Altı nəfərlə düşmənin səkkiz postunu ələ keçirdilər - Müharibə iştirakçısı danışır
Azərbaycan Ordusunun ehtiyatda olan mayoru Vətən müharibəsi iştirakçısı Faiq Abdullayev bu gün döyüş meydanında qazandığı zəngin təcrübəni gənc nəslə ötürür. 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda silaha sarılan, döyüş meydanında şücaət və əzmkarlıq nümayiş etdirən zabit indi məktəbdə gələcəyin müdafiəçilərini yetişdirir, onlara Vətən sevgisini, hərbi bilikləri və milli-mənəvi dəyərləri aşılayır.
Bəzən insanın həyat yolu elə hadisələrlə zəngin olur ki, onun hər mərhələsi ayrıca bir hekayəyə çevrilir. Hərbi xidmət illəri, döyüş meydanında üzləşdiyi ağır sınaqlar, yaralanma və yenidən həyata qayıdış... Bütün bunlar insanın taleyində silinməz izlər buraxmaqla yanaşı, onun xarakterini, iradəsini və həyata baxışını da formalaşdırır.
Azərbaycan Ordusunun ehtiyatda olan mayoru, Vətən müharibəsi iştirakçısı, Salyan rayonu Ramiz Qafarov adına tam orta məktəbin gənclərin çağırışaqədərki hazırlığı rəhbəri Faiq Abdullayevin həyat yolu da məhz belə bir taleyin, fədakarlığın və Vətənə xidmət amalının təcəssümüdür. Onun keçdiyi yol yalnız bir zabitin həyat hekayəsi deyil, həm də torpaq sevgisinin, vətənpərvərliyin və qazandığı təcrübəni gələcək nəsillərə ötürmək məsuliyyətinin nümunəsidir.
O, hərbçi kimi Vətənin müdafiəsində iştirak edib, Qarabağın azadlığı uğrunda döyüşüb, müharibənin ağrı-acısını yaşayıb. "Hərbi xidmətlərə görə", "Xocavəndin azad olunmasına görə", "Vətən müharibəsi iştirakçısı", eləcə də "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi", "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi", "Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi" yubiley və 3-cü dərəcəli "Qüsursuz xidmətə görə" və 2-ci dərəcəli "Qüsursuz xidmətə görə" medalları ilə təltif edilib.
Bu gün isə gənclərin çağırışaqədərki hazırlığı rəhbəri kimi fəaliyyət göstərərək hərbi bilik və təcrübəsini gənc nəslə öyrədir
“Azərbaycan müəllimi” oxuculara Faiq Abdullayevin həyat və döyüş yolundan, çağırışaqədərki hazırlığı rəhbəri kimi fəaliyyətindən bəhs edən yazını təqdim edir.
Zabit kimi formalaşan həyat yolu və xidmət təcrübəsi
Faiq Abdullayev təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini başa vurduqdan sonra Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində birillik hazırlıq keçərək sertifikat alıb. Onun zabit kimi xidməti müxtəlif bölgələrdə davam edib. Belə ki, Goranboyda, Tovuzda, Şəmkirdə və Qazaxda yerləşən “N” hərbi hissələrdə xidmət edib. Onun üçün hərbçi olmaq sadəcə peşə seçimi olmayıb. O, torpaqlarımızın işğal altında olduğu, xalqımızın Qarabağ həsrəti ilə yaşadığı bir dövrdə böyüyüb. Vətənin ərazi bütövlüyünün bərpası, dövlətin müdafiəsi və xalqın təhlükəsizliyi onun üçün hər zaman xüsusi əhəmiyyət daşıyıb.
Zabit kimi qazandığı təcrübə onun üçün intizam, məsuliyyət, çətin şəraitdə düzgün qərar vermək və tabeliyində olan şəxslərin taleyinə cavabdehlik daşımaq deməkdir.
Faiq Abdullayevin sözlərinə görə, zabit, ilk növbədə, şəxsi nümunəsi ilə seçilməli, üzərinə düşən vəzifəni vaxtında və düzgün yerinə yetirməli, çətin anlarda əsgərinə dayaq olmalıdır. Hərbi xidmət illəri ərzində qazandığı bu prinsiplər sonradan həm döyüş meydanında, həm də müəllimlik fəaliyyətində onun üçün əsas meyarlardan birinə çevrilib.
Qarabağ savaşının unudulmaz izləri
2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda Faiq Abdullayev Qazax rayonunda xidmət edirdi. Müharibənin ilk günlərindən döyüşlərə qatılan zabit Cəbrayıl, Füzuli və Xocavənd istiqamətlərində aparılan əməliyyatlarda iştirak edib. Onun üçün həmin günlər həm böyük məsuliyyət, həm də ömrünün ən ağır sınaqlarından biri olub. Döyüş şəraitində hərbi hazırlıqla yanaşı, soyuqqanlılıq, dözümlülük, qarşılıqlı etimad və silahdaşına arxa olmaq xüsusi əhəmiyyət daşıyırdı.
Faiq Abdullayevin yaddaşında silinməz iz qoyan hadisələrdən biri oktyabrın 13-də Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində baş verib. Düşmənlə təxminən 40 metr məsafədə üz-üzə gəldikləri şiddətli döyüş zamanı bölmə mühasirəyə düşüb. Son dərəcə çətin və təhlükəli vəziyyətlə üzləşmələrinə baxmayaraq, döyüşçülər ruh yüksəkliyi və qətiyyət nümayiş etdirərək düşmənə qarşı müqaviməti davam etdiriblər. Gərgin mübarizənin sonunda qəhrəman igidlərimiz qarşılarına qoyulan döyüş tapşırığını uğurla yerinə yetirməyə nail olublar.
Oktyabrın 28-də Faiq Abdullayev Alxanlı kəndi istiqamətində irəliləyən qrupun tərkibində daha bir ağır döyüşə qatılıb. Onun sözlərinə görə, cəmi altı nəfərdən ibarət qrup düşmənin səkkiz postunu ələ keçirməyə nail olub.
Sayca az olmalarına baxmayaraq, hərbçilər geri çəkilməyərək qarşılarına qoyulan döyüş tapşırığını yerinə yetirmək üçün mübarizəni qətiyyətlə davam etdiriblər. Faiq Abdullayev üçün belə çətin anlarda döyüş yoldaşlarına güvənmək, intizama riayət etmək və üzərinə düşən məsuliyyəti dərk etmək xüsusi əhəmiyyət daşıyıb. Məhz bu keyfiyyətlər ən ağır sınaqlar qarşısında belə döyüşü davam etdirmək üçün mühüm dayaq olub.
Noyabrın 1-də Xocavənd istiqamətində yerləşən 443,7 yüksəkliyinin ələ keçirilməsi Faiq Abdullayevin döyüş yolunda əsas mərhələlərdən birinə çevrilib. Əldə olunan mövqenin qorunması məqsədilə hərbçilər noyabrın 7-dək gecə-gündüz davam edən düşmən hücumlarına qarşı müqavimət göstəriblər. Gərgin döyüş şəraitində mövqelərin müdafiəsi onların dözümlülüyünü, əzmini və döyüş tapşırığına sadiqliyini bir daha sınağa çəkib.
Noyabrın 7-də saat 09:30 radələrində Xocavənd istiqamətində gedən döyüşlər zamanı Faiq Abdullayev yaralanıb. Həmin döyüşdə onunla birlikdə daha altı hərbçi də xəsarət alıb. Bu hadisə onun döyüş yolunun ən ağır məqamlarından biri kimi yadda qalıb.
Müəllimliyi Vətənə xidmətin davamı kimi dəyərləndirir
Faiq Abdullayev 2021-ci ildə hərbi xidmətini başa vuraraq ehtiyata buraxılıb. Vətən müharibəsi zamanı aldığı yaralar və sonrakı müalicə-bərpa prosesi onun hərbi xidmətini davam etdirməsinə mane olub. Lakin bu, onun üçün Vətənə xidmətin sona çatması demək olmayıb. Sadəcə xidmətinin istiqaməti dəyişib. 2021-ci ilin sentyabrından Salyan rayonu Ramiz Qafarov adına tam orta məktəbdə gənclərin çağırışaqədərki hazırlığı rəhbəri kimi fəaliyyətə başlayıb. Beləliklə, hərbi xidmət illərində qazandığı bilik və təcrübəni məktəb mühitində gənc nəslə ötürmək imkanı əldə edib.
Faiq Abdullayevin hərbçi kimi qazandığı təcrübə, formalaşdırdığı intizam və məsuliyyət hissi bu gün də onun fəaliyyətinin əsasını təşkil edir. Məhz buna görə də o, müəllimliyi öz həyat amalının yeni istiqaməti, bilik və təcrübəsini gələcək nəsillə bölüşərək Vətənə xidmətini davam etdirmək imkanı kimi dəyərləndirir.
Bu gün Faiq Abdullayev dərslərini yalnız hərbi biliklər öyrətməklə məhdudlaşdırmır. Şagirdlərə intizamlı olmağı, məsuliyyət daşımağı, çətinliklər qarşısında geri çəkilməməyi, komanda ruhunu qorumağı və Vətənə sədaqətlə xidmət etməyi də aşılayır. Müəllim döyüş xatirələrini də şagirdlərlə bölüşür. O, müharibənin gerçək üzünü, silahdaşlar arasındakı birliyi, qarşılıqlı etimadı, və müharibənin ağır itkilərini gənc nəslə çatdırmağa çalışır.
Onun sözlərinə görə, müharibə yalnız qəhrəmanlıqdan ibarət deyil. Müharibə eyni zamanda, böyük məsuliyyət, ağır sınaqlar və insan həyatının qiymətini dərindən dərk etmək deməkdir. Buna görə də gənclərə həm Vətəni qorumağın vacibliyini, həm də sülhün dəyərini anlatmaq lazımdır.
Vətənpərvərlik sözlə deyil, əməllə sübut olunur
Vətən müharibəsi iştirakçısı kimi Faiq Abdullayev gənc nəslin milli ruhda yetişdirilməsini özünün əsas vəzifələrindən biri hesab edir. Onun fikrincə, vətənpərvərlik yalnız sözlə ifadə olunan hiss deyil. Vətənini sevmək onun tarixini bilmək, dövlət rəmzlərinə hörmət etmək, milli dəyərləri qorumaq və lazım gəldikdə ölkənin müdafiəsinə hazır olmaqdır.
Faiq Abdullayev deyir ki, müəllimin şəxsi nümunəsi gənclərin formalaşmasında mühüm rol oynayır. Bu baxımdan onun həyat yolu şagirdlər üçün yalnız hərbi biliklərdən ibarət deyil, həm də məsuliyyət, iradə və Vətənə bağlılıq nümunəsidir.
Hərbçi kimi keçdiyi yola nəzər salan mayor bu illəri şərəf, qürur və fədakarlıq məktəbi hesab edir. 44 günlük Vətən müharibəsində iştirak etmək, torpaqlarımızın azadlığı uğrunda döyüşmək onun həyatının ən unudulmaz səhifələrindəndir.




