ATU tədqiqatçıları ilk süni intellekt əsaslı ağıllı avtomobil hazırlayıblar
Azərbaycan Texnologiya Universitetinin (ATU) İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə universitetin tələbələri və tədqiqatçıları tərəfindən hazırlanmış ilk süni intellekt əsaslı ağıllı elektrik avtomobilinin təqdimatı keçiriləcək.
"Azərbaycan müəllimi" xəbər verir ki, “ATU-Car” adlanan innovativ layihənin təqdimatı 5 noyabr 2025-ci il tarixində, saat 13:00-da baş tutacaq. Təqdimat Zəfər Gününə həsr olunmuş “Elm və texnologiyaların müasir trendləri” adlı Respublika Elmi-Praktik Konfrans çərçivəsində reallaşacaq.
Layihə çərçivəsində ölkədə ilk dəfə olaraq bir neçə müasir texnologiya bir sistemdə birləşdirilib. Ağıllı avtomobil günəş panelli enerji sistemi, universitet istehsalı olan özəl batareya texnologiyası, hərəkət sensorları vasitəsilə enerji bərpası, GPS əsaslı idarəetmə, həmçinin 0-dan proqramlaşdırılmış “beyin” sistemi ilə təchiz olunub.
Layihə enerji səmərəliliyi, ekoloji təmizlik və intellektual idarəetmə sahəsində universitetin mühüm elmi nailiyyətlərindən biri olmaqla ATU-nun innovasiya yönümlü inkişaf strategiyasının növbəti mərhələsini nümayiş etdirir.


