Abdulla Şaiqin 145 illiyinə həsr olunmuş tədbir keçirilib
Oktyabrın 6-da Həbibbəy Mahmudbəyov adına 2 nömrəli Texniki-Humanitar Liseyin akt zalında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair, yazıçı və böyük pedaqoq Abdulla Şaiqin anadan olmasının 145 illiyinə həsr olunmuş “Mən yazıçılığımdan ziyadə müəllimliyimlə iftixar edirəm” adlı tədbir-disput təşkil edilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, Abdulla Şaiqin Mənzil-Muzeyi və 2 nömrəli Texniki-Humanitar Liseyin birgə təşkilatçılığı ilə baş tutan görüşdə təhsil müəssisəsinin rəhbərliyi, müəllim kollektivi, 8-ci sinif şagirdləri, həmçinin muzeyin əməkdaşları iştirak ediblər.
Görüşdə Abdulla Şaiqin zəngin ədəbi irsi ilə yanaşı, onun pedaqoji fəaliyyəti, müəllimlik məfkurəsi və gənc nəslin mənəvi-intellektual inkişafına verdiyi töhfələr diqqət mərkəzində olub. Tədbirin təşkilində xüsusi fəallıq göstərən Azərbaycan dili və ədəbiyyat müəllimi Ellada Heyziyeva çıxış edərək iştirakçıları salamlayıb, belə bir ədəbi-mədəni görüşün keçirilməsinə töhfə verməkdən məmnunluğunu ifadə edib və muzey rəhbərliyinə təşəkkürünü bildirib.
Daha sonra Abdulla Şaiqin Mənzil-Muzeyinin direktoru, ədibin nəvəsi Ülkər Talıbzadə çıxış edərək babasının yaradıcılıq və pedaqoji irsinin əhəmiyyətindən danışıb, şagirdlərə ədəbiyyata maraq və sevgi ilə yanaşmağı tövsiyə edib.
Tədbirin əsas hissəsində muzeyin böyük elmi işçisi Elminaz Məmmədlinin moderatorluğu ilə ədəbi əsərlərin ideya-məzmun əsaslarının təhlili və obrazların müasir dövrün meyarları baxımından izahına həsr edilmiş disput keçirilib.
Müzakirələr zamanı şagirdlərin Abdulla Şaiqin “Məktub yetişmədi” və Cəlil Məmmədquluzadənin “Poçt qutusu” əsərləri əsasında hazırladıqları çıxışlar dinlənilib. Əsərlərin məzmunu, obrazların xarakteri, müəlliflərin cəmiyyətə münasibəti və mətndə qaldırılan sosial-mənəvi problemlər geniş şəkildə təhlil edilib. Mövzuların müasir dövrlə müqayisəli şəkildə şərh olunması, şagirdlərin sərbəst fikir yürütməsi və fərqli baxışlar ətrafında canlı müzakirə aparması tədbirə xüsusi dinamizm qatıb.
Fikir mübadiləsi zamanı hər iki sənətkarın yaradıcılığındakı maarifçilik ideyaları, insan və cəmiyyət münasibətləri, savadlanmanın və dünyagörüşünün əhəmiyyəti kimi məsələlərə toxunulub. Şagirdlərin mövzuya hazırlıqlı və yaradıcı yanaşmaları, əsərlərin ideya-bədii xüsusiyyətlərini müasir həyatla əlaqələndirmələri maraqla qarşılanıb.
Sonda liseyin direktoru Elvin Aslanlı çıxış edərək belə bir maarifləndirici ədəbi disputun təşkilinə görə muzey rəhbərliyinə və iştirakçılara təşəkkürünü bildirib.
Bu disput Abdulla Şaiqin “Mən yazıçılığımdan ziyadə müəllimliyimlə iftixar edirəm” fikrinin mahiyyətini bir daha nümayiş etdirib. Böyük ədibin yaradıcılığı və pedaqoji irsi bu gün də gənc nəslin düşüncə dünyasına təsir göstərmək, onları mütaliəyə, araşdırmağa və sərbəst fikir yürütməyə təşviq etmək baxımından öz aktuallığını qoruyur.




