Ali təhsilə yeni baxış – Fərqli strategiya, fərqli nəticə
Mingəçevir Dövlət Universitetində (MDU) elmi fəaliyyətin keyfiyyətcə yeni mərhələyə yüksəldilməsi, tədqiqat mühitinin institusional əsaslarının möhkəmləndirilməsi və universitetin innovasiya yönümlü inkişaf strategiyasının reallaşdırılması məqsədilə 2025-ci ilin iyul ayında iki yeni elmi-tədqiqat institutu yaradılıb. Bu təşəbbüs MDU-da elmin təşkili və idarə olunmasına sistemli yanaşmanın formalaşdırılmasına, tədqiqatların vahid strategiya əsasında əlaqələndirilməsinə və elmi potensialın daha səmərəli istifadəsinə xidmət edir. Süni İntellekt və Rəqəmsal Texnologiyalar İnstitutu universitetin rəqəmsal transformasiya istiqamətində müəyyən etdiyi prioritetlərin praktik təcəssümüdür. İnstitut çərçivəsində süni intellekt, maşın öyrənməsi, böyük verilənlərin analitikası, kibertəhlükəsizlik, rəqəmsal sistemlər və müasir informasiya texnologiyaları sahələrində fundamental və tətbiqi elmi-tədqiqatların aparılması nəzərdə tutulur. Eyni zamanda institut sənaye və dövlət qurumları ilə əməkdaşlıq əsasında innovativ həllərin hazırlanmasına, startap təşəbbüslərinin dəstəklənməsinə və tələbələrin tədqiqat prosesinə fəal cəlb olunmasına şərait yaradır.
Tədqiqat və İnkişaf İnstitutu isə universitetdə sosial, humanitar və tətbiqi elmlər üzrə elmi araşdırmaların genişləndirilməsi, multidissiplinar tədqiqat layihələrinin təşviqi və elmi fəaliyyətin koordinasiyalı şəkildə idarə olunması məqsədi daşıyır. İnstitut elmi layihələrin hazırlanması və icrası, beynəlxalq qrant proqramlarında iştirak, elmi nəşr fəaliyyətinin gücləndirilməsi və tədqiqat nəticələrinin praktik tətbiqinin təmin edilməsi istiqamətində mühüm funksiyalar yerinə yetirir. Bununla yanaşı, institut universitet-cəmiyyət-istehsalat əlaqələrinin möhkəmləndirilməsinə xidmət edən tədqiqatların aparılmasını da prioritet hesab edir.
Qlobal reytinqlərdə irəliləyiş və yaşıl inkişaf strategiyası
MDU-nun elmi fəaliyyətinin beynəlxalq tanınmasının daha bir təsdiqi universitetin “UI GreenMetric World University Rankings 2025” qlobal reytinqində əldə etdiyi nəticədir. MDU bu il dünya üzrə 897-ci, Azərbaycan üzrə isə ilk TOP10-luqda - 9-cu yerdə qərarlaşıb. Universitetin ümumi reytinq balı 2024-cü illə müqayisədə 5040-dan 5572.5-ə yüksələrək 10.5% artım nümayiş etdirib. Bu irəliləyiş universitetin “yaşıl kampus”, ekoloji məsuliyyət, dayanıqlı inkişaf və resursların səmərəli idarə olunması strategiyalarının ardıcıl şəkildə həyata keçirildiyini sübut edir.
Akademik heyətin gəncləşməsi, tədqiqat institutlarının fəaliyyəti, beynəlxalq indeksli məqalələrin çoxalması, yaşıl inkişaf strategiyası üzrə qlobal reytinqlərdə yüksəliş, bütün bu göstəricilər MDU-nun tədqiqat yönümlü, rəqəmsal və innovativ ali təhsil modeli üzrə inkişaf etdiyini təsdiq edir və universitetin 2030 vizyonuna doğru mühüm elmi dayaqlar formalaşdırır.
Əmək bazarına uyğun ixtisaslaşma və tətbiqyönümlü təhsil
Mingəçevir Dövlət Universitetində müşahidə olunan sürətli inkişaf dinamikası universitet-sənaye əməkdaşlığının genişləndirilməsi ilə bilavasitə bağlıdır. Bu istiqamətdə aparılan islahatlar ali təhsilin real əmək bazarının tələblərinə uyğunlaşdırılmasını, məzunların praktiki bacarıqlarla təmin olunmasını və peşəkar adaptasiya imkanlarının artırılmasını hədəfləyir.
Universitet-sənaye əməkdaşlığı çərçivəsində mövcud ixtisaslar, onların məzmunu, tədris edilən fənlər üzrə sillabuslar və təhsil proqramları yenidən nəzərdən keçirilib, müasir istehsalat və xidmət sahələrinin ehtiyaclarına uyğun şəkildə təkmilləşdirilib.
MDU-da ixtisaslaşma strukturu əmək bazarının çağırışlarına uyğun olaraq çevik formada yenilənib, bunun bariz nümunəsi kimi, “Kimya müəllimliyi” proqramı optimallaşdırılaraq daha interdisiplinar yanaşmanı əks etdirən “Kimya-biologiya müəllimliyi” ixtisası ilə əvəz edilib. Eyni zamanda, süni intellekt, kibertəhlükəsizlik, data analitikası, enerji səmərəliliyi, logistika və turizm kimi strateji sahələr üzrə kadr hazırlığının genişləndirilməsi universitetin inkişaf strategiyasında prioritet istiqamətlərdən birinə çevrilib.
İnnovativ infrastruktur və rəqəmsal tədris mühiti
MDU-da tədris mühitinin modernləşdirilməsi istiqamətində 2024/2025-ci tədris ilində atılan innovativ addımlar universitetin regional ali təhsil sistemində mövqeyini daha da möhkəmləndirib. Yeni infrastrukturun istifadəyə verilməsi, laboratoriyaların yenilənməsi və “yaşıl kampus” modelinə keçid MDU-nun strateji inkişaf xəttinin əsas komponentlərinə çevrilib. Turizm ixtisaslarında təhsil alan tələbələr üçün Türkiyənin qabaqcıl şirkətlərinin dəstəyi ilə yaradılmış “Tourism Skills Lab” tətbiqyönümlü biliklərin formalaşdırılmasında yeni mərhələ açıb, “ElektraWeb”, “Opera”, “HBO” kimi beynəlxalq PMS sistemlərinin praktiki tədrisini mümkün edib. İnformasiya texnologiyaları sahəsində isə universitet regionda ilk dəfə olaraq “Cisco Networking Academy” statusu qazanıb, bununla da qlobal şəbəkə texnologiyalarının tədrisi üzrə beynəlxalq tərəfdaşlıq platforması yaradıb.
Elektron imtahan modelinə keçid
Mingəçevir Dövlət Universitetində imtahan prosesinin müasirləşdirilməsi, obyektivliyin və şəffaflığın artırılması məqsədilə elektron imtahan modelinin tətbiqi və qiymətləndirmə mexanizmlərinin rəqəmsallaşdırılması istiqamətində ardıcıl və sistemli addımlar atılıb. Müraciətlər və təhlillər əsasında imtahan sisteminin təkmilləşdirilməsinə dair yeni qərarlar qəbul edilib, tədris və qiymətləndirmə prosesinin rəqəmsal əsasda idarə olunmasına başlanılıb.
Universitetdə bütün fakültə və kafedralar üzrə elektron jurnala tam keçid təmin edilib, qiymətləndirmə prosesinin standartlaşdırılması və tələbə-müəllim münasibətlərinin rəqəmsal formatda izlənməsi mümkün olub. Eyni zamanda, imtahanların mərkəzləşdirilmiş, şəffaf və nəzarət olunan mühitdə təşkili məqsədilə Elektron İmtahan Mərkəzinin yaradılması planlaşdırılıb və bununla bağlı institusional baza formalaşdırılıb.
Elektron imtahan modelinin praktiki tətbiqi mərhələsinə də start verilib. Belə ki, 2025/2026-cı tədris ilinin payız semestrindən etibarən bakalavriat və magistratura səviyyələrində 15 imtahan pilot layihə çərçivəsində kompüter əsaslı elektron formatda təşkil ediləcəkdir. Xüsusilə informasiya texnologiyaları və mühəndislik yönümlü fənlər üzrə sessiya imtahanlarının elektron formada keçirilməsi planlaşdırılır.
Beynəlxalq əməkdaşlıq və strateji tərəfdaşlıqlar
2025/2026-cı tədris ilindən etibarən MDU-da beynəlxalq əməkdaşlığın genişləndirilməsi və keyfiyyətcə yeni mərhələyə keçirilməsi universitetin inkişaf strategiyasının əsas prioritet istiqamətlərindən biri olub. Bu çərçivədə beynəlxalq tərəfdaşlıq fəaliyyətləri sistemli yanaşma əsasında qurulub, yeni anlaşma və əməkdaşlıq memorandumlarının imzalanması, mövcud əməkdaşlıqların dərinləşdirilməsi və praktik nəticəyönümlü mexanizmlərin formalaşdırılması təmin edilib.
Hesabat dövründə xarici tərəfdaşlarla imzalanmış çoxsaylı sənədlərin əsas məqsədi tələbə və müəllim mübadiləsinin genişləndirilməsi, birgə elmi-tədqiqat işlərinin aparılması, beynəlxalq və regional layihələrin hazırlanması, ikili və birgə diplom proqramlarının təşkili, eləcə də tədris proqramlarının uyğunlaşdırılması olmuşdur.
Türkiyə Cümhuriyyətinin aparıcı ali təhsil müəssisələri beynəlmiləlləşmə strategiyasının əsas istiqamətini təşkil edib. Dokuz Eylül Universiteti, Ege Universiteti, Ankara Hacı Bayram Veli Universiteti, Gazi Universiteti, TED Universiteti və OSTİM Texniki Universiteti ilə imzalanmış Anlaşma memorandumlarını xüsusi qeyd edə bilərik.
Beynəlxalq akademik mobilliyin genişləndirilməsi məqsədilə MDU ilk dəfə olaraq “Orhun Mübadilə Proqramı” çərçivəsində tələbə və müəllim mübadiləsi üzrə qəbul elan edib.
Regional əməkdaşlıq istiqamətində Özbəkistan Respublikasının ali təhsil müəssisələri ilə aparılan danışıqlar və görüşlər MDU-nun Türk dünyası ali təhsil məkanında mövqeyinin gücləndirilməsinə xidmət edib.
Sosial innovasiya və tələbə rifahı
MDU-da tələbə həyatının sağlam həyat tərzi, ekoloji məsuliyyət və gender bərabərliyi kimi müasir istiqamətlərə uyğunlaşdırılması məqsədilə həyata keçirilmiş “Velo-Park: Sağlam Gənclik, Yaşıl Kampus” layihəsi 2024/2025-ci tədris ilinin sosial innovasiya baxımından ən mühüm hadisələrindən biridir.
Beynəlxalq elmi platformaya çevrilən III Beynəlxalq Konfrans
2025-ci ilin 6-8 dekabr tarixlərində Mingəçevir Dövlət Universitetinin ev sahibliyi ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən “Davamlı İnkişaf Strategiyası: Qlobal Trendlər, Milli Təcrübələr və Yeni Hədəflər” III Beynəlxalq Konfransı ali təhsil müəssisəsinin il ərzində həyata keçirdiyi fəaliyyətlər arasında ən genişmiqyaslı elmi hadisə olmaqla MDU-nun beynəlxalq akademik məkanla inteqrasiyasının simvoluna çevrilib.
Ümumilikdə, hesabat dövrü Mingəçevir Dövlət Universitetinin klassik ali təhsil çərçivəsindən kənara çıxaraq tətbiqi biliklərə, beynəlxalq standartlara və real nəticələrə əsaslanan müasir universitet modelinin qurulması istiqamətində mühüm mərhələ kimi qiymətləndirilir. Bu əsaslar üzərində formalaşan inkişaf xətti universitetin qarşıdakı dövrdə əldə etdiyi nəticələri genişləndirməsinə və ali təhsil məkanında mövqeyini daha da möhkəmləndirməsinə imkan verəcəkdir.

Ceyhun MAHMUDOV,
Mingəçevir Dövlət Universitetinin Tədris prosesinin təşkili və idarə olunması məsələləri üzrə müşaviri, iqtisad üzrə fəlsəfə doktoru, dosent



