Alimlər ən “süni” bakteriyanı yaradıblar
Elm adamları indiyədək mövcud olmuş ən “süni” bakteriyanı — “Syn57” adlı yeni E.coli növünü yaradıblar. Bu bakteriyanın genetik kodu digər bütün canlılardan daha sadə və dəyişdirilmiş formadadır.
Məlum olduğu kimi, həyatın “resepti” 64 kodondan ibarət genetik dil üzərində qurulub. Halbuki canlıların protein sintezində cəmi 20 amin turşusundan istifadə olunur. Bu isə bir çox kodonların artıq, yəni təkrarlanan olmasını göstərir.
Böyük Britaniyanın Molekulyar Biologiya üzrə Tibb Araşdırmaları Şurasının alimləri bu kodların bir hissəsini ixtisar edərək bakteriyanın genomunu 57 kodona endirməyi bacarıblar. Bu məqsədlə genomda 101 min dəyişiklik aparılıb və nəticədə “Syn57” adlanan tamamilə süni bakteriya yaradılıb.
Tədqiqat göstərib ki, həyat bu qədər “sıxılmış” genetik plana uyğun da mövcud ola bilər. Bundan başqa, artıq kodonların ixtisarı gələcəkdə yeni amin turşuları və süni polimerlərin istehsalına imkan aça bilər.
Ən mühüm məqam isə budur ki, “Syn57”in genetik kodunu təbiətdəki viruslar oxuya bilmir. Bu isə onun virus infeksiyalarına davamlı olmasına və genetik məlumatın xarici mühitə sızmamasına şərait yaradır.
Alimlərin fikrincə, bu nailiyyət həm biotexnologiya, həm də təbii mühitin qorunması baxımından mühüm imkanlar açır.
Alidə Məmmədova,
III “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçısı



