Bir qız oxuyarsa: Qəbələdə təhsilin dəyişdirdiyi talelər

10 İyun, 2026 - 13:01
Bir qız oxuyarsa:

İnsan hüquqlarının təbliği yalnız dərslik səhifələrində verilən anlayışlarla məhdudlaşmamalıdır. Şagird “təhsil hüququ”, “bərabər imkan”, “azad seçim”, “özünüifadə” kimi anlayışları kitabda oxuya bilər. Amma bu anlayışların real həyatda necə işlədiyini görmədikdə həmin bilik davranışa çevrilmir. Hüquq düşüncəsi uşağın gündəlik həyatında, ailədə, məktəbdə, icmada, ona göstərilən münasibətdə formalaşır.
Təhsil hüququ da belədir. Bu hüquq yalnız məktəbə getmək imkanı deyil. Bu, uşağın öyrənmək, inkişaf etmək, sual vermək, öz potensialını kəşf etmək və gələcək seçimlərini sərbəst formalaşdırmaq haqqıdır. Əgər oğlan və qız uşaqlarına bu hüquq eyni həssaslıqla tanıdılmırsa, dərslikdə yazılan bərabərlik prinsipi həyatın içində tam gerçəkləşmir.

Regionlarda qızların təhsili: bərabər imkan, yoxsa fərqli gözlənti?

Bu sual xüsusilə regionlarda daha həssas səslənir: oğlan və qızların təhsilinə eyni dərəcədəmi yanaşılır? Valideynlər övladlarının gələcəyi barədə düşünərkən qız və oğlan uşaqları üçün eyni imkanları nəzərdə tuturlarmı?

Bəzən ailələrdə oğlan övladının təhsili gələcək təminat, qız övladının təhsili isə əlavə imkan kimi qəbul edilir. Halbuki təhsil cinsə görə bölünən üstünlük deyil, hər bir uşağın fundamental hüququdur. Qız uşağının oxuması yalnız onun şəxsi gələcəyini deyil, ailənin, icmanın və bütövlükdə cəmiyyətin inkişaf perspektivini dəyişir.

“Azərbaycan müəllimi” olaraq biz də bu sualların cavabını real həyat nümunəsi üzərindən görmək, regionda qızların təhsilinə münasibətin necə dəyişdiyini müşahidə etmək və bu dəyişimin arxasında dayanan insanları yaxından tanımaq üçün Qəbələyə üz tutduq.

Qəbələdə bir mağazadan başlayan təhsil hekayəsi

Qəbələ rayonu Vəndam qəsəbəsində fəaliyyət göstərən “Nadjima” Qızlara Dəstək Təhsil Layihəsi ilk baxışdan sadə bir tədris təşəbbüsü kimi görünə bilər. Amma bu layihənin mahiyyətinə varanda aydın olur ki, burada söhbət yalnız ingilis dili dərsindən yox, qızların təhsil hüququnun müdafiəsindən, ailələrdə düşüncə dəyişikliyindən və insan hüquqlarının həyatda tətbiqindən gedir.

“Nadjima” 2022-ci ildə Fəridə Ağayeva və Tayvanda yaşayan Aytən Yakubovanın ortaq arzusu əsasında yaranıb. Layihənin adı təhsil almaq istəyən, lakin buna imkan tapmayan Nadjima adlı qadının həyat hekayəsindən götürülüb. Erkən yaşda ailə qurmağa məcbur olan, təhsilini davam etdirə bilməyən Nadjima yaşadığı kənddə qadın həkim olmadığı üçün vaxtında tibbi yardım ala bilməyib və həyatını itirib. Bu hekayə layihə müəllifləri üçün yalnız bir qadının taleyi deyil, təhsildən kənarda qalan, arzuları yarımçıq qalan minlərlə qızın ümumiləşmiş obrazıdır.

“Ən çətin olan dərs keçmək deyil, ailələrin inamını qazanmaq idi”

Bakı şəhərində doğulub böyüyən Fəridə Ağayeva ailə qurduqdan sonra Qəbələyə köçüb. Yeni mühitdə o, region qızlarının təhsilə çıxış imkanlarını daha yaxından müşahidə edib. Gördüyü mənzərə onu düşündürüb: niyə bəzi ailələrdə qızların əlavə təhsil alması vacib sayılmır? Niyə bir çox valideyn oğlan övladının təhsilini gələcək üçün zəruri hesab edir, amma qız övladının təhsilinə eyni baxışla yanaşmır?

Bu suallar Fəridə xanımı könüllü fəaliyyətə başlamağa sövq edib. O, əvvəlcə ailələrlə görüşməyə başlayıb. Kəndləri gəzib, qapıları döyüb, valideynlərlə söhbət aparıb. Bəzən bu söhbətlər saatlarla davam edib. Valideynlərə izah etməyə çalışıb ki, qız övladının oxuması ailədən uzaqlaşmaq deyil, ailəyə daha güclü qayıtmaqdır. Təhsil alan qız sabah daha savadlı ana, daha məsuliyyətli vətəndaş, daha güclü fərd kimi formalaşır.

Fəridə Ağayeva “Azərbaycan müəllimi”nə bildirib ki, bu prosesin ən çətin tərəfi dərs keçmək yox, ailələrin inamını qazanmaq olub: “Biz istəyirik ki, qızlar özlərini yalnız ailənin bir üzvü kimi deyil, cəmiyyətin fəal və dəyərli fərdi kimi görsünlər. Təhsil onların haqqıdır. Bəzən valideynlərlə uzun danışırıq, izah edirik ki, qızın oxuması ailəyə yük deyil, ailənin gələcəyinə yatırımdır. Bizim üçün ən böyük nəticə qızın özünə inanması və valideynin “qızım da oxuyacaq” deməsidir”.

Qaynatanın mağazası təhsil məkanına çevrildi

“Nadjima”nın ilk tədris məkanı da məhz bu inamın nəticəsində yaranıb. Fəridə xanım qaynatasına məxsus olan və kənddə yerləşən mağazanın qızların təhsili üçün ayrılmasını xahiş edib. Bu xahiş ailə tərəfindən anlayışla qarşılanıb.

Mağaza boşaldılıb, təmir olunub, masa, lövhə, kitab, dəftər, kompüter və digər tədris vasitələri ilə təmin edilib. Beləcə, bir kənd mağazası qızların təhsil aldığı, danışmağı, dinləməyi, özünü ifadə etməyi və gələcək haqqında düşünməyi öyrəndiyi inkişaf məkanına çevrilib.

Bu məkanın ən mühüm tərəfi odur ki, burada qızlara yalnız dərs keçilmir. Onlara öz hüquqlarını anlamaq, öz potensiallarını görmək, gələcək seçimləri haqqında düşünmək imkanı yaradılır. İnsan hüquqları dərsdə bir mövzu kimi izah oluna bilər, amma burada qızlar həmin hüququ yaşayaraq öyrənirlər. Onlar anlayırlar ki, təhsil almaq, sual vermək, fikir bildirmək, peşə seçmək, ali təhsil hədəfi qurmaq onların da haqqıdır.

Dilin açdığı qapılar

Layihənin əsas məqsədi Qəbələ rayonu Vəndam qəsəbəsində yaşayan, xüsusilə sosial baxımdan həssas ailələrdən olan 8 və 9-cu sinif qızlarının ingilis dili üzrə bilik və bacarıqlarını inkişaf etdirmək, onların ali təhsilə hazırlıq imkanlarını gücləndirməkdir. Eyni zamanda maddi imkanları məhdud olan, əlavə hazırlıq kurslarına çıxışı olmayan, erkən nikah riski ilə üzləşə bilən və təhsildən yayınma təhlükəsi yaşayan qızlara dəstək göstərmək layihənin əsas istiqamətlərindəndir.

Burada qızlar ingilis dili üzrə qrammatika, oxu, yazı, dinləmə və danışıq bacarıqlarını inkişaf etdirirlər. “Conversation Club” formatında məşğələlər onların ingilis dilində ünsiyyət qurmaq bacarığını gücləndirir. Motivasiya və psixoloji dəstək görüşləri isə imtahanlara hazırlıq prosesində özünəinamı artırır.
Bu yanaşma göstərir ki, təhsil yalnız fənn biliklərinin mənimsənilməsi deyil. Təhsil həm də şəxsin özünə münasibətinin, hüquq düşüncəsinin və gələcək hədəflərinin formalaşmasıdır.

Fəridə Ağayevanın təhsil yolu və missiyası

Fəridə xanımın şəxsi təhsil yolu da bu missiyanın əsasını təşkil edir. O, Azərbaycan Dövlət İqtisad Universitetində ingilis dilində tədris olunan inzibati idarəetmə və iqtisadiyyatın hüquqi tənzimlənməsi istiqamətləri üzrə ali təhsil alıb. Daha sonra TESOL, TEFL, CELTA və beynəlxalq TOT sertifikatları əldə edib, North Carolina State University tərəfindən həyata keçirilən ELT proqramını fərqlənmə ilə bitirib, ABŞ Dövlət Departamentinin dəstəyi ilə Arizona Dövlət Universitetinin “OPEN” proqramını tamamlayaraq beynəlxalq təlimçi statusu qazanıb.

Müxtəlif illərdə məktəbəqədər təhsil, inklüziv təhsil, müəllimlərin peşəkar inkişafı, qadınların və qızların gücləndirilməsi, ingilis dili tədrisi, TESOL, CELTA, IGCSE, süni intellektlə tədris və valideyn maarifləndirilməsi istiqamətlərində təlimçi, mentor, koordinator və layihə rəhbəri kimi fəaliyyət göstərib. Onun üçün təhsil yalnız peşə sahəsi deyil, insan həyatına toxunmaq və dəyişiklik yaratmaq vasitəsidir.

Lənkəranda başlayan yeni mərhələ

“Nadjima”nın fəaliyyəti yalnız Qəbələ ilə məhdudlaşmır. Layihənin növbəti mərhələsi kimi bu ildən Lənkəranda da qızlardan ibarət yeni qrup fəaliyyətə başlayıb. Lənkəranda vəziyyət daha çətindir. Burada həm sosial mühit, həm ailələrlə işləmək, həm də tədris prosesinin davamlılığını təmin etmək baxımından daha çox səbir, izah, inam və əmək tələb olunur.

Buna baxmayaraq, müəllimlər Lənkəranda da ümidlə, inamla və böyük səylə çalışırlar. Onlar yalnız dərs keçmir, həm də ailələrlə ünsiyyət qurur, qızların təhsilə davam etməsi üçün motivasiya yaradır, bu təşəbbüsün yeni bölgədə də kök salmasına çalışırlar.

Qəbələdə işlər daha çox Fəridə xanımın şəxsi könüllü fəaliyyəti ilə həyata keçirilir. Psixoloji dəstək göstərən mütəxəssislər də bu prosesə könüllü qoşulurlar. Lənkəranda isə müəllimlərin əməyinin qarşılanması üçün Fəridə Ağayeva və Aytən Yakubova şəxsi gəlirlərindən vəsait ayırırlar. Bəzən “Yardımsevərlər” təşəbbüs qrupu və xeyirxah insanlar da dəstək göstərirlər.

Layihənin sabit maliyyə mənbəyi yoxdur. Amma bu məhdudiyyət təşəbbüsün dayanmasına səbəb olmayıb. Əksinə, ehtiyac yarandıqca imkanlar səfərbər edilir, qızların təhsildən uzaq düşməməsi üçün yollar axtarılır.

Birinci nəticələr: dəyişən yalnız bal deyil, düşüncədir

2022-ci ildə layihəyə ilk olaraq 12 qız qoşulub. 2025-ci ildə isə “Nadjima” ilk məzunlarını yola salıb. Qızlar universitetlərə, kolleclərə, texnikumlara və peşə təhsili müəssisələrinə qəbul olunublar. Bu nəticə yalnız qəbul göstəricisi deyil, həm də ailələrdə və icmada yaranan düşüncə dəyişikliyinin göstəricisidir.
Əgər ilk illərdə layihə müəllifləri ailələri axtarır, qapıları döyür, valideynləri razı salmağa çalışırdılarsa, bu gün artıq valideynlər özləri müraciət edir, qızlarının layihəyə qoşulmasını istəyirlər. Bu, layihənin qazandığı ən böyük etimad göstəricilərindən biridir.

“Nadjima bizə yalnız dərs yox, cəsarət verdi”

Bu ilki məzunlarla söhbətimiz zamanı onların hər birinin fikrində bir ümumi məqam diqqət çəkirdi: “Nadjima” onlara yalnız bilik deyil, özünəinam və hüquq düşüncəsi verib.

Yasəmən Əhmədova deyir ki, layihəyə qoşulduqdan sonra gələcəklə bağlı düşüncələri dəyişib: “Əvvəl bəzi arzular mənə çox uzaq görünürdü. Burada gördüm ki, insan çalışanda və yanında ona inanan insanlar olanda hədəflərinə doğru addım ata bilir”.

İnci Murtuzova üçün “Nadjima” özünüifadə məkanı olub: “Mən burada fikrimi deməyi, sual verməyi, özümü təqdim etməyi öyrəndim. Əvvəllər çəkinirdim, indi isə daha rahat danışıram”.

Gülay Yusifova layihənin ona verdiyi dəstəyi belə ifadə edir: “Bizə sadəcə dərs keçilmirdi. Bizimlə söhbət edirdilər, arzularımızı dinləyirdilər, gələcək seçimlərimiz barədə düşünməyə kömək edirdilər”.

Hülya Əliyeva bildirir ki, “Nadjima” onun gələcək planlarına təsir edib: “Burada anladım ki, qızların da böyük arzular qurmağa, oxumağa, peşə sahibi olmağa haqqı var. Mən artıq gələcəyim haqqında daha ciddi düşünürəm”.

Könül Abbasəliyeva üçün layihə təhsilə davam etmək istəyini gücləndirib: “Bəzən insanın sadəcə dəstəyə ehtiyacı olur. Burada biz həmin dəstəyi gördük. Mən daha çox oxumaq və öz gələcəyim üçün çalışmaq istəyirəm”.

Gülxanım Osmanova deyir ki, bu məkan ona həm bilik, həm də motivasiya verib: “Müəllimlərimizin və könüllülərin bizə inanması bizi daha da həvəsləndirdi. Burada özümüzü dəyərli hiss etdik”.

Aylin İsgəndər isə “Nadjima”nı ümid ünvanı adlandırır: “Bu layihə mənə göstərdi ki, qızların təhsili çox vacibdir. Mən istəyirəm ki, gələcəkdə mən də başqa qızlara dəstək ola bilim”.

Hüquq düşüncəsi həyatda formalaşır

Bu fikirlər göstərir ki, insan hüquqlarının təbliği yalnız dərsliklərlə aparıldıqda yarımçıq qalır. Şagird hüququnu o zaman daha dərindən anlayır ki, həmin hüququn həyatına necə təsir etdiyini görür. Qızlar üçün təhsil imkanının yaradılması onların yalnız akademik nəticələrini deyil, şəxsiyyət kimi formalaşmasını, öz səsini tapmasını, seçim etmək bacarığını və cəmiyyətə inamını gücləndirir.

Regionlarda oğlan və qızların təhsilinə yanaşmada bəzən fərqli gözləntilər hələ də hiss olunur. Bəzi ailələrdə oğlanın oxuması daha prioritet qəbul edilir, qızın təhsili isə sosial stereotiplərin təsiri altında ikinci plana keçirilir. Amma “Nadjima” kimi təşəbbüslər göstərir ki, bu yanaşma dəyişə bilər. Dəyişiklik bəzən bir müəllimin ailələrlə apardığı söhbətdən, bir valideynin fikrini dəyişməsindən, bir qızın özünə inanmağa başlamasından başlayır.

Nəticə: bir qız oxuyarsa…

Qəbələdə gördüyümüz mənzərə bir daha təsdiqlədi ki, təhsil hüququ kağız üzərində deyil, həyatın içində qorunanda real nəticə verir. Əgər bir qızın qarşısından maddi çətinlik, məsafə, stereotip və tərəddüd maneələri götürülürsə, o, yalnız dərsə gəlmir; o, öz gələcəyinə doğru gəlir.

“Nadjima” bir qadının yarımçıq qalmış hekayəsindən doğan, bu gün isə onlarla qızın həyatına toxunan insan hüquqları və təhsil hərəkatıdır. Bu layihə göstərir ki, qızların təhsilinə dəstək yalnız sosial yardım deyil, həm də bərabər hüquqların, ədalətli imkanların və daha güclü cəmiyyətin qurulmasına verilən töhfədir.

Çünki bir qız oxuyarsa, yalnız bir fərdin taleyi dəyişmir. Bir ailənin düşüncəsi dəyişir, bir icmanın baxışı dəyişir, gələcəyin yolu işıqlanır. Təhsil hüququ isə məhz o zaman gerçək olur ki, hər bir uşaq — qız və ya oğlan olmasından asılı olmayaraq  eyni inamla, eyni dəstəklə və eyni imkanlarla gələcəyə addımlaya bilsin.