Ayaz Mirzəyev: Məqsədlərdən biri keyfiyyət dəyişikliyi formalaşdırmaqdır – MÜSAHİBƏ
Təhsil cəmiyyətin gələcəyini formalaşdıran ən həssas və strateji sahələrdən biridir. Bu sahədə səsləndirilən hər fikir, yayımlanan xəbər və yazılan hər bir məqalə ictimai rəyə birbaşa təsir göstərir. Lakin informasiya axınının sürətləndiyi müasir dövrdə bəzən populizmə meyil, sensasiya xatirinə təqdimatlar və ya mövzuların kifayət qədər dərindən araşdırılmaması təhsilin mahiyyətinə kölgə sala bilir. Halbuki təhsil elə bir sahədir ki, burada dəqiqlik, məsuliyyət və peşəkar yanaşma hər şeydən önəmlidir.
Bu baxımdan elm və təhsil sahələrini işıqlandıran jurnalistlərin ümumi media bacarıqlarına sahib olmaları ilə yanaşı, sahəvi biliklərə yiyələnmələri də vacibdir. Məhz bu ehtiyacdan irəli gələrək Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyi tərəfindən “Elm və təhsil sahəsi üzrə media savadlılığının artırılmasına dəstək” layihəsinin icrasına başlanılıb. Layihə çərçivəsində təşkil olunacaq təlimlər jurnalistlərə həm nəzəri biliklər, həm də praktik yanaşmalar təqdim etməklə təhsil mövzularının daha düzgün və keyfiyyətli işıqlandırılmasına şərait yaratmağı qarşıya məqsəd qoyur. Layihə çərçivəsində media mütəxəssisləri üçün elm və təhsil sahəsinin aktual mövzularını əhatə edən 10 interaktiv təlim sessiyası təşkil olunacaq. Təlimlər may ayından başlayaraq ilboyu qurum nümayəndələri və sahə üzrə mütəxəssislərin iştirakı ilə keçiriləcək.
Mövzunun aktuallığını və layihənin əhəmiyyətini nəzərə alaraq bu təşəbbüsün detalları, qarşıya qoyulan məqsədlər və gözlənilən nəticələrlə bağlı suallarımızı “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri Ayaz Mirzəyev cavablandırıb.
“Müşahidələrimiz və araşdırmalarımız göstərir ki…”
– Ayaz müəllim, “Elm və təhsil sahəsi üzrə media savadlılığının artırılmasına dəstək” layihəsinin yaranma zərurəti nədən irəli gəldi?
– Müasir informasiya mühitində elm və təhsil sahəsi cəmiyyətin gələcəyini müəyyən edən strateji istiqamətlərdən biri hesab olunur. Bu sahələr üzrə ictimaiyyətə təqdim edilən məlumatların düzgün, peşəkar və obyektiv şəkildə çatdırılması isə xüsusi əhəmiyyət daşıyır. Bizim müşahidələrimiz və araşdırmalarımız göstərir ki, elm və təhsil mövzuları bəzən kifayət qədər spesifik terminologiya, statistik göstəricilər və institusional yanaşmalar tələb etdiyindən bu istiqamətdə çalışan media nümayəndələrinin sahəvi biliklərinin davamlı inkişafına ehtiyac yaranır. Layihənin əsas səbəbi də məhz jurnalist həmkarlarımızın bu sahələr üzrə analitik, məzmunlu və məsuliyyətli informasiya istehsal etmə bacarıqlarının gücləndirilməsinə dəstək verməkdir.
– Layihənin əsas məqsədi konkret olaraq hansı problemlərin həllinə yönəlib?
– Layihənin əsas məqsədi elm və təhsil mövzularının mediada daha peşəkar, dəqiq və sistemli şəkildə işıqlandırılmasına töhfə verməkdir. Bu təşəbbüs xüsusilə bir neçə istiqamətlərdə mövcud ehtiyaclara cavab verməyə yönəlib. Təlimlər müddətində sahə üzrə terminologiya və anlayışların düzgün interpretasiya edilməsinin təmin olunması, kompleks və statistik məlumatların düzgün təhlil olunması bacarıqlarının artırılması, elm və təhsil xəbərlərinin səthi və ya yalnız informativ deyil, analitik təqdimatının təşviqi və ictimai həssaslıq doğuran mövzularda balanslı, məsuliyyətli media yanaşmasının formalaşdırılması ilə bağlı müzakirələr aparılacaq və təkliflər formalaşdırılacaq.
Təlim elm və təhsilin ən aktual və ictimai maraq doğuran istiqamətlərini əhatə edir
– Təlimin əsas mövzuları nələr olacaq və onların seçimi hansı ehtiyaclara əsaslanır?
– Təlim proqramı birmənalı olaraq elm və təhsil sahəsinin ən aktual və ictimai maraq doğuran istiqamətlərini əhatə edir. Buraya təhsilin iqtisadiyyatı, məktəbəqədər və ümumi təhsil, dərslik siyasəti, təhsil qiymətləndirmələri, ali təhsil, beynəlxalq reytinqlər, rəqəmsallaşma, elmi islahatlar və digər mühüm mövzular daxildir. Onu da deyək ki, bu mövzular təsadüfi seçilməyib. Onların müəyyənləşdirilməsi zamanı biz bir çox müşahidələr aparıb, müəyyən kriteriyalar formalaşdırmışıq. Burada media gündəmində ən çox yer alan təhsil və elm mövzuları, strateji dövlət siyasətinin prioritet, eləcə də jurnalistlər tərəfindən ən çox sual doğuran istiqamətlər,ictimai müzakirələrdə tez-tez yanlış interpretasiya edilən məsələlər nəzərə alınıb.
Gördüyünüz kimi, proqram həm nəzəri, həm də praktik baxımdan jurnalistlərin gündəlik fəaliyyətində qarşılaşdığı real ehtiyaclara uyğun formalaşdırılıb.
– İştirakçılar nə kimi konkret bilik və bacarıqlara nail olacaqlar?
– Təlimlər iştirakçılara yalnız nəzəri məlumat təqdim etməklə kifayətlənməyəcək, eyni zamanda onların peşəkar fəaliyyətində praktik tətbiq edə biləcəkləri bacarıqları inkişaf etdirəcək. Xüsusilə aşağıdakı nəticələrin formalaşdırılmasını hədəfləyirik:
• təhsil və elm siyasətini sistemli oxuma və anlama bacarığı;
• statistik və hesabat xarakterli məlumatları düzgün interpretasiya etmə;
• mövzulara emosional deyil, analitik yanaşma formalaşdırma;
• ekspert və rəsmi mənbələrlə işləmə prinsipləri;
• həssas və ictimai rezonans doğuran məsələlərdə etik media davranışı;
• sahəvi terminologiyadan düzgün istifadə.
Belə yanaşma mediadakı həmkarlarımızın elm və təhsillə bağlı mövzulara daha hərtərəfli və diqqətli münasibət sərgiləməsinə imkan yaradacaq.
– Təlimlər jurnalistlərin yazı üslubuna və yanaşmasına necə təsir edəcək?
– Bu təlimlərin əsas məqsədlərindən biri jurnalistlərin elm və təhsil mövzularına yanaşmasında keyfiyyət dəyişikliyi formalaşdırmaqdır. Praktiki baxımdan iştirakçılarımız xəbəri yalnız hadisə kimi deyil, proses kimi analiz, fakt və rəqəmləri daha düzgün kontekstdə təqdim etməyi, mövzuya yalnız informativ deyil, izahlı və analitik yanaşma tətbiq etməyi öyrənə biləcəklər. Bununla yanaşı, başlıq və təqdimatda sensasion deyil, balanslı üslub seçməyi, ekspert mövqelərini və müxtəlif baxış bucaqlarını materiala inteqrasiya etməyi öyrənəcəklər. Əlbəttə, əsas istəyimiz nəticədə təhsil və elm mövzularında daha dərin, əsaslandırılmış və peşəkar media materiallarının hazırlanmasını təşviq etməkdir.
“Zamanla elm və təhsil jurnalistikasının ayrıca peşəkar istiqamət kimi formalaşmasını arzulayırıq”
– Yanlış interpretasiya və sensasiyalaşdırmanın qarşısını almaq üçün hansı alətlər təqdim olunacaq?
– Layihə çərçivəsində iştirakçılara bu istiqamətdə həm nəzəri metodologiya, həm də praktik alətlər təqdim olunacaq. Bunlara fakt yoxlama və məlumat verifikasiyası üsulları, statistik göstəricilərin oxunması və təhlili metodikası, rəsmi hesabat və normativ sənədlərlə işləmə qaydaları və mənbələrin etibarlılığının qiymətləndirilməsi meyarları daxildir. Biz təlimçilərimizdən həm də xahiş edəcəyik ki, həssas başlıqlarda etik və balanslı təqdimat mexanizmləri və real hadisələr üzərindən səhv və doğru media nümunələrinin müqayisəli təhlilini iştirakçılara təqdim etsinlər. Bu alətlər iştirakçılarımıza xəbərin hazırlanması prosesində daha sistemli və məsuliyyətli yanaşma tətbiq etməyə kömək edəcək.
– Sizcə, təlimlər nəticəsində nə kimi keyfiyyət dəyişikliklərinə nail oluna bilər və bunun uzunmüddətli təsiri necə olacaq?
– Bu təşəbbüsün əsas gözləntilərindən biri ölkə mediamızda elm və təhsil mövzularının işıqlandırılmasında mümkün qədər keyfiyyət standartlarının yüksəlməsinə nail olmaqdır. Nəticə etibarilə bizim gözləntilərimiz çoxdur. İstərdik ki, təhsil və elm xəbərləri daha analitik və dərin məzmunlu olsun, yanlış interpretasiya və dezinformasiya halları azalsın və ictimaiyyət daha düzgün və dolğun məlumatlandırılsın. Düzdür, bunlara nail olmaq üçün jurnalist həmkarlarımız arasında bu istiqamətdə ixtisaslaşma meyli də güclənməlidir. Zamanla elm və təhsil jurnalistikasının ayrıca peşəkar istiqamət kimi formalaşmasını arzulayırıq. Uzunmüddətli perspektivdə isə sözsüz bu təşəbbüs ölkədə sahəvi jurnalistikanın inkişafına, media keyfiyyətinin yüksəlməsinə və ictimai maariflənmənin güclənməsinə töhfə verəcək.



