Angela Romney: Müəllim öz fəaliyyətini təhlil etməli və hər bir şagirdə uyğun yanaşma tapmalıdır
"Dünyada müəllim standartlarının müxtəlif modelləri mövcuddur və bu standartlar müəllimlərdən çoxşaxəli bacarıqlar tələb edir. Standartların geniş olması müəllimlərdən həm peşəkar bilik, həm də şagirdlərlə güclü münasibətlər qurmaq bacarığı tələb olunması ilə bağlıdır.
“Azərbaycan müəllimi” xəbər verir ki, I Qarabağ Təhsil Forumunda Təhsilin Ketfiyyətinin Artırılması mövzusunda təşkil edilən panel müzakirə zamanı TİSA-nın direktoru Angela Romney tərəfindən səsləndirilib.
A.Romney qeyd edib ki, uğurlu müəllimlər hər bir şagirdin inkişafına cavabdeh olduqlarını qəbul edir və müxtəlif bəhanələrə sığınmırlar: “Müəllim deməməlidir ki, bu şagird diqqət çatışmazlığına görə öyrənə bilməz və ya digəri tənbəldir. Əksinə, müəllim öz fəaliyyətini təhlil etməli və hər bir şagirdə uyğun yanaşma tapmalıdır”.
O əlavə edib ki, bu yanaşma müəllimlərin həm fərdi, həm də komanda şəklində işləməsini tələb edir: “Əsas sual budur: sinifdəki problemləri necə həll edək və tədrisi necə fərdiləşdirək ki, bütün şagirdlərə çata bilək?”
TISA direktoru vurğulayıb ki, bu məsuliyyət hissi müəllim effektivliyinin formalaşmasına gətirib çıxarır və elmi araşdırmalar da göstərir ki, məhz müəllim effektivliyi şagird nailiyyətlərinə təsir edən əsas amildir.



