Alimlər bakteriyalardan plastikləri əvəz edə biləcək material hazırladılar
ABŞ-də alimlər bakteriyaların köməyi ilə plastikləri əvəz edə biləcək yeni ekoloji “supermaterial” hazırlayıblar.
"Azərbaycan müəllimi" xarici KİV-ə istinadən xəbər verir ki, Rays və Hyuston universitetlərinin tədqiqatçıları bakterial sellüloz əsasında həm möhkəm, həm elastik, həm də şəffaf material istehsal etməyə nail olublar. Araşdırma “Nature Communications” jurnalında dərc olunub.
Alimlərin sözlərinə görə, yeni material bəzi metallar və şüşə qədər davamlıdır, eyni zamanda qatlanır və istiliyi adi materiallardan üç dəfə daha sürətli yayır. Texnologiya xüsusi bioreaktorda bakteriyaların hərəkətini idarə etməklə hazırlanıb.
Tədqiqatçılar hesab edirlər ki, bu biomaterial gələcəkdə qablaşdırma, tekstil, elektronika və enerji texnologiyalarında plastiklərin yerini tuta bilər.
Layihənin əsas məqsədi ətraf mühitə və insan sağlamlığına zərər verən mikroplastiklərin istifadəsini azaltmaqdır.



