ABŞ-də universitetdə silahlı insident baş verib
ABŞ-də Cənubi Karolina Universitetinin kampusunda silahlı insident baş verib.
"Azərbaycan müəllimi" xarici KİV-ə istinadən xəbər verir ki, baş vermiş silahlı insident nəticəsində iki nəfər həlak olub, bir nəfər isə yaralanıb. Hadisə fevralın 12-si axşam saatlarında universitet ərazisində qeydə alınıb.
Universitetin yaydığı rəsmi açıqlamaya görə, atışma barədə məlumat daxil olduqdan sonra kampus yerli vaxtla saat 21:15 radələrində bağlanıb.
Rəhbərlik həlak olan şəxslərin kimliyini hələlik açıqlamayıb. Yaralanan şəxsin vəziyyəti ilə bağlı da əlavə məlumat verilməyib.
Universitetin məlumatında qeyd olunur ki, kampusda və ətraf ərazilərdə təhlükəsizlik tədbirləri gücləndirilib. Baş verən hadisə ilə əlaqədar fevralın 13-nə planlaşdırılan dərslər ləğv edilib. Universitet rəhbərliyi tələbələr üçün psixoloji dəstək məqsədilə məsləhətçi və psixoloqların xidmət göstərdiyini açıqlayıb.



