Alimlər üçün yeni süni intellekt platforması təqdim edilib
"Google" şirkəti elmi araşdırmaları sürətləndirmək üçün hazırlanmış yeni “Gemini for Science” platformasını təqdim edib.
"Azərbaycan müəllimi" xəbər verir ki, süni intellekt əsaslı sistem müxtəlif elmi sahələrdə çalışan tədqiqatçılara hipotez qurmaq, məlumatları analiz etmək və yeni elmi ideyalar hazırlamaq üçün dəstək verməyi hədəfləyir.
Şirkətin məlumatına görə, platforma "Google DeepMind" tərəfindən hazırlanmış "Co-Scientist", "AlphaEvolve", ERA və "NotebookLM" kimi texnologiyaları birləşdirir. "Google" bildirir ki, məqsəd alimlərin vaxt aparan texniki proseslərə deyil, daha çox elmi yeniliklərə fokuslanmasına kömək etməkdir.
“Gemini for Science” çərçivəsində hazırda üç əsas eksperimental alət təqdim olunub. “Hypothesis Generation” sistemi minlərlə elmi məqaləni analiz edərək yeni tədqiqat ideyaları və ehtimallar formalaşdırır. “Computational Discovery” adlı alət isə eyni anda minlərlə kod variantını sınaqdan keçirərək günəş enerjisi proqnozlaşdırılması və epidemiologiya kimi sahələrdə yeni modellər hazırlamağa imkan verir.
“Literature Insights” funksiyası alimlərə elmi məqalələri daha rahat analiz etməyə kömək edir. Sistem araşdırmaları cədvəllərə ayırır, mətnlər arasında əlaqə qurur və avtomatik hesabatlar, təqdimatlar, infoqrafikalar hazırlaya bilir.
Google həmçinin “Science Skills” adlı yeni modulunu da təqdim edib. Bu sistem "AlphaFold Database", "UniProt" və digər 30-dan çox biologiya və genetika bazasını birləşdirir. Şirkət bildirir ki, platforma sayəsində struktur biologiyası və genom analizləri əvvəllər saatlarla çəkdiyi halda, artıq bir neçə dəqiqəyə həyata keçirilə bilər.
"Google"un açıqlamasına görə, platformanın ilkin sınaqları zamanı tədqiqatçılar AK2 gen mutasiyası ilə əlaqəli nadir genetik xəstəliyin mümkün mexanizmlərini müəyyənləşdirə biliblər.
"Google" şirkəti hesab edir ki, süni intellekt gələcəkdə elmdə ən mürəkkəb problemlərin həllini sürətləndirən əsas vasitələrdən birinə çevriləcək.



