Astarada bədən tərbiyəsi və idman müəllimləri ilə görüş keçirilib
Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Lənkəran-Astara Regional Təhsil İdarəsinin dəstəyi ilə Lənkəran şəhər 2 nömrəli tam orta məktəbdə ümumtəhsil məktəblərində bədən tərbiyəsi və idman sahəsində çalışan müəllimlərlə görüş keçirilib.
"Azərbaycan müəllimi"nə Regional idarələrdən verilən məlumata görə, görüşdə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin idman sektorunun müdiri Yusif Xamiyev və idarənin əməkdaşları, Azərbaycan Həndbol Federasiyasının məşqçisi, Əməkdar bədən tərbiyəsi və idman xadimi Vidadi Əliyev, Azərbaycan Kapoeyra Federasiyasının Lənkəran–Astara regionu üzrə nümayəndəsi Tural Şirməmmədov və ümumtəhsil məktəblərində çalışan idman rəhbərləri və fiziki tərbiyə müəllimləri iştirak ediblər.
Tədbirdə Lənkəran şəhər UGİM-in tərkibində fəaliyyət göstərən həndbol, ağırlıqqaldırma və boks idman növləri, Lənkəran Olimpiya İdman Kompleksində mövcud olan idman bölmələri və “Üzməyi öyrənək” layihəsi barədə ətraflı məlumat verilib. Mövzuya uyğun videoçarxlar nümayiş etdirilib. Daha sonra iştirakçılar tərəfindən ünvanlanan suallar cavablandırılıb.


