “Xalçaçılıq” ixtisasında təhsil alan bir tələbə var. Başqalarından fərqli olaraq Mədinə Bədəlova 64 yaşında tələbə olub. Çünki onun illər əvvəl qəlbində arzuladığı sənətə olan marağı heç vaxt sönməyib.
“Azərbaycan müəllimi” 64 yaşlı tələbəni oxuculara təqdim edir.
Mədinə Bədəlova 1962-ci il martın 12-də Ordubad rayonunun Unus kəndində doğulub.İlk təhsilini 1969-cu ildə Unus kənd orta məktəbində alıb. 1979-cu ildə həmin məktəbi bitirib. Elə həmin il Ordubad İpək zavodunda düyünçü vəzifəsində işləməyə başlayıb. 1980-ci ildə ailə həyatı qurub, iki övladı var.
Onun xalçaçılığa marağı isə yeni yaranmayıb: “Xalça toxumağı əvvəlcədən çox istəmişəm. Toxuculuğa həvəsim olub. Peşə məktəbində belə bir ixtisas olduğunu eşitdim və mən də gəlib oxumaq qərarına gəldim”.
64 yaşında yenidən təhsil almaq qərarını ailəsi də dəstəkləyib. Deyir ki, həyat yoldaşı və bütün ailə üzvləri bu qərarını müsbət qarşılayıb.Yaşının təhsil almağına maneə yaradacağını isə heç vaxt düşünməyib:“Burada təhsil almağa istəyərək gəlmişəm. Ailəm, yoldaşım mənə dəstək verdi”.
Dəzgah arxasında keçirdiyi ilk günü isə belə xatırlayır: “Elə hiss etdim ki, İpək zavoduna getdiyim ilk gündür. Orada necə düyün vurmağım yadıma düşdü. Bu hisslər məni keçmişə apardı. Həm sevinc, həm də kədər hiss etdim”.
Xalçaçılığın incəliklərini öyrənmək isə onun üçün çətin olmayıb: “Bu sənəti rahatlıqla öyrəndim. Daha çox təbiətə aid naxışları işləməyi xoşlayıram”.
Mədinə xanımın sözlərinə görə, liseydə gənc tələbələrlə birlikdə təhsil almaq ona ayrıca sevinc verir.Gənclərin dinamikliyi və həyatsevərliyi özünü gənc hiss etməsinə səbəb olur.
Müəllimlərinin də ona olan münasibətindən razıdır. Deyir ki, müəllimləri onun yaşına və təcrübəsinə hörmətlə yanaşırlar.
Xalçaçılıq sənətini ailəsində ilk öyrənən məhz Mədinə xanımdır. Həyatıboyu tikişlə məşğul olması isə əl işlərinə olan marağının əsas istiqamətlərindən biri olub.
Bu yaşda yenidən təhsil almağın ona qazandırdığı ən böyük yeniliklərdən biri isə özündə yeni bacarıqlar kəşf etməsidir: “Tələbəlik məni gənc yaşlarıma qaytardı.Özümdə bu bacarığın olduğunu daha dərindən kəşf etdim.Səhər durub fərəh və sevinc hissi ilə güllərimə baxıram, limonlarıma su verib dərsimə gəlirəm”.
Mədinə Bədəlova gənclərin xalçaçılığa marağının artırılmasını da vacib hesab edir: “Keçən il 78 yaşlı Hicrət nənəni görüb daha da həvəsə gəldim. İstəyirəm gənclər də bizim tarixi dəyərlərimizi öyrənsinlər və gələcəyə aparsınlar”.
64 yaşında yenidən tələbə olmaq isə Mədinə xanım üçün yaşın deyil, istəyin önəmli olduğunu göstərən bir təcrübədir: “Özümü sanki 18 yaşlı gənc tələbə kimi hiss edirəm. Heç vaxt təhsilin yaşı olmur. Bu gün geriyə baxanda isə xalçaçılığa daha əvvəl başlamadığıma görə təəssüflənirəm. Dəfələrlə, istəmişəm ki, bu sənəti öyrənim”.
İndi isə onun arzusu öyrəndiyi sənətin davamlılığını görməkdir. Mədinə xanım gənclərə adət-ənənələrimizə və milli irsimizə sahib çıxmağı tövsiyə edir: “İrsi qorumaq lazımdır. Adət-ənənələrimizə sahib çıxmaq, xalçaçılığın incəliklərini daha da dərindən öyrənmək lazımdır”.




