Azad Novruzov: Vahid məktəbli forması təhsildə bərabərlik və kollektiv mənsubiyyət yaradır

15 Oktyabr, 2026 - 16:55
Azad Novruzov: Vahid məktəbli forması təhsildə bərabərlik və kollektiv mənsubiyyət yaradır

"Müasir dövrdə müxtəlif xarici ideoloji mərkəzlərin informasiya resursları, sosial şəbəkələr və dini-siyasi təbliğat vasitəsilə cəmiyyətlərə təsir göstərmək imkanları genişlənib. Xüsusilə gənclərin dünyagörüşünə yönəlmiş manipulyativ təsirlər uzunmüddətli risklər yarada bilər.

Bu səbəbdən dövlətin gələcək ideoloji təhlükələri qabaqlamağa yönəlmiş siyasəti zəruridir. Lakin burada əsas vasitə yalnız inzibati məhdudiyyətlər deyil, keyfiyyətli təhsil, tənqidi düşüncə, milli tarixə bağlılıq və hüquqi şüurun formalaşdırılması olmalıdır".

Bu barədə "Azərbaycan müəllimi"nə açıqlamasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Azad Novruzov deyib. 

Deputat bildirib ki, müstəqil düşünməyi bacaran və dövlətinin konstitusion əsaslarını bilən gənci xarici ideoloji təsirlərlə yönləndirmək daha çətindir. Son hadisələr göstərir ki, ölkə daxilində təhsil və dini münasibətlərlə bağlı yaranan mübahisələr qısa müddətdə xarici siyasi dairələrin diqqət mərkəzinə çevrilə bilir:

"Heç bir xarici siyasi və ideoloji mərkəzin Azərbaycanın daxili təhsil siyasətini diktə etmək hüququ yoxdur. 

Dövlətin əsas vəzifəsi xarici müdaxilə imkanlarını minimuma endirmək, qanunsuz təsir mexanizmlərinin qarşısını almaq və cəmiyyətdə dövlətə etimadı gücləndirməkdir.

Məktəbin gələcəyi dövlətin gələcəyidir. Məktəbdə dini geyim elementlərinin vahid məktəbli formasından kənarda saxlanılması insanların dini inanclarına qarşı münasibətdən deyil, təhsil müəssisəsinin bütün uşaqlar üçün ortaq, dünyəvi və bərabər təhsil mühiti olmasından irəli gəlir.

Azərbaycanın dünyəvi dövlətçilik modeli qorunmalı, gələcək nəsillər elmi dünyagörüşü, milli mənsubiyyət hissi, vətəndaşlıq məsuliyyəti və qarşılıqlı hörmət əsasında yetişdirilməlidir.

Unutmamalıyıq ki, dövlətin gələcək ideoloji təhlükəsizliyi bu gün məktəbdə formalaşan düşüncədən başlayır. Güclü dövlətin ən etibarlı dayağı isə savadlı, müstəqil düşünən, milli kimliyini dərk edən vətəndaşlardır". 

Azad Novruzov bildirb kii, müasir dünyada dövlətlərin təhlükəsizliyi yalnız sərhədlərin qorunması və hərbi güclə ölçülmür. Bu gün ideoloji təsirlər, informasiya manipulyasiyaları və dini-siyasi çağırışlar da dövlətlərin qarşılaşdığı ciddi təhlükələr sırasındadır: "Belə bir şəraitdə milli təhlükəsizliyin ən mühüm dayaqlarından biri gənc nəslin hansı dünyagörüşü və dəyərlər əsasında yetişdirilməsidir.

Məhz buna görə məktəb yalnız təhsil müəssisəsi deyil, həm də dövlətin gələcəyini müəyyənləşdirən mühüm sosial institutdur. Son günlərdə məktəbli geyimi və dini əlamətlərin təhsil mühitində istifadəsi ətrafında yaranmış müzakirələrə də bu baxımdan yanaşmaq lazımdır. Məsələni yalnız geyim və dini etiqad azadlığı çərçivəsində qiymətləndirmək onun daha geniş pedaqoji və dövlətçilik mahiyyətini tam əks etdirmir.

Azərbaycan Respublikası Konstitusiyasına əsasən, din dövlətdən ayrıdır və dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır. Bu prinsip ölkəmizin dövlətçilik modelinin mühüm əsaslarından biridir.

 Dövlət məktəbi bütün uşaqların ortaq təhsil məkanıdır. 

Vahid məktəbli formasının əhəmiyyəti də yalnız zahiri görünüşlə məhdudlaşmır. O, ümumi qaydalara əməl olunmasına, kollektiv mənsubiyyət hissinin güclənməsinə və şagirdlər arasında fərqlərin qabardılmamasına xidmət edir. Bu baxımdan məktəbdə dünyəvilik prinsipinin və vahid geyim qaydalarının qorunmasını vacib hesab edirəm.

Bu gün məktəb partasında əyləşən şagirdlər sabah dövlətin və cəmiyyətin gələcəyini müəyyənləşdirəcəklər".