“Açıq qapı”dan görünən təhsil: bir liseyin uğurları
Məktəb yalnız dərs keçilən məkan deyil, şagirdin özünü ifadə etdiyi, müəllimin əməyinin nəticəyə çevrildiyi, valideynin isə övladının inkişaf yolunu daha yaxından gördüyü canlı təhsil mühitidir. Bu mühitin ictimaiyyətə açılması, valideynlərin məktəb həyatında daha fəal iştirakı, şagirdlərin müəllim və valideyn qarşısında təqdimat etməsi təhsildə mühüm metodiki yanaşmalardan biridir. Çünki şagird öyrəndiyini təqdim edəndə yalnız bilik nümayiş etdirmir, həm də məsuliyyət, nitq, izah, müşahidə və özünəinam bacarıqları qazanır.
“Azərbaycan müəllimi” olaraq Mingəçevir şəhər 16 nömrəli texniki və təbiət fənləri təmayüllü liseyində olduq. Məktəbin “Açıq qapı” formatında təqdim olunan təhsil mühiti, şagirdlərin fənn bacarıqları, olimpiada və müsabiqə nəticələri, praktik stendlər, valideynlərlə qurulan ünsiyyət və 3 illik fəaliyyəti ərzində formalaşdırdığı istiqamətlər müşahidələrimizdə ön plana çıxdı.
Təhsil müəssisəsi 1986-cı ildən fəaliyyət göstərir, 2019-cu ildə əsaslı təmir olunub. Son 3 ildə isə texniki və təbiət fənləri təmayüllü lisey kimi fəaliyyətini davam etdirir. Bu müddət ərzində məktəbdə təbiət və texniki fənlərin praktik tətbiqinə, şagirdlərin olimpiada və fənn müsabiqələrinə hazırlanmasına, laboratoriya bacarıqlarının formalaşdırılmasına, həmçinin valideyn-məktəb əməkdaşlığının gücləndirilməsinə xüsusi diqqət ayrılıb.
Liseyin son illərdə əldə etdiyi nəticələr sırasında Respublika fənn müsabiqələri və beynəlxalq olimpiada uğurları xüsusi yer tutur. 8-ci sinif şagirdi Zəhra Zakirli 2024-cü ildə Respublika fənn müsabiqəsində təbiət fənni üzrə qızıl, 9-cu sinif şagirdi Fərid Alıyev 2024-cü ildə biologiya fənni üzrə gümüş, 8-ci sinif şagirdi Leyla Şərifova 2025-ci ildə biologiya fənni üzrə bürünc, 7-ci sinif şagirdi Ayxan Məsimli isə 2025-ci ildə təbiət fənni üzrə bürünc medala layiq görülüblər. 9-cu sinif şagirdi Sultan Rəhimli 2024 və 2025-ci illərdə SASMO və AMO beynəlxalq riyaziyyat olimpiadalarında 2 gümüş medal qazanaraq liseyin beynəlxalq nəticələrinə töhfə verib.
Bu nəticələr məktəbdə fənn hazırlığının yalnız dərs proqramı ilə məhdudlaşmadığını göstərir. Şagirdlərin müsabiqə və olimpiadalara cəlb edilməsi, onların mövzular üzərində daha dərindən işləməsi, sual həlli, araşdırma, praktik müşahidə və təqdimat vərdişlərinin inkişafı liseyin tədris mühitində əsas istiqamətlərdən biri kimi görünür.
“Açıq qapı” günündə müşahidələrimiz göstərdi ki, liseydə stendlər sadəcə sərgi xarakteri daşımır. Onlar şagirdlərin öyrəndiklərini izah etdiyi, suallara cavab verdiyi, praktik bacarıqlarını nümayiş etdirdiyi canlı təlim məkanına çevrilib. Stendlərin məktəbin texniki və təbiət fənləri təmayülünə uyğun hazırlanması da diqqət çəkirdi.
Ən maraqlı müşahidələrimizdən biri hərbi hazırlıq qrupu ilə bağlı oldu. 9-cu sinif şagirdi Aylin Cəbrayılova gözləri bağlı şəkildə silahı söküb-yığmaq bacarığını nümayiş etdirdi. Bu təqdimat yalnız çeviklik nümunəsi deyildi. Burada diqqət, yaddaş, ardıcıllıq, təmkin və praktik hazırlıq ön plana çıxırdı. Aylin təqdimatla bağlı fikirlərini bölüşərək bildirdi ki, valideynlər və qonaqlar qarşısında çıxış etmək daha böyük məsuliyyət yaradır: “Məşqlərdə bu işi dəfələrlə etmişdim, amma hamının qarşısında təqdim etmək başqa hissdir. O an daha diqqətli olursan və bacardığını düzgün göstərməyə çalışırsan”.
Biologiya stendlərində 8-ci sinif şagirdləri Cahan Səfərova, Zərif Əsədli, Saleh Salahlı, Leyla Şərifova və Aylin Xaliqova təqdimat edirdilər. Şagirdlər canlı aləm, insan orqanizmi və bioloji proseslərlə bağlı hazırladıqları materialları izah edir, mövzuları gündəlik həyatla əlaqələndirməyə çalışırdılar. Burada diqqət çəkən əsas məqam şagirdlərin əzbər danışığa deyil, izah və əsaslandırmaya üstünlük verməsi idi.
Respublika fənn müsabiqəsinin bürünc medalçısı Leyla Şərifova bildirdi ki, təqdimat etmək mövzunu daha dərindən mənimsəməyə kömək edir: “Mövzunu oxumaq bir mərhələdir, amma onu başqasına izah edəndə daha yaxşı anlayırsan. Sual veriləndə isə hansı hissəni daha dərindən öyrənməli olduğunu görürsən”.
Kimya stendlərində də eyni yanaşma müşahidə olundu. 8-ci sinif şagirdi Zəhra Zakirli, 7-ci sinif şagirdləri Ayxan Məsimli, Nərgiz Tağıyeva və Səbinə Salamlı kimya üzrə müxtəlif təcrübələr təqdim edirdilər. Şagirdlər təcrübələrin gedişini izah edir, kimyəvi reaksiyaların səbəb və nəticələrini qonaqlara çatdırırdılar.
Təbiət fənni üzrə Respublika fənn müsabiqəsinin qızıl medalçısı Zəhra Zakirli qeyd etdi ki, praktik fəaliyyət fənnə marağı artırır: “Təcrübə zamanı mövzunu daha yaxşı başa düşürəm. “Açıq qapı” günündə isə bildiklərimizi təqdim etdiyimiz üçün daha məsuliyyətli hazırlaşırıq”. VII sinif şagirdi Ayxan Məsimli isə valideynlərin məktəb mühitində iştirakının şagirdlərə təsirindən danışdı: “Valideynlərimiz gördüyümüz işləri izləyəndə daha çox həvəslənirik. Təcrübəni izah etmək mənim üçün həm maraqlı, həm də məsuliyyətli idi”.
Kimya üzrə digər təqdimatlarda 8-ci sinif şagirdi Yusif Bəxtiyarlı, 7-ci sinif şagirdləri Tamara Quliyeva, Rəcəb Əhmədli və Əbəlfəz Mollazadə iştirak edirdilər. Onların təqdimatlarında laboratoriya təhlükəsizliyi, təcrübələrin ardıcıllığı və nəticələrin izahı diqqətdə saxlanılmışdı. Bu isə şagirdlərdə yalnız fənn biliyinin deyil, həm də laboratoriya mədəniyyətinin formalaşdırıldığını göstərirdi.
Fizika stendində 8-ci sinif şagirdləri Dəniz Yusifzadə və Zəhra Mirzəyeva fiziki hadisələrin gündəlik həyatla əlaqəsini göstərən nümunələr təqdim etdilər. Onların izahlarında fənnin yalnız nəzəri anlayışlardan ibarət olmadığı, əksinə, ətraf aləmi anlamaq üçün praktik vasitə olduğu görünürdü.
9-cu sinif şagirdi Fərid Alıyev biologiya üzrə qazandığı nəticələrdən danışarkən sistemli hazırlığın əhəmiyyətini vurğuladı: “Biologiyada mövzular bir-biri ilə bağlıdır. Ona görə ardıcıl hazırlaşmaq vacibdir. Müsabiqəyə hazırlaşmaq mənə mövzuları daha dərin öyrənməyi öyrətdi”. Digər 9-cu sinif şagirdi Sultan Rəhimli isə beynəlxalq riyaziyyat olimpiadalarında qazandığı nəticələrin ona fərqli düşünmə bacarığı qazandırdığını bildirdi: “Riyaziyyatda əsas məsələ yalnız cavabı tapmaq deyil, ona aparan yolu düzgün qurmaqdır. Olimpiadalara hazırlaşmaq məni daha sistemli düşünməyə yönəldib”.
Liseydə idmançı şagirdlərin medal və diplomları da ayrıca təqdim olundu. Bu hissə məktəbdə şagirdlərin yalnız akademik istiqamətdə deyil, idman və dərsdənkənar fəaliyyətlərdə də iştirakının diqqətdə saxlanıldığını göstərirdi. Təhsil mühitində akademik hazırlıqla fiziki inkişafın paralel aparılması şagirdin ümumi formalaşması baxımından vacib istiqamətlərdən biridir.

“Açıq qapı” günündə valideynlərin məktəb mühitində iştirakı əsas məqamlardan oldu. Valideynlər övladlarının yalnız qiymətlərini deyil, onların sinifdənkənar və praktik fəaliyyətini, təqdimat bacarıqlarını, müəllimlərlə ünsiyyətini, fənnə münasibətini canlı şəkildə müşahidə etdilər. Bu, valideynlərə məktəbin gündəlik fəaliyyətini daha yaxından anlamağa imkanı yaradır. Şagird üçün isə valideynin qarşısında təqdimat etmək əlavə motivasiya və məsuliyyət deməkdir.
Məktəbin akt zalında keçirilən müzakirələrdə Mingəçevir Təhsil Sektorunun müdiri Rüstəm Aslanov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Anar Şəfiyev, regiondan gələn metodistlər, media nümayəndələri və valideynlər iştirak etdilər. Müzakirələr zamanı valideynləri maraqlandıran suallar cavablandırıldı, təkliflər dinlənildi, məktəb-valideyn əməkdaşlığının təlim prosesindəki rolu barədə fikirlər səsləndirildi.
Mingəçevir şəhər 16 nömrəli texniki və təbiət fənləri təmayüllü liseyin direktoru Aygün Quliyeva media nümayəndələrinə açıqlamasında bildirdi ki, liseyin 3 illik fəaliyyəti ərzində əsas diqqət şagirdlərin bilik və bacarıqlarının praktik tətbiqinə, fənn müsabiqələri və olimpiadalara hazırlığın sistemli qurulmasına, eləcə də valideynlərlə əməkdaşlığın gücləndirilməsinə yönəldilib. Direktorun sözlərinə görə, “Açıq qapı” formatı məktəbin gördüyü işi təqdim etməklə yanaşı, valideyn və ictimaiyyətlə qarşılıqlı rəy mübadiləsi üçün də imkan yaradır.
Mingəçevir Təhsil Sektorunun müdiri Rüstəm Aslanov isə qeyd etdi ki, məktəbin fəaliyyətinin valideynlərə və ictimaiyyətə açıq təqdim olunması təhsildə şəffaflıq və hesabatlılıq baxımından əhəmiyyətlidir. Onun fikrincə, belə yanaşma məktəbin imkanlarını, şagirdlərin inkişaf istiqamətlərini və valideynlərlə əməkdaşlıq mexanizmlərini daha aydın görməyə şərait yaradır.
Müşahidələrimiz göstərdi ki, Mingəçevir şəhər 16 nömrəli texniki və təbiət fənləri təmayüllü liseyində “Açıq qapı” formatı yalnız təqdimat xarakteri daşımır. Bu, şagirdin öyrəndiyini nümayiş etdirdiyi, valideynin məktəb mühitinə daxil olduğu, müəllimin əməyinin praktik nəticələrlə göründüyü və məktəbin fəaliyyətinə ictimai baxışın formalaşdığı bir təhsil modelidir. Belə yanaşmalar təhsildə iştirakçılığı artırır, şagird motivasiyasını gücləndirir və məktəb-valideyn əməkdaşlığını real məzmunla tamamlayır.



