Avstraliya xarici tələbə siyasətini sərtləşdirməyə davam edir

4 Avqust, 2026 - 09:46
Avstraliya xarici tələbə siyasətini sərtləşdirməyə davam edir

Avstraliya hökuməti 2027-ci il üçün beynəlxalq tələbə qəbulu üzrə milli kvotanı dəyişməyərək 295 min səviyyəsində saxlayıb. Bununla yanaşı, hökumət tələbə vizaları ilə bağlı sərt siyasətin davam etdiriləcəyini açıqlayıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, hökumətin fikrincə, tətbiq olunan Milli Planlaşdırma Səviyyəsi (National Planning Level – NPL) sistemi ölkədə xarici tələbələrin sayını daha dayanıqlı səviyyədə saxlamağa imkan verir.

Bununla belə, rəsmi məlumatlar göstərir ki, tələbə vizalarına müraciətlər və yeni qeydiyyatlar azalmağa davam edir. 2026-cı ildə yeni beynəlxalq tələbələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 8 faiz, 2019-cu illə müqayisədə isə 13 faiz aşağı olub. Peşə təhsili (VET) sektorunda isə 2025-ci ildə xarici tələbələrin sayı əvvəlki illə müqayisədə 49 faiz azalıb.

Ekspertlər bildirirlər ki, azalma təkcə kvotalarla bağlı deyil. Son illərdə tələbə vizası üçün müraciət haqqının 2 500 Avstraliya dollarına, məzun olduqdan sonra işləmək üçün verilən vizanın isə 5 750 Avstraliya dollarına çatdırılması, həmçinin Hindistan, Banqladeş və Nepal kimi əsas ölkələrdən müraciətlərin daha yüksək faizlə rədd edilməsi Avstraliyanın xarici tələbələr üçün cəlbediciliyini azaldıb.

Avstraliya Universitetləri təşkilatı hökumətin qərarının ali təhsil müəssisələrinə müəyyən planlaşdırma imkanı verdiyini bildirsə də, mövcud viza siyasətinin xarici tələbələrin sayını daha da azaltmaq riski yaratdığını vurğulayıb. Təşkilatın qiymətləndirməsinə görə, bu tendensiya davam edərsə, ölkənin 55 milyard Avstraliya dolları dəyərində beynəlxalq təhsil ixracına, ixtisaslı kadr hazırlığına və əmək bazarına mənfi təsir göstərə bilər.