“AZEMBA” proqramının açılış mərasimi keçirilib
Sentyabrın 21-də PAŞA Holding, SOCAR və İspaniyanın nüfuzlu IE Universiteti ilə strateji tərəfdaşlığı, Elm və Təhsil Nazirliyi və İqtisadiyyat Nazirliyinin dəstəyi çərçivəsində Bakıda Liderlik və İnnovasiya üzrə IE Mərkəzinin “AZEMBA” proqramının açılış mərasimi keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, “AZEMBA” proqramı Azərbaycanda liderlik bacarıqlarının inkişafına, insan kapitalının gücləndirilməsinə və beynəlxalq təcrübənin ölkəyə gətirilməsinə töhfə verməyi hədəfləyir. Proqram çərçivəsində iştirakçılar rəqəmsal transformasiya, süni intellekt, dayanıqlı inkişaf, innovasiya, liderlik və müasir idarəetmə kimi istiqamətlər üzrə beynəlxalq təcrübəyə əsaslanan təhsil alacaqlar. “AZEMBA” proqramı azərbaycanlı peşəkarların qlobal akademik və biznes ekosisteminə inteqrasiyasına, eləcə də ölkədə qabaqcıl təhsil imkanlarının genişləndirilməsinə xidmət edir.
Açılış mərasimində çıxış edən PAŞA Holdingin Baş icraçı direktoru Cəlal Qasımov bildirib:
“Bu proqramın ilk iştirakçı qrupunun təhsilə başlaması PAŞA Holdingin insan fəlsəfəsi çərçivəsində həyata keçirdiyi insan kapitalına uzunmüddətli investisiyanın növbəti mərhələsidir. Biz inanırıq ki, gələcəyin iqtisadi və biznes mühiti yalnız texnologiya və maliyyə kapitalı ilə deyil, dəyişiklikləri idarə edə bilən, yeni yanaşmaları mənimsəyən və beynəlxalq təcrübəni yerli reallıqlarla birləşdirə bilən liderlərlə formalaşır. Əminəm ki, “AZEMBA” iştirakçıları əldə etdikləri bilik və təcrübədən istifadə etməklə çalışdıqları təşkilatlarda yeni düşüncə və yanaşmaların formalaşmasına, eyni zamanda ölkəmizin cəmiyyətinə və iqtisadiyyatının dayanıqlı inkişafına töhfə verən peşəkarlar olacaqlar.”
SOCAR-ın artıq ənənəvi neft-qaz şirkətindən sürətlə və sistemli şəkildə şaxələndirilmiş və inteqrasiya olunmuş enerji şirkətinə çevrildiyini söyləyən SOCAR-ın vitse-prezidenti Zaur Qurbanov deyib:
““AZEMBA” proqramının real dəyəri yalnız məzunların sayı ilə deyil, əldə olunan biliklərin, ideyaların və yeni baxışların daha düzgün qərarlara, daha güclü komandalara və yeni təşəbbüslərə necə çevrilməsi ilə ölçüləcək. Bizim gözləntimiz iştirakçıların sadəcə MBA proqramını başa vuraraq diplom əldə etməsi deyil. Biz onların yeni suallar, yeni baxışlar və mövcud iş üsullarına fərqli yanaşmalarla geri qayıtmalarını gözləyirik. İnanırıq ki, iştirakçılar öz təşkilatlarında biliklərin yayılmasına töhfə verən şəxslərə və yeni nəsil liderliyin təmsilçilərinə çevriləcəklər”.
Xatırladaq ki, ilk iştirakçı qrupunun proqram üzrə təhsilə başlaması PAŞA Holding, SOCAR və IE Universiteti arasında 2026-cı ilin aprelində imzalanmış strateji tərəfdaşlığın növbəti mərhələsidir. Proqrama 850-dən çox müraciət daxil olub və seçim prosesinin yekununda 40 nəfər ilk iştirakçı qrupuna qəbul olunub.
Bu il fəaliyyətinin 20 illik yubileyini qeyd edən PAŞA Holding bankçılıq, sığorta, fintex, daşınmaz əmlak, pərakəndə ticarət, kənd təsərrüfatı və digər sahələrdə fəaliyyət göstərən ölkənin aparıcı biznes qruplarından biridir. 25 mindən çox əməkdaşı və 18 milyard ABŞ dollarını aşan aktivləri ilə Holdingin beynəlxalq fəaliyyəti də genişlənməkdədir. Hazırda PAŞA Holding Azərbaycan, Özbəkistan, Türkiyə, Gürcüstan, Monteneqro və ABŞ-də fəaliyyət göstərir.
SOCAR - baş ofisi Azərbaycanda yerləşən qlobal inteqrə olunmuş enerji şirkətidir. Şirkət neft və qazın kəşfiyyatı və hasilatından emal, neft-kimya, nəql, ticarət və paylanmaya qədər enerji dəyər zəncirinin müxtəlif istiqamətlərində fəaliyyət göstərir. Geniş beynəlxalq fəaliyyət coğrafiyasına malik SOCAR Azərbaycanın və strateji tərəfdaşlarının enerji təhlükəsizliyinə töhfə verməklə yanaşı, dayanıqlı inkişafı təşviq edir.




