Avropada öyrəndiklərimi ölkəmdə tətbiq etmək istədim - Beynəlxalq Kembric Məktəbinin müəllimi
Naxçıvanda başlanan bir akademik yol Avropa auditoriyalarından keçərək yenidən doğma universitetə qayıdıb. Söhbət Naxçıvan Dövlət Universitetində təhsil alan, daha sonra Gent Universitetində beynəlxalq akademik təcrübə qazanan Gülşən Salmanovadan gedir. O bu gün artıq NDU-nun nəzdində Beynəlxalq Kembric Məktəbinin tarix və sosial elmlər (Humanities) müəllimi kimi fəaliyyət göstərir.
Avropa təhsil mühitində formalaşan bilik və bacarıqlarını Kembric standartları əsasında Naxçıvanda tətbiq etməyə başlayan gənc müəllimlə akademik yolundan, beynəlxalq təcrübəsindən və gələcək hədəflərindən danışdıq.
“Azərbaycan müəllimi” həmin müsahibəni təqdim edir:
- Gülşən xanım, ilk olaraq sizi tanıyaq.
- Mən 2002-ci ildə anadan olmuşam. Orta təhsilimi 2019-cu ildə Naxçıvan şəhər 12 nömrəli məktəbində fərqlənmə ilə tamamlayıb, 620 balla Naxçıvan Dövlət Universitetinin “Beynəlxalq münasibətlər” ixtisasına qəbul olmuşam. 2023-cü ildə həmin ixtisası fərqlənmə ilə bitirib Belçika Krallığının Gent Universitetində “Münaqişə və inkişaf araşdırmaları” ixtisası üzrə magistr təhsilimə başlamışam. 2025-ci ildə isə həmin ixtisası fərqlənmə ilə bitirmişəm.
- Akademik yolunuz NDU-da başlayıb, Avropada davam edib və yenidən NDU-da davam edir. Bu yol sizə nə qazandırdı?
- NDU-da təhsilim zamanı nəzəri baza və regionun tarixi-siyasi reallıqlarına dair bilgilər qazandım. Gent Universitetində təhsilim boyunca əsas sosial-siyasi münaqişələrə, müxtəlif inkişaf nəzəriyyələrinə və qlobal qeyri-bərabərlik məsələlərinə fokuslandım. Magistr təhsilim ərzində dissertasiyam üzərində işləyərkən tətbiq etdiyim metodlar, xüsusilə müsahibə metodu, məndə empirik tədqiqat aparmaq və akademik etikaya uyğun işləmək bacarıqları formalaşdırdı. Qazandığım bu bacarıqları fürsət olduqca gənclərlə və tələbələrlə paylaşmağa çalışıram. Multikultural akademik mühitdə fərqli baxış bucaqları ilə işləmək analitik və tənqidi düşünmə bacarıqlarımı xeyli gücləndirdi. Kembricdə tədris zamanı isə şagirdlərlə işləmək imkanı əldə etdim və öyrəndiklərimi sadələşdirilmiş və praktik formada tətbiq etməyə başladım ki, bu da pedaqoji bacarıqlarımı inkişaf etdirdi.
- Gent Universitetində aldığınız təhsil və beynəlxalq mühit sizdə hansı düşüncə və yanaşmaları formalaşdırdı?
- Gent Universitetində aldığım təhsil və beynəlxalq mühit məndə daha tənqidi düşüncə tərzi formalaşdırdı. Bütün dərslərdə öyrədilən analtik yanaşma mövzulara yalnız təsviri deyil, həm də normativ kontekstlərdə baxmağı öyrətdi. Universitetdə tələbələrə verilən dəyərin və onların fikirlərinin akademik müzakirələrdə necə önəmli yer tutduğunun şahidi oldum. Elmi müzakirələr və qrup işləri isə akademik ünsiyyət qabiliyyətimi əhəmiyyətli dərəcədə gücləndirdi.
Doğrusu, insanların Azərbaycan barədə az məlumatlı olması məni təəccübləndirdi. Eyni zamanda, tələbələrin bir-birini qısa müddətdə tanımasına baxmayaraq qarşılıqlı dəstək göstərməsi və əməkdaşlıq etməsi mənim üçün çox təsirli oldu. Fərqli mədəniyyət və düşüncə tərzinə malik insanların bir-birinin fikirlərinə hörmətlə yanaşması isə məndə olan müsbət təəssüratlardandır.
- Avropada təhsil almaq imkanınız olduğu halda yenidən Naxçıvana, NDU-ya qayıtmaq qərarını verməyinizin əsas səbəbi nə oldu?
- Avropada təhsil almaq mənə çox dəyərli akademik perspektivlər qazandırsa da, bu bilikləri öz ölkəmdə tətbiq etməyi daha məqsədəuyğun hesab etdim. Hazırda orta və ali təhsil sistemində hələ də ənənəvi, daha çox tənqidi düşüncəni məhdudlaşdıran metodların üstünlük təşkil etdiyini düşünürəm və bu, şagirdlərin və tələbələrin analitik və müstəqil düşünmə potensialını tam üzə çıxarmır. Bu səbəbdən, gənclərin daha aktiv, tənqidi və təşəbbüskar mövqedə olmasının vacibliyinə inanıram və onların akademik mühitdə öz töhfələrini verməsinin xüsusi əhəmiyyət daşıdığını düşünürəm. Təhsil aldığım dövrdə mövcud sistemdə bəzi boşluqları müşahidə etdiyim üçün bu boşluqların aradan qaldırılmasına bacardığım qədər töhfə verməyə çalışıram. Sadəcə, nəzəri biliklərlə kifayətlənməyib, onları praktik fəaliyyətə çevirmək mənim üçün önəmlidir və hazırda Kembricdə pedaqoji fəaliyyətim də bu yanaşmanı tətbiq etməyə imkan verir. Eyni zamanda, gələcək akademik karyeram və PhD planlarım üçün pedaqoji təcrübənin əhəmiyyətini yüksək qiymətləndirirəm və bu sahədə inkişaf etməyi prioritet hesab edirəm.
- Sizcə, xaricdə qazanılan bilik və təcrübənin yerli təhsil mühitinə ötürülməsi nə üçün vacibdir?
- Xaricdə qazanılan bilik və təcrübənin yerli təhsil mühitinə ötürülməsi ona görə vacibdir ki, bu, təhsilin keyfiyyətinin və metodoloji müxtəlifliyinin artmasına kömək edir. Müxtəlif ölkələrdə tətbiq olunan tənqidi düşüncə, interaktiv tədris və tələbə-mərkəzli yanaşmalar yerli akademik mühitdə də innovativ dəyişikliklərə yol aça bilər. Bu biliklərin paylaşılması müəllim və tələbələr üçün yeni perspektivlər yaradır. Eyni zamanda, beynəlxalq təcrübənin yerli kontekstə uyğunlaşdırılması təhsil sistemində mövcud boşluqları və məhdudiyyətləri aradan qaldırmağa kömək edə bilər.
- Beynəlxalq Kembric Məktəbində dərs demək sizin üçün nə ifadə edir? Bu mühit klassik məktəbdən nə ilə fərqlənir?
- Bu məktəblər Beynəlxalq Kembric kurikulumu əsasında fəaliyyət göstərdiyi üçün klassik milli məktəblərdən fərqlənir; burada dərslər tənqidi düşüncə, analitik bacarıqlar və müstəqil öyrənmə üzərində qurulur və şagirdlər daha çox qlobal universitetlərə hazırlaşdırılır. Eyni zamanda, multikultural dərs proqramları şagirdlərdə fərqli mədəniyyətlərə hörməti formalaşdırır.
Hazırda bir aydan artıqdır ki, Kembric məktəbində dərs deyirəm və gələcəyin potensiallı nəslinin yetişməsinə töhfə vermək mənim üçün böyük qürur və motivasiya mənbəyidir. Bu mühit mənə öyrəndiklərimi daha praktik və şagird-mərkəzli şəkildə tətbiq etməyə, dərsləri interaktiv və tənqidi müzakirələr üzərində qurmağa imkan verir.
- Tarix və sosial elmlər fənnini şagirdlərə necə təqdim etməyi planlaşdırırsınız? Sizin üçün bu fənnin əsas məqsədi nədir?
- Dərslərdə yalnız mətn materiallarına əsaslanmır, hər mövzu üçün təqdimatlar hazırlayıram ki, şagirdlər mövzunu vizual olaraq da daha yaxşı başa düşsünlər. Dərslə əlaqəli, yaş səviyyələrinə uyğun qısa videolar izlətmək, mövzudan asılı olaraq debatlar və simulyasiyalar təşkil etmək əsas metodlarımdandır. Bu yanaşma şagirdlərin mövzulara daha aktiv və maraqla yanaşmasına kömək edir. Mənim üçün əsas məqsəd şagirdlərin tarixi və sosial əsas anlayışları mənimsəməsi, bu anlayışların praktikada necə işlədiyini dərk etməsi və müxtəlif situasiyalara analitik yanaşma bacarığı qazanmasıdır. Eyni zamanda, onların müstəqil fikir formalaşdırma qabiliyyətlərini inkişaf etdirməyi vacib hesab edirəm.
- “Tarix yalnız keçmiş deyil, düşünmək və analiz etməkdir” fikrini dərslərinizdə necə tətbiq edirsiniz?
- Yanaşmanı dərslərimdə şagirdlərin sual vermə və müzakirə mədəniyyətini təşviq etməklə tətbiq edirəm. Onları tarixi hadisələri təkcə qəbul etməyə deyil, fərqli baxış bucaqları ilə müqayisə etməyə və nəticə çıxarmağa yönləndirirəm. Tarixi mövzuları müasir sosial və siyasi proseslərlə əlaqələndirərək şagirdlərin kontekstual düşünmə bacarıqlarını inkişaf etdirməyə çalışıram.
- Kembric standartları şagirdlərdə hansı bacarıqların formalaşmasına imkan yaradır?
- Kembric standartları şagirdlərdə həm akademik, həm də həyat üçün vacib olan geniş bacarıqların formalaşmasına imkan yaradır. Bu proqram şagirdləri məlumatı sadəcə əzbərləməyə deyil, tənqidi şəkildə analiz və qiymətləndirməyə təşviq edir, beləliklə tənqidi düşünmə və analitik bacarıqları inkişaf etdirir. Eyni zamanda, şagirdlərin problem həll etmə və yaradıcı yanaşma qabiliyyətlərini gücləndirir. Mən düşünürəm ki, bu bacarıqlar onların gələcək təhsil və peşə həyatında uğurlu olmaları üçün xüsusilə vacibdir. Ünsiyyət bacarıqları yazılı və şifahi formada fikir ifadə etməklə inkişaf edir və şagirdlər öz fikirlərini daha strukturlaşdırılmış şəkildə təqdim etməyi öyrənirlər. Kembric təhsili müstəqil öyrənmə və məsuliyyət hissini təşviq edir, həmçinin layihə və qrup işləri vasitəsilə komanda işi və əməkdaşlıq bacarıqlarını formalaşdırır. Bundan əlavə, proqram şagirdlərdə adaptasiya, özünə inam, tədqiqat və təşkilati bacarıqları inkişaf etdirərək onları gələcək ali təhsil və karyera üçün hərtərəfli hazırlayır.
- Təcrübənizə əsasən, sizcə, Avropa təhsil sistemi ilə Azərbaycan təhsil sistemi arasında əsas fərqlər nələrdir?
- Mən magistr təhsilimi Belçikada aldığım üçün öz təcrübəmə əsasən bu sualı cavablandıracağam. Avropa təhsil sistemində tələbə-mərkəzli yanaşma və tənqidi düşüncə bacarıqlarının inkişafı əsas prioritetdir, halbuki Azərbaycanda ənənəvi olaraq daha çox müəllim-mərkəzli və fakt-əsaslı tədris metodları üstünlük təşkil edir. Bəzi cavablarımda da tənqidi düşüncənin önəmini izah etmişəm.
Avropada tələbələr müzakirə, qrup işi və müstəqil tədqiqatlara daha çox cəlb olunur, bu isə analitik və problem həll etmə bacarıqlarını gücləndirir. Qiymətləndirmə sistemi də fərqlidir. Akademik azadlıq və tələbələrin fikir ifadə etməsi də Avropa universitetlərində daha çox təşviq edilir. Məncə, bu yanaşmalar yerli təhsil sisteminə uyğunlaşdırılaraq tətbiq edildikdə böyük fayda verə bilər.
- Sizcə, NDU-nun nəzdində fəaliyyət göstərən Beynəlxalq Kembric Məktəbi region üçün hansı yeni imkanları yaradır?
- Beynəlxalq Kembric Məktəbi region üçün qlobal standartlara uyğun təhsil almaq imkanı yaradır və şagirdləri beynəlxalq universitetlərə daha yaxşı hazırlaşdırır. Bu məktəb şagirdlərdə akademik ingilis dili bacarıqlarını inkişaf etdirir ki, bu da onların gələcək akademik və peşəkar həyatında böyük üstünlükdür. Eyni zamanda, multikultural kurikulum regionda daha açıq və qlobal düşünən gənc nəslin formalaşmasına töhfə verir.
Məncə, Kembric Məktəbi regionda təhsilin keyfiyyətinin yüksəlməsi və beynəlxalq inteqrasiyanın güclənməsi üçün mühümdür.
- Gələcəkdə özünüzü daha çox hansı istiqamətdə görürsünüz: pedaqoji fəaliyyət, akademik araşdırma, yoxsa hər ikisi?
- Son bir neçə ildə məndə ixtisasım üzrə həm pedaqoji, həm də akademik araşdırma sahəsinə maraq daha üstün olub. Bu səbədən həm orta, həm də ali təhsil müəssisələrində pedaqoji fəaliyyətimi davam etdirməyi çox istəyirəm. Nəzərə alsaq ki, bunun üçün daimi araşdırıb, öyrənmək lazımdır, dolayı və ya bilavasitə yolla akademik araşdırma ilə də hər zaman məşğul olacağam. Əlavə olaraq, davamlı inkişaf, yaşıl enerji, sosial inkişaf, gender bərabərliyi və s. mövzularda da müstəqil olaraq akademik araşdırma ilə məşğulam.
- Xaricdə təhsil almaq istəyən, lakin tərəddüd edən gənclərə nə tövsiyə edərdiniz?
- Xaricdə təhsil üçün yolun səbr və əmək tələb etdiyini deyə bilərəm. Hər bir insan fərqlidir və gənclərin tərəddüd səbəbi də fərqli səbəblər ola bilər. Akademik göstəricilər, maliyyə dəstəyi, sosial aktivliyin kifayət qədər olmaması, dil biliyi, ümumi proses barədə məlumatsızlıq və s. bu tərəddüdlərin əsas səbəblərindəndir. Düşünürəm ki, gənclər xaricdə təhsil almaq istəyirlərsə, buna uyğun detallı araşdırmağa ən az 1 il öncədən başlamalıdırlar. Düzdür, bunun üçün şirkətlər mövcuddur, lakin insanın əsas məqsədlərini və bu məqsədlər üçün malik olduğu bacarıqları insanın özündən yaxşı heç kəs bilə bilməz. Bu səbəbdən nəinki qəbuldan öncəki və sonrakı prosesləri, eyni zamanda təhsil almaq istədikləri ölkələrdə gündəlik yaşam, təhsil həyatı və s. barədə də araşdırma aparmaq önəmlidir. Düşünürəm ki, kifayət qədər məlumatlı olduqda bu tərəddüdlər daha da azalacaq. Əvvəl də vurğuladığım kimi, çoxlu araşdırma, özgüvən, səbr və əmək öz bəhrəsini ən sonda verəcək. Bu yolda olan bütün gənclərə uğurlar arzulayıram.
- Sonda şagirdlərinizin sizi necə bir müəllim kimi xatırlamasını istərdiniz?
- Şagirdlərimin məni onları düşünməyə təşviq edən və dəstək verən bir müəllim kimi xatırlamasını istərdim. Dərsləri maraqlı və həyatla bağlı edən bir müəllim kimi yadda qalmaq mənim üçün vacibdir. Ümid edirəm ki, onlar məni həm bilik verən, həm də ilham verən biri kimi xatırlayacaqlar.



