ABŞ-də xarici tələbələrin təcrübə imkanları məhdudlaşdırılır

31 Avqust, 2026 - 16:10
ABŞ-də xarici  tələbələrin təcrübə imkanları məhdudlaşdırılır

ABŞ administrasiyası beynəlxalq tələbələrin təcrübə proqramları çərçivəsində işləməsinə imkan verən bəzi icazələrin verilməsini məhdudlaşdırır.

“Azərbaycan müəllimi” xəbər verir ki, ABŞ-nin İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) tərkibində fəaliyyət göstərən Tələbə və Mübadilə Ziyarətçiləri Proqramı (SEVP) avqustun 24-də universitetlərə göndərdiyi memorandumda Kurikulum üzrə Praktiki Təlim (CPT) icazələrinin verilməsi ilə bağlı qayda pozuntularının artdığını bildirib.

Memoranduma əsasən, CPT yalnız tələbənin təhsil proqramının ayrılmaz hissəsi olduqda tətbiq edilə bilər. Qaydalara əməl etməyən ali təhsil müəssisələrinin xarici tələbə qəbul etmək üçün sertifikatını itirə biləcəyi barədə xəbərdarlıq edilib.

Bu göstərişin ardından Kaliforniya Universitetinin Los-Anceles (UCLA) və Berkli kampusları xarici tələbələrin bəzi iş icazələri ilə bağlı müraciətlərin qəbulunu müvəqqəti dayandırıb. UCLA yeni federal göstərişləri nəzərdən keçirdiyini açıqlayıb. UC Berkli isə müəyyən müraciətlərin yaxın gələcəkdə icra edilməsinin gözlənilmədiyini bildirib. Bununla yanaşı, dərəcə tələbləri ilə bağlı CPT müraciətlərinin əvvəlki qaydada işləməyə davam edəcəyi qeyd olunub.

ABŞ Daxili Təhlükəsizlik Nazirliyi isə qaydaların dəyişmədiyini, lakin sistemdən sui-istifadəyə artıq yol verilməyəcəyini bildirib.