Ali məktəblərin elmi-tədqiqat işləri kommersiyalaşdırılacaq

27 Fevral, 2026 - 14:26
Ali məktəblərin elmi-tədqiqat işləri kommersiyalaşdırılacaq

Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı təsdiq olunub.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.

Fəaliyyət Planına əsasən, 2026-cı ilin dekabrına qədər dövlət informasiya ehtiyatlarında və sistemlərində elm və təhsil məlumatlarda uyğunsuzluqların 90 faizi aradan qaldırılacaq, məlumat səhvləri ilə bağlı müraciətlərin sayı 40 faiz azaldılalacaq.

“Mygov” və “Mygov Biznes” platformaları (onların portalı və mobil tətbiqləri) vasitəsilə bütün rəqəmsal dövlət xidmətlər və sənədlər, o cümlədən təhsil, miqrasiya, səhiyyə, əmək, sosial müdafiə, nəqliyyat, kommunal və aqrar sahələrə dair xidmətlər “bir pəncərə” prinsipi əsasında təqdim olunacaq.

2027-ci ilin dekabrına qədər innovasiya, Sİ və İKT-yə dair elmi tədqiqatların artırılması və təşviqi, habelə onların nəticələrinin kommersiyalaşdırılmasının və ixracının yüksəldilməsi üzrə tədbirlər planı hazırlanacaq və icrasına başlanılacaq.

2028-ci ilin iyun ayınadak ali təhsil müəssisələrinin innovasiya və elmi tədqiqat sahəsində imkanlarının araşdırılacaq, texnologiya transfer mexanizmləri tətbiq olunan ali təhsil müəssisələrinin sayı 10-a çatdırılacaq və ali təhsil müəssisələrində aparılan 5 elmi tədqiqat kommersiyalaşdırılacaq.

Mütəmadi olaraq ali təhsil müəssisəsi – sənaye tərəfdaşlığı üzrə prioritet mövzular müəyyən ediləcək və bu çərçivədə azı 10 qrant müsabiqə keçiriləcək.

2028-ci ilin dekabrına qədər Təbii Dil Emalı texnologiyalarının tətbiqi və Azərbaycan dili üzrə Böyük Dil Modellərinin yaradılması, dövlət xidmətlərində Sİ əsaslı interaktiv virtual köməkçilərin tətbiqi ilə xidmətlərin fasiləsiz rejimdə əlçatanlığı təmin ediləcək.

2027-ci ilin dekabrınadək ali təhsil, peşə və ümumi təhsil pillələrində İKT, Sİ və informasiya təhlükəsizliyi sahələri ilə əlaqəli ixtisaslar üzrə təhsil proqramlarının təkmilləşdirilməsi, onların əmək bazarının tələblərinə uyğunlaşdırılması, habelə sənaye ehtiyaclarına cavab verən beynəlxalq sertifikasiya proqramlarının tədris prosesinə inteqrasiyası təmin ediləcək.