Ağaca can verən müəllim – Salyandan REPORTAJ

15 Dekabr, 2025 - 16:14
Ağaca can verən müəllim

Oyma sənəti ən qədim və zəngin sənət sahələrindən biridir. İnsanlar əsrlər boyu müxtəlif materialları oyaraq öz düşüncələrini, dünyagörüşlərini, duyğularını və gündəlik həyatlarını təsvir ediblər. Bu sənət texnikasına, istifadə sahəsinə və bədii məqsədinə görə müxtəlif növlərə ayrılır. Təəssüf ki, bu gün ölkəmizdə oyma sənətini yaşadan sənətkarların sayı xeyli azdır.
“Azərbaycan müəllimi” məhz bu nadir sənəti yaşadan azsaylı sənətkarlardan biri — təsviri incəsənət müəllimi Rauf İbrahimovla həmsöhbət olub.

Rauf müəllimlə Salyan şəhər 4 nömrəli tam orta ümumtəhsil məktəbində yerləşən emalatxanada - iş başında görüşdük. Taxta qoxusu, alətlərin səsi və yarımçıq heykəllər bu məkanın adi sinif otağından fərqli bir yaradıcılıq dünyası olduğunu hiss etdirirdi.

Müsahibimiz Rauf İbrahimov 1972-ci ildə Salyan şəhərində müəllim ailəsində anadan olub. 1979–1989-cu illərdə orta təhsil alıb. Uşaqlıqdan maraq göstərdiyi sənət yolunu davam etdirərək 1991–1995-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Rəsmxətt, təsviri incəsənət və əlavə əmək” ixtisası üzrə ali təhsil alıb. 1996–1998-ci illərdə hərbi xidmətdə olub. 2000-ci ildən bu günə qədər isə Salyan şəhər 4 nömrəli tam orta ümumtəhsil məktəbində çalışır.

Rauf müəllimin sözlərinə görə, 2019-cu il onun yaradıcılıq həyatında yeni mərhələnin başlanğıcı olub. Məhz həmin ildən məktəbdəki emalatxananı bərpa edərək burada əvvəl keramika, daha sonra isə ağac üzərində oyma üzrə “Heykəltəraşlıq” dərnəyi yaradıb. Bu gün həmin emalatxana şagirdlərin ən sevimli ünvanına çevrilib.

“Şagirdlər 45 dəqiqəlik dərsi çətinliklə başa vururlar, amma dərnəkdə 1 saat yarımın necə keçdiyini hiss etmirlər”, – Rauf müəllim gülümsəyərək bildirir. Onun fikrincə, fənni şagirdlərə sevdirməyin əsas şərti müəllimin öz işini sevməsi və sənətin incəliklərini onlara düzgün şəkildə çatdırmasıdır.

Hazırda Rauf müəllim evkalipt ağacından “Bayquş” fiquru üzərində çalışır. Onun əl işləri təkcə məktəb divarları ilə məhdudlaşmır. Müxtəlif rayon və regional tədbirlərdə, festivallarda — Biləsuvarda keçirilən “Hind quşu”, Neftçalada təşkil olunan “Balıq” festivalında nümayiş olunub. Eyni zamanda, Bakı şəhərində Heydər Əliyev Mərkəzində keçirilən Uşaq İncəsənət Festivalının yekun mərhələsində də sənət nümunələri təqdim edilib.

Rauf müəllimin zəhmətinin bəhrəsi şagirdlərinin uğurlarında da aydın görünür. Belə ki, 2020-ci ildə dərnək üzvü Axundova Fidan Elçin qızı dekorativ-tətbiqi sənət nominasiyası üzrə keçirilən müsabiqədə II yerə layiq görülüb.

Rauf müəllim üçün yaxşı müəllimin meyarı sadə, amma dərin məna daşıyır:
“Əgər şagird dərs bitəndən sonra getmək istəmirsə, deməli, müəllim öz işini düzgün görür”.

Gələcəyə baxışı da sənəti qədər aydındır. O, bu sahədə daha peşəkar səviyyəyə yüksəlməyi, respublika miqyaslı möhtəşəm tədbirlərdə əl işlərini nümayiş etdirməyi və ən əsası, geniş şəxsi emalatxanaya sahib olmağı arzulayır.

Beləliklə, Rauf İbrahimovun həyat və yaradıcılıq yolu bir daha sübut edir ki, müəllimlik sadəcə peşə deyil, həm də sənətdir. O, ağaca forma verərkən əslində şagirdlərinin düşüncəsini, zövqünü və gələcəyini formalaşdırır. Bu emalatxanada yaranan hər bir əl işi səbrin, zəhmətin və sevginin təcəssümüdür. Məhz belə müəllimlər sayəsində məktəb divarları arasında gizli qalan istedadlar üzə çıxır, sənət yaşayır və gələcəyə ötürülür.

Ağaca can verən müəllim
Ağaca can verən müəllim
Ağaca can verən müəllim
Ağaca can verən müəllim
Ağaca can verən müəllim