Ali təhsilin keyfiyyəti ilə ona ayrılan vəsait arasında ciddi əlaqə var – Emin Əmrullayev

8 İyul, 2026 - 15:58
Ali təhsilin keyfiyyəti ilə ona ayrılan vəsait arasında ciddi əlaqə var

“SABAH qrupu layihəsi Azərbaycan ali təhsilinin, həmçinin Azərbaycan ali təhsilinin məzunlarının keyfiyyətinə müsbət təsir edib”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev “SABAH-ın Məzunu 2026” tədbirində səsləndirib.

Nazir bildirib ki, ötən ildən yeni SABAH təşəbbüsünə başlanılıb, tələbələr artıq II kursdan deyil, I kursdan SABAH qruplarına qəbul olunurlar:

“SABAH proqramının məqsədlərindən biri də ondan ibarət idi ki, ali təhsil müəssisəsinə gəlib keyfiyyətli təhsil almaq istəyən gənc orada itməsin. Yəni özünəməxsus, özü üçün uyğun olan bir mühit tapa bilsin. Artıq SABAH çərçivəsində universitetlərin əhatə dairəsi genişləndirilib, daha çox ali təhsil müəssisəsi bu layihəyə qoşulub”.

Emin Əmrullayev bildirib ki, SABAH layihəsi Azərbaycan ali təhsilinin islahat hekayəsidir: “Eyni zamanda bu proqram çərçivəsində biz isbat etməyə çalışırıq ki, ali təhsilin keyfiyyəti ilə ali təhsilə ayrılan maliyyə vəsaitləri arasında çox ciddi əlaqə var. Bu əlaqə özünü SABAH nümunəsində isbat edir. Çünki dövlət vəsaiti, SABAH təqaüdləri, SABAH-ın özünün ayrıca maliyyə təminatı bu proqramın bir hissəsidir”.