ADNSU tələbələri “Rəqəmsal Körpü” təcrübə proqramında uğur qazanıblar

29 Sentyabr, 2026 - 13:06
ADNSU tələbələri “Rəqəmsal Körpü” təcrübə proqramında uğur qazanıblar

AZCON Holding tərəfindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində təşkil olunan “Rəqəmsal Körpü” Təcrübə Proqramının II dalğası uğurla başa çatıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, proqrama ümumilikdə 1600 müraciət daxil olub. Namizədlərin uyğunluğunun qiymətləndirilməsi, imtahan və müsahibə mərhələlərindən sonra 103 tələbə proqramda iştirak hüququ qazanıb. Proqramı uğurla tamamlayan iştirakçılar arasında müxtəlif ixtisas və universitetləri təmsil edən SABAH qruplarının tələbələri də yer alıb.

Onlardan biri SABAH qrupları Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin "Kompüter mühəndisliyi" ixtisası üzrə IV kurs tələbəsi Xəyal Əliyevdir. Xəyal proqram çərçivəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (AYNA) Data Analitikası istiqaməti üzrə təcrübə keçərək real iş mühitində analitik bilik və bacarıqlarını tətbiq etmək və inkişaf etdirmək imkanı əldə edib.

Proqramın bağlanış mərasimində iştirakçıların təcrübə müddətində həyata keçirdikləri işlər arasından iki layihə təqdim olunub və hər iki layihənin müəllifi ADNSU-nun SABAH qruplarının IV kurs tələbələri olub. Təqdimatlardan biri Kompüter mühəndisliyi ixtisasının tələbəsi Xəyal Əliyevə, digəri isə İnformasiya təhlükəsizliyi ixtisasında təhsil alan Turan Hüseynliyə məxsus olub.

Proqram müddətində tələbələrin texniki bilik və yumşaq bacarıqlarının inkişaf etdirilməsi məqsədilə müxtəlif təlimlər təşkil olunub, həmçinin iştirakçılara rəqəmsal tədris platformalarından istifadə imkanları yaradılıb.

ADNSU tələbələri “Rəqəmsal Körpü” təcrübə proqramında uğur qazanıblar
ADNSU tələbələri “Rəqəmsal Körpü” təcrübə proqramında uğur qazanıblar