Abşeron-Xızı regionunda bağça müəllimlərinin yerdəyişməsi başlayır
Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəbəqədər təhsil müəssisələrində vakant tərbiyəçi-müəllim vəzifələri üzrə yerdəyişmə prosesinə qeydiyyat başlayır.
"Azərbaycan müəllimi"nə bu barədə RTİ-dən məlumat verilib.
Müsabiqədə hazırda dövlət məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vəzifəsində müddətsiz əmək müqaviləsi ilə çalışan şəxslər iştirak edə bilərlər.
Qeyd edək ki, qeyri-ixtisaslı tərbiyəçi-müəllimlər yaşayış yerindən asılı olmayaraq yerdəyişmə müsabiqəsində iştirak edə bilməzlər.
Yerdəyişmə etmək istəyən namizədlər 7 aprel 2026-cı il tarixindən 15 aprel 2026-cı il tarixinədək aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Qeydiyyat linki: https://forms.gle/kTvqh2R2WeXzcGL6A
Tərbiyəçi-müəllimlərin yerdəyişməsi ilə bağlı müraciətlərə yaşayış yerinin (rayon, şəhər) dəyişməsini təsdiq edən müvafiq sənəd təqdim edildiyi halda baxılır.
Tələb olunan sənədlər:
• şəxsiyyət vəsiqəsinin surəti;
• təhsil haqqında dövlət sənədinin (diplomun) surəti;
• əmək kitabçasının surəti;
• şəhid ailə üzvü olmasını təsdiqləyən sənədin surəti (olduğu halda);
• yerdəyişmənin səbəbini təsdiq edən dövlət qurumları tərəfindən verilmiş arayışlar (yaşayış yerinin dəyişməsi, həyat yoldaşının iş yerinin dəyişməsi, tibbi göstərişlər və s.).
Bir vakant yerə birdən çox müraciət daxil olduqda şəhid ailəsi üzvlərinə, daha yüksək təhsil səviyyəsinə malik şəxslərə, pedaqoji stajı daha çox olan tərbiyəçi-müəllimlərə üstünlük verilir.



