Alman komandası: Azərbaycanda yaxşı nəticə əldə edəcəyimizə ümid edirik
Bakıda keçirilən Beynəlxalq STEAM Azərbaycan Festivalı 2025-də iştirak edən xarici komandalar arasında Almaniyanın Saksoniya bölgəsindən gələn “ESO H2 Beast” də xüsusi diqqət çəkir. Komandanın üzvləri yarış barədə təəssüratlarını “Azərbaycan müəllimi” ilə bölüşüblər.
“Biz bu il Almaniyada keçirilən dünya finalında iştirak etdik və artıq 4 ildir ki, bu yarışmalara mütəmadi olaraq qatılırıq”.
Bu sözləri Saksoniya bölgəsində yerləşən Qış İdmanları üzrə İttifaq Məktəbini təmsil edən “ESO H2 Beast” komandasının kapitanı Albert Bergman deyib.
16 yaşlı Albert bildirir ki, onların komandası hazırda Almaniyada ikinci ən yaxşı komanda hesab olunur:
“Azərbaycanda yaxşı nəticə əldə edəcəyimizə ümid edirik. Biz “Horizon” şirkətindən başlanğıc dəsti alırıq və onu tamamilə təkmilləşdirərək daha güclü, sürətli və məhsuldar hala gətiririk. Daha sonra bu avtomobili şagird qrupu olaraq özümüz yığıb digər şagird komandalarla yarışırıq. Bu maşın hidrogen ilə işləyir”.
Albert deyir ki, Almaniya məktəblərində beşinci sinifdən STEAM komandaları formalaşdırılır:
“Bizim avtomobillərə marağımız filmlərdən gəlirdi. Sürətli maşınlar oğlanların diqqətini çəkir. Buna görə də bu sahəyə maraq göstərməyə başladıq”.
Komanda kapitanı Azərbaycanda olmaqdan həyəcan duyduğunu da əlavə edib: “Yarışacağımız anı səbirsizliklə gözləyirik”.
Qeyd edək ki, festivalda iştirak üçün 5000-dən çox şəxs qeydiyyatdan keçib, final mərhələsinə 1400-dən artıq iştirakçı vəsiqə qazanıb, 202 nəfər 19 xarici ölkəni təmsil edir. Ümumilikdə festivalda 22 ölkə qatılıb.
Beynəlxalq STEAM Azərbaycan Festivalı 19 noyabr tarixinədək davam edəcək.



