"Ailəmin mənimlə fəxr edəcəyi elmi yol qurmaq istəyirdim" – HTP tələbəsi

30 İyun, 2026 - 15:24
"Ailəmin mənimlə fəxr edəcəyi elmi yol qurmaq istəyirdim"

Quba şəhərindən başlayaraq Macarıstanın aparıcı elmi mərkəzlərinə, oradan isə dünyanın ən nüfuzlu tədqiqat mərkəzlərindən olan Karolinska İnstitutuna uzanan elm yolu. 

Bəli, “Azərbaycan müəllimi”nin növbəti müsahibinin elm yolu hər ilin payızında tibb və fiziologiya sahəsində Nobel mükafatları qaliblərinin elan olunduğu İsveçin Karolinska İnstitutunadır. Bəlkə də gələcək illərdə bu mötəbər mükafatın sahiblərindən biri də bizim budəfəki müsahibimiz olacaq. Bu gün isə Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində Macarıstanda doktorantura təhsilini başa vuran və Karolinska İnstitutunun “KIRI Postdoctoral Fellowship” proqramının qalibi olan gənc bioloq-tədqiqatçı Elvin Məhərrəmovla elmi karyerasından, antibiotiklərə qarşı müqavimət sahəsində apardığı və Avropada bir sıra nüfuzlu alimlərin diqqətini cəlb etmiş tədqiqatlarından və Azərbaycanın elmi potensialına dair baxışlarından danışırıq.

- Sizi oxuculara necə təqdim edək? 

- Quba şəhərində anadan olmuşam. Uşaqlıqdan elmə marağım olub və bu marağın formalaşmasında babamın mənə göstərdiyi diqqət və dəstək böyük rol oynayıb. Ailəm, xüsusilə də babam, onun peşə yolunu davam etdirərək həkim və ya stomatoloq olmağımı arzulayırdı. Məktəb təhsilimə Quba şəhər 3 nömrəli tam orta məktəbdə başlamış, 7-ci sinifdən etibarən isə Quba Özəl Türk Liseyində davam etmişəm. 

Anam biologiya müəllimi olduğu üçün bu fənnə marağım daha da gücləndi və məktəb illərində biologiya üzrə fənn olimpiadalarına hazırlaşmağa başladım. Respublika və beynəlxalq olimpiadalarada istədiyim nəticəni əldə edə bilməsəm də, bu təcrübə elmə marağımı azaltmadı. Qəbul imtahanında nəticəm Tibb Universiteti üçün kifayət etmədiyindən Bakı Dövlət Universitetinin həmin dövrdə yeni açılmış “Ekologiya” ixtisasını seçdim.

İlk baxışda bu, mənim üçün məyusedici görünürdü. Lakin sonradan həmin dövr həyatımda dönüş nöqtəsinə çevrildi. Olimpiada vaxtlarından tanıdığım dostlarımın Dövlət Proqramı vasitəsilə xaricdə təhsil almaları məndə də sevdiyim elm sahəsinin ardınca getmək və xaricdə təqaüdlü təhsil almaq istəyini gücləndirdi. Qarşıma məqsəd qoydum ki, bu sahədə uğur qazanım, ailəmin mənə olan inamını doğruldum və onların mənimlə fəxr edəcəyi bir elmi yol qurum.

- Macarıstanda ali təhsil həyatınız necə başladı? Bu yolda Hökumətlərarası Təhsil Proqramının rolu və əhəmiyyəti barədə nə deyərdiniz?

- Bakı Dövlət Universitetində bakalavr təhsili dövründə xaricdə biologiya üzrə təhsil almaq istəyim getdikcə artırdı. Universitetin üçüncü kursunda Macarıstan Təqaüd Proqramı (Stipendium Hungaricum) ilə tanış oldum və həmin dövrdə biologiya üzrə ingilis dilində bakalavr təhsili verən Pécs Universitetinə müraciət etmək qərarına gəldim. Bu qərar üçillik bakalavr təhsilimi geridə qoyub hər şeyi yenidən başlamağım demək idi. 2016-cı ilin sentyabrından etibarən Macarıstanda təhsil həyatım başladı.

Həmin dövrdə Macarıstan təqaüd proqramı Azərbaycanda yeni tətbiq olunurdu. Təhsil Nazirliyində Hökumətlərarası Təhsil Proqramı indiki formada hələ tam formalaşmamışdı, lakin seçim prosesi tərəfdaş qurumların iştirakı ilə aparılırdı. Pécs Universitetindən məzun olduqdan sonra biologiya sahəsində nüfuzuna görə tanınan və hazırda tədqiqat apardığım HUN-REN Bioloji Tədqiqat Mərkəzinin burada yerləşməsini nəzərə alaraq Szeged Universitetinin biologiya üzrə immunologiya, mikrobiologiya və molekulyar biologiya istiqamətli magistr proqramına HTP vasitəsilə müraciət etdim.

Təhsil Nazirliyi tərəfindən keçirilən müsahibələrdə potensialım qiymətləndirildi və təqaüd proqramının qaliblərindən biri oldum. Daha sonra doktorantura təhsilimi də Szeged Universitetində davam etdirməyə qərar verdim və yenidən HTP təqaüdünə layiq görüldüm. 

Mənim fikrimcə, bu proqramın ən böyük üstünlüyü yalnız maliyyə dəstəyi ilə məhdudlaşmır. O, azərbaycanlı gənclərin beynəlxalq akademik mühitə inteqrasiyasına, qabaqcıl universitetlərdə təhsil almasına və müxtəlif ölkələrin elmi mərkəzləri ilə əlaqələr qurmasına geniş imkan yaradır. Bu proqram vasitəsilə Macarıstanda təhsil alan gənclərin fəaliyyəti iki ölkə arasında elmi və akademik əməkdaşlığın inkişafına da mühüm töhfə verir.

- Macarıstanda ali təhsil sistemi, eləcə də məzun olduğunuz universitet barədə nə deyərdiniz?

- Macarıstanda ali təhsil sistemi ümumi struktur baxımından Azərbaycandakı sistemə yaxındır. Təhsil aldığım sahə üzrə bakalavr pilləsi 3 il, magistratura 2 il, doktorantura isə 4 il davam edir. Xüsusilə qeyd etmək istərdim ki, burada təbiət elmlərinə maraq yüksəkdir və bu marağın davamlı inkişafı üçün məktəblilərdən başlayaraq müxtəlif elmi tədbirlər, laboratoriya ziyarətləri, yarışmalar və xüsusi təqaüd proqramları təşkil olunur.

Məsələn, çalışdığım institutun təşəbbüsü ilə ildə bir neçə dəfə orta məktəb şagirdlərindən ibarət qruplar laboratoriyaları ziyarət edir və nümayiş məqsədli kiçik elmi təcrübələrdə iştirak edirlər. Bu, şagirdlərin elmi təcrübələrlə birbaşa tanış olmasına və gələcəkdə təbiət elmləri üzrə ixtisas seçimlərinə maraq göstərməsinə şərait yaradır. Bundan əlavə, tələbələr arasında iki ildən bir keçirilən və ölkə miqyasında ən böyük elmi tədbirlərdən sayılan "The National Student Research Conference (OTDK)" artıq 37-ci dəfə təşkil olunub. Bu tədbirdə müxtəlif sahələr üzrə tədqiqat aparan tələbələr, hətta bəzi orta məktəb şagirdləri də öz işlərini təqdim edirlər. İştirakçı sayı 4000-dən artıq olan bu konfrans Macarıstanda tələbələrin elmi fəallığını və tədqiqat bacarıqlarını nümayiş etdirən ən mühüm platformalardan biridir.

Bakalavr təhsilimi Pécs Universitetində başa vurduqdan sonra magistratura və doktorantura pillələrini Szeged Universitetində davam etdirdim. Szeged Universitetini seçməyimin əsas səbəblərindən biri ölkənin biologiya elmləri üzrə ən qabaqcıl tədqiqat mərkəzlərindən birinin burada yerləşməsi idi. Bu elmi mühit tədqiqatların yalnız sayına görə deyil, keyfiyyətinə görə də Şərqi Avropanın aparıcı mərkəzlərindən hesab olunur. Szeged elmi mühiti zəngin tədqiqat ənənəsinə malikdir və Szent-Györgyi Albert (1937) və Karikó Katalin (2023) kimi Nobel mükafatı laureatlarının adı ilə bağlıdır.

- Universitetin təhsil və tədqiqat mühiti barədə nə deyərdiniz? Universitetdə əcnəbi tələbələrə münasibət necədir?

- Szeged Universitetində təhsil və tədqiqat mühiti bir-birini tamamlayır. Öz ixtisasımdan misal gətirsəm, bakalavr təhsilinin son ilində tələbələr müxtəlif laboratoriyaları ziyarət edir, diplom işləri üzrə tədqiqatlara başlayır və müstəqil nəticələr əldə etmək imkanı qazanırlar. Bunun üçün həm universitetdə, həm də tədqiqat mərkəzində müxtəlif laboratoriyaların iştirakı ilə sərgilər təşkil olunur. Bu sərgilərdə tədqiqat qrupları öz işlərini təqdim edir və tələbələrin maraq sahələrinə uyğun olaraq onları laboratoriyalara cəlb edirlər.

Bu yanaşma tələbələrin praktiki biliklərinin artmasına və gələcəkdə elm sahəsində peşəkar kadr kimi yetişməsinə böyük təsir göstərir. Öz təcrübəmdən deyə bilərəm ki, Szeged Universitetinə qəbul olduğum ilk semestrdə HUN-REN Bioloji Tədqiqat Mərkəzində maraqlarıma uyğun tədqiqat qrupları ilə əlaqə saxladım və onlarda təcrübə keçmək istədiyimi bildirdim. Qısa müddətdə maraq sahəmə uyğun olan və hazırda da çalışdığım laboratoriya məni öz qrupuna dəvət etdi. Artıq 6 il yarımdır ki, həmin laboratoriyada çalışıram; həm magistratura, həm də doktorantura tədqiqatlarımı bu qrupda tamamlamışam.

Tədqiqat mühitindən danışarkən elmin maliyyə tərəfini də vurğulamaq vacibdir. Müasir və rəqabətqabiliyyətli araşdırma aparmaq üçün laboratoriya avadanlıqları, sərfiyyat materialları və reaktivlər kimi bahalı resurslara davamlı çıxış lazımdır. Macarıstan uzun illərdir elmi müxtəlif qrant mexanizmləri ilə dəstəkləyir və bu sistem bir çox sahələrin inkişafına, eləcə də güclü elmi ənənənin formalaşmasına imkan yaradıb; ölkədən çıxmış Nobel mükafatçıları da bunun göstəricilərindən biridir. Düşünürəm ki, Azərbaycanda da yaxşı idarə olunan elmi qrantların genişləndirilməsi tədqiqatçıların müasir səviyyədə araşdırmalar aparmasına və ölkənin elmi nəticələrinin güclənməsinə mühüm töhfə verə bilər.

Əcnəbi tələbə kimi müşahidəm odur ki, çalışqan və məqsədyönlü olduğunuz halda, burada yerli və xarici tələbələr arasında ciddi fərq qoyulmur. Universitet xarici tələbələrin akademik və sosial mühitə uyğunlaşması üçün müxtəlif tədbirlər təşkil edir. Düzdür, macar dili bilikləri bəzi yerli təqaüd proqramlarına müraciət zamanı çətinlik yarada bilər. Lakin "The National Student Research Conference (OTDK)" kimi nüfuzlu elmi tədbirlərdə əcnəbi tələbələrin iştirakı mümkündür və onlar bu platformalarda yüksək nailiyyətlər də əldə edə bilirlər.

- Hansı ixtisas üzrə məzun olmusunuz? Bu ixtisas sizin üçün nə dərəcədə maraqlı və cəlbedicidir?

- Macarıstanda təhsil aldığım bütün pillələr üzrə ixtisasım biologiya olub. Əvvəldə də qeyd etdiyim kimi, Macarıstana gəlib təhsilimə yenidən başlamağımın əsas səbəblərindən biri məhz biologiya üzrə təhsil almaq və bu sahədə tədqiqat aparmaq istəyim idi.

Pécs Universitetində bakalavr təhsili aldığım müddətdə mikrobiologiyaya marağım artdı və bu istiqamətdə fəaliyyət göstərən tədqiqat qrupuna qoşuldum. Orada Candida göbələklərinə qarşı yeni müalicəvi maddələrin təsir gücünün qiymətləndirilməsi ilə bağlı araşdırma apardım. Biologiyanın müxtəlif sahələrinə marağım olsa da, qlobal əhəmiyyət daşıyan və hazırda ən aktual mövzulardan biri hesab olunan antimikrob müqaviməti üzərində işləmək istəyirdim.

Bu səbəbdən Macarıstanda, eləcə də beynəlxalq elmi mühitdə yüksək keyfiyyətli və innovativ tədqiqatları ilə tanınan "Dr. Csaba Pálın" qrupuna daxil oldum. Burada müasir və qabaqcıl tədqiqat metodları ilə tanış oldum, bu sahədə daha dərin nəticələr əldə etməyə başladım. Əldə etdiyim nəticələrin qlobal səhiyyə üçün mühüm problem olan antibiotik müqavimətinin həlli istiqamətində müəyyən töhfə verə bilməsi məni həm həvəsləndirir, həm də bu sahəyə bağlılığımı daha da artırır.

- PhD çərçivəsində tədqiqatlarınız barədə məlumat verərdiniz. Tədqiqatınız hansı məsələlərə həsr olunub və onun mahiyyəti, əhəmiyyəti nədən ibarətdir?

- PhD tədqiqatlarım əsasən antibiotiklərə qarşı müqavimət mövzusuna həsr olunub. Xüsusilə yeni nəsil antibiotiklərin hazırlanması zamanı hansı bioloji məqamlara diqqət yetirilməli olduğunu və bakteriyaların təkamül nəticəsində bu antibiotiklərə qarşı müqavimət formalaşdırmasının qarşısını almaq üçün hansı fizioloji hədəflərin seçilməli olduğunu araşdırmışam.

Tədqiqat nəticələrimiz göstərdi ki, xüsusi fizioloji hədəfləri birlikdə təsir altına alan antimikrobial maddələrə qarşı Gram-mənfi patogen bakteriyalar, məsələn, "E. coli", "P. aeruginosa", "K. pneumoniae" və "A. baumannii", müqavimət formalaşdırmaqda ciddi məhdudiyyətlərlə üzləşirlər. Bunun əsas səbəbi ondan ibarətdir ki, bakteriya membranı ilə yanaşı digər həyati vacib bioloji prosesin eyni vaxtda hədəf alınması antimikrobial maddənin təsir gücünü artırır və bakteriyanın uyğunlaşma imkanlarını azaldır.

Bu nəticələr gələcəkdə yeni antibiotiklərin hazırlanması zamanı mühüm istiqamət göstərə bilər. Əgər antibiotik dizaynında bu prinsiplər nəzərə alınarsa, bakteriyalarda müqavimətin yaranma ehtimalını azaltmaq və ağır bakterial infeksiyalardan əziyyət çəkən xəstələrin müalicə imkanlarını genişləndirmək mümkün ola bilər.

- Nüfuzlu elmi jurnalda dərc olunmuş məqalənizə bu sahədə tədqiqat aparan alimlərin reaksiyası necə oldu? Kimlərdən dəstək aldınız?

-Hazırda elmi tədqiqatların cəmiyyətə çatdırılması və populyarlaşması müəyyən dərəcədə sosial media platformaları və kütləvi informasiya vasitələri vasitəsilə həyata keçirilir. Bu təsir elmi mühitdə “Altmetric” göstəricisi ilə də ölçülür. Məqaləmin nəticələri bir sıra beynəlxalq elmi media qurumları, eləcə də Macarıstan KİV-ləri tərəfindən işıqlandırıldı. Bununla yanaşı, məqaləyə edilən istinadların sayı onun elmi cəmiyyətdə necə qarşılandığını göstərən əsas göstəricilərdən biridir. Dərc olunduqdan təxminən bir il ərzində məqaləmə sahəm üzrə müxtəlif elmi işlərdə 40-a yaxın istinad edilib.

Eyni zamanda, molekulyar biologiya sahəsində nüfuzlu təşkilatlardan biri olan EMBO (European Molecular Biology Organization) tərəfindən təşkil edilən "Mechanisms of Drug Resistance and Tolerance in Bacteria, Fungi, and Cancer" adlı konfransda məqaləmin nəticələrini təqdim etdim. Bu təqdimat zamanı sahə üzrə bir çox tanınmış alimlərdən müsbət rəylər aldım. Konfrans müddətində Nathalie Q. Balaban, Nassos Typas, Marvin Whiteley və Itai Yanai kimi alimlərlə fikir mübadiləsi aparmaq və faydalı elmi əlaqələr qurmaq imkanı qazandım.

Bu prosesdə ən böyük dəstəyi elmi rəhbərimdən, çalışdığım laboratoriyanın üzvlərindən və əməkdaşlıq etdiyimiz tədqiqatçılardan aldım. Elmi iş fərdi zəhmət tələb etsə də, belə nəticələrin əldə olunmasında komanda mühitinin və düzgün elmi mentorluğun rolu çox böyükdür.

- Tədqiqatlarınızın nəticələri nələri vəd edir? Hansı perspektivləri açır və qlobal pandemiyalarla mübarizədə nə kimi rolu ola bilər?

- Yeni nəsil antibiotiklərin inkişafı qlobal səviyyədə bakteriyalarda yaranan müqavimətə qarşı mübarizənin ən mühüm istiqamətlərindən biridir. Bu problemin həlli üçün antibiotiklərlə yanaşı alternativ yanaşmalar da araşdırılır. Məsələn, Gürcüstanda uzun illərdir bakteriofaqlar, yəni yalnız bakteriyaları hədəf alıb məhv edən və insan hüceyrələrinə zərər verməyən viruslar üzərində tədqiqatlar aparılır. Bununla yanaşı, antimikrobial peptidlər də perspektivli istiqamətlərdən biri hesab olunur. 

Bununla belə, ağır bakterial infeksiyalara qarşı əsas müalicə vasitələrindən biri hələ də antibiotiklərdir. Buna görə yeni sinif antibiotiklərin hazırlanmasına, mövcud antibiotiklərin struktur baxımından təkmilləşdirilməsinə və daha davamlı təsir mexanizmlərinin müəyyənləşdirilməsinə ehtiyac var. Tədqiqatlarımız bu istiqamətdə antibiotik dizaynı üçün konkret prinsiplər təklif edir. 

Ümid edirəm ki, təklif etdiyimiz prinsiplər nəzərə alınaraq hazırlanacaq yeni nəsil antibiotiklər bakteriyaların gələcəkdə yarada biləcəyi ciddi fəsadların qarşısını almağa kömək edəcək. Bu, xüsusilə xəstəxana infeksiyaları, immun sistemi zəif olan xəstələr və qlobal miqyasda yayıla bilən bakterial təhlükələrlə mübarizədə mühüm rol oynaya bilər.

- Antimikrob müqaviməti (AMR) getdikcə daha çox səssiz pandemiya kimi tanınır və proqnozlara görə, 2050-ci ilə qədər ildə 10 milyona qədər ölüm halı baş verə bilər. Tədqiqatlarınız bu bəlanın qarşısını almaqda nə kimi töhfələr verə bilər?

- Bəli, bir çox beynəlxalq səhiyyə qurumlarının proqnozlarına görə, ciddi tədbirlər görülməzsə, antimikrob müqaviməti bəşəriyyət üçün böyük təhlükəyə çevrilə bilər. "Murray C.", "Ikuta K.", "Sharara F." və həmkarlarının 2019-cu il üzrə apardığı tədqiqatın nəticələrinə əsasən, həmin il birbaşa antibiotiklərə müqavimət göstərən bakteriyalar səbəbindən həyatını itirən insanların sayı 1,27 milyon olub. Bu rəqəm problemin artıq gələcəyin deyil, bu günün ciddi səhiyyə çağırışı olduğunu göstərir.

Hazırda son çarə hesab olunan karbapenem sinfinə aid antibiotiklərə, eləcə də kolistinə qarşı davamlı bakteriyaların, xüsusilə xəstəxana şəraitində yayılması, yeni və uzunmüddətli təsirini qoruya biləcək antibiotiklərin zəruriliyini artırır. Tədqiqatlarımız göstərir ki, bakteriyaların müqavimət imkanlarını məhdudlaşdırmaq üçün yeni nəsil antibiotiklər eyni vaxtda iki hədəfə təsir etməlidir və bu hədəflərdən biri mütləq bakteriya membranı olmalıdır. İnanıram ki, bu prinsiplər əsasında hazırlanacaq antibiotiklər antimikrob müqaviməti ilə mübarizədə əhəmiyyətli töhfə verə bilər.

Bununla yanaşı, antibiotiklərin nəzarətsiz istifadəsi məsələsini də xüsusi vurğulamaq lazımdır. Bu gün bizi həmin vəziyyətə gətirən əsas səbəblərdən biri antibiotiklərdən düzgün istifadə olunmamasıdır. Viral infeksiyalar zamanı antibiotik qəbul etmək faydasızdır, çünki antibiotiklər viruslara təsir etmir. Əksinə, antibiotiklərin lazımsız və tez-tez istifadəsi bakteriyalarda müqavimətin yaranmasına şərait yaradır. Nəticədə gələcəkdə ciddi bakterial infeksiya ilə qarşılaşan xəstələr üçün bir çox antibiotik təsirsiz qala bilər. Buna görə yeni antibiotiklərin hazırlanması ilə yanaşı, onların istifadəsinə ciddi nəzarət mexanizmlərinin tətbiqi də vacibdir.

- Gələcək elmi planlarınız barədə nə deyərdiniz?

- Hazırda elmi fəaliyyətimin postdoktorantura mərhələsindəyəm. Qlobal elmi təcrübəyə əsasən, bu mərhələdə müxtəlif laboratoriyalarda və ölkələrdə tədqiqat aparmaq həm yeni bacarıqlar qazanmaq, həm də daha müstəqil alim kimi formalaşmaq baxımından mühüm əhəmiyyət daşıyır. Bu məqsədlə İsveçdə yerləşən Karolinska İnstitutunun elan etdiyi “KIRI Postdoctoral Fellowship” proqramının qalibi olmuşam. Sentyabr ayından etibarən növbəti iki il ərzində elmi fəaliyyətimi həmin institutda davam etdirəcək, antibiotiklərə davamlılıq göstərən patogen bakteriyalar, əsasən də vərəm və meningit törədiciləri üzərində tədqiqat aparacağam. 

Bu sahədə artıq bir neçə ildir çalışıram və müxtəlif ölkələrdə antibiotik müqaviməti yaradan bakteriyalar haqqında məlumat bazalarından istifadə edirik. Bu prosesdə diqqətimi çəkən əsas məqamlardan biri Azərbaycana dair sistemli məlumatların məhdud olmasıdır. Halbuki bu məlumatların mövcudluğu ölkənin səhiyyə sistemi üçün böyük əhəmiyyət daşıyır. Məsələn, hansı regionlarda hansı antibiotiklərə qarşı davamlı bakteriyaların yayıldığını bilmək həkimlərə daha düzgün müalicə planı və antibiotik kursu seçmək imkanı verə bilər.

Bu baxımdan gələcək hədəflərimdən biri Azərbaycandakı xəstəxanalar, universitetlər və elmi-tədqiqat institutları ilə əməkdaşlıq quraraq antimikrob müqaviməti üzrə milli məlumat bazasının formalaşdırılmasına və bu sahədə aparılan elmi araşdırmaların inkişafına töhfə verməkdir. Bununla yanaşı, cəmiyyətdə antibiotiklərdən düzgün istifadə ilə bağlı maarifləndirmə işinin gücləndirilməsini də vacib hesab edirəm.

Daha uzunmüddətli məqsədim isə Azərbaycanda müasir tədqiqat infrastrukturunun inkişafına dəstək vermək, beynəlxalq standartlara uyğun elmi mühitin formalaşmasına töhfə vermək və gənc tədqiqatçıların elmə marağını artırmaqdır. İstərdim ki, gələcəkdə ölkəmizdə qlobal səviyyədə rəqabət apara bilən tədqiqat qrupları yaransın və Azərbaycan alimləri beynəlxalq elmi layihələrdə daha fəal təmsil olunsunlar. Əgər bu istiqamətdə öz bilik və təcrübəmlə fayda verə bilsəm, bunu elmi fəaliyyətimin ən böyük nailiyyətlərindən biri hesab edərəm.