“Azərbaycan dilini bilənlər üçün yapon dili daha asandır” – Bakı məktəbində yapon dilini öyrədən yeganə müəllim

9 Fevral, 2026 - 16:41
“Azərbaycan dilini bilənlər üçün yapon dili daha asandır”

“Azərbaycan müəllimi” indiyə qədər oxucularına ölkənin müxtəlif bölgələrində böyük zəhmətlə çalışan, təhsilə dəyər qatan müəllimlərin hekayəsini təqdim edib. Budəfəki yazımızın qəhrəmanını isə müəyyən mənada “sonuncu mogikan” adlandırsaq, yanılmarıq.

Söhbət Bakı şəhəri 225 nömrəli tam orta məktəbdə yapon dili tədris edən Esmira Məmmədovadan gedir. Bir vaxtlar pilot layihə kimi bir neçə məktəbdə tətbiq olunan yapon dili bu gün yalnız burada – 225 nömrəli məktəbdə davamlı şəkildə tədris olunur. Esmira Məmmədova da bu sahədə illərdir ki, ardıcıl fəaliyyət göstərən və yapon dilini orta təhsil sistemində yaşadan yeganə müəllimdir.

O bu ardıcıl fəaliyyətinə görə Yaponiyanın ali dövlət mükafatlarından biri – “Gümüş şəfəqli doğan Günəş” (“The Order of the Rising Sun”, “Silver Rays”) ordeni ilə təltif olunub. Mükafatlandırma mərasimi Yaponiyanın Azərbaycandakı səfiri Katsuya Vatanabenin Bakıdakı iqamətgahında keçirilib. Təltif Esmira Məmmədovanın Azərbaycanda yapon dilinin inkişafına verdiyi töhfəyə və iki ölkə arasında mədəni-dostluq əlaqələrinin möhkəmlənməsindəki roluna görə təqdim edilib.

Bu mükafat, əslində, bir müəllimin illər boyu məktəb auditoriyasında gördüyü işin, yapon dilini orta təhsil sistemində yaşatmaq üçün göstərdiyi davamlı zəhmətin rəsmi təsdiqi kimi də qiymətləndirilə bilər.

Esmira Məmmədovanın müəllim portretini daha da maraqlı edən məqamlardan biri onun peşə yolunun gözlənilməz başlanğıcıdır. O, 1977-ci ildə Bakı Dövlət Universitetinin Riyaziyyat fakültəsindən məzun olub, yəni yapon dili müəllimliyi onun yeganə ixtisası deyil.

Uzun illər müxtəlif ali təhsil müəssisələrində elmi fəaliyyətlə məşğul olan Esmira müəllim ali riyaziyyatı tədris edib. Həyatının müəyyən mərhələsində isə bu akademik yol onu tamamilə fərqli bir istiqamətə – yapon dilinin vətəninə aparıb. 1994-cü ildə fizika üzrə professor olan həyat yoldaşı elmi fəaliyyətini davam etdirmək üçün Yaponiyadan dəvət alır. Bu səbəbdən ailəlikcə Yaponiyaya köçürlər. Maraqlıdır ki, Esmira Məmmədova həmin dövrə qədər yapon dili ilə demək olar, heç tanış deyildi. Məhz bundan sonra onun həyatında yeni bir mərhələ başlayır: əvvəllər yalnız riyaziyyat və elmlə bağlı olan müəllimlik yolu zamanla başqa bir dilin və mədəniyyətin daşıyıcısına çevrilir.

Yaponiyada yaşadığı illərdə Esmira Məmmədova yenə də aktiv həyat tərzindən geri qalmayıb. Elmi fəaliyyətini davam etdirməsə də, müxtəlif könüllü qruplara qoşulub, dil kurslarında iştirak edib. Rus və ingilis dillərini bilməsi ona beynəlxalq proqramlarda yer almaq imkanı yaradıb.

Məhz bu proses onu yapon dilinə daha yaxınlaşdırıb. Esmira müəllim qeyd edir ki, dili baza səviyyədə öyrənmək təxminən bir ilini alıb. Daha sərbəst danışmaq, gündəlik ünsiyyətdə rahat olmaq isə 2-3 il davam edən bir mərhələ olub.

2005-ci ildə – on ildən artıq Yaponiyada yaşadıqdan sonra ailə vətənə qayıtmaq qərarı verir. Bakıya dönüş isə onun peşə həyatında yeni bir dönəm açır. Uzun fasilədən sonra Esmira Məmmədova riyaziyyat üzrə fəaliyyətini davam etdirmir. Lakin təhsildən və müəllimlikdən tam uzaqlaşmaq da onun üçün mümkün olmur. Bu illərdə o, Yaponiyanın Azərbaycandakı səfirliyi ilə əlaqəsini saxlayır, yerli dili bilməyən səfirlik əməkdaşlarına ünsiyyət və tərcümə məsələlərində kömək edir.

Və hər şey, əslində, səfirlikdən gələn bir zəngdən sonra dəyişir. 2009-cu ildə Təhsil Nazirliyinin qərarı ilə pilot layihə çərçivəsində üç dövlət məktəbində yapon dilinin tədrisinə başlanılması gündəmə gəlir. Nazirlik bu məqsədlə səfirliyə müraciət edir və məktəblərdə yapon dili dərslərinin təşkili üçün uyğun müəllim axtarılır: “Mənə səfirlikdən bu məsələni bildirdikdən sonra komissiyanın iclasına getdim. Orada həm məktəb direktorları, həm səfirlik, həm də nazirliyin əməkdaşları ilə pilot layihənin detalları müzakirə olunurdu. 225 nömrəli məktəbi isə öz istəyimlə seçmişəm, çünki digər iki məktəb lisey idi, bu isə sıradan dövlət məktəbi idi. Düşündüm ki, adi dövlət məktəbində şagirdlərə yapon dilini öyrətmək daha maraqlı olacaq. Həqiqətən, belə də oldu. V sinifdən etibarən Azərbaycan və rus bölmələrinin hər biri üzrə 2 sinifdə tədrisə dərslərə başladıq. Dərslərimiz həftədə üç dəfə olurdu və IX sinfə qədər davam edirdi. Lakin indi fakültativ xarici dil kimi keçilir, yapon dilini yalnız rus bölməsinə tədris edirəm. Təəssüf ki, indi Azərbaycan bölməsində yapon dili tədris olunmur”.

“Bu dil nə qədər çətin olsa da, riyaziyyatdan çətin deyil”

Bu gün isə Esmira Məmmədovanın illərdir yaşatdığı yapon dili tədrisi əvvəlki kimi deyil. O, təəssüflə qeyd edir ki, hazırda yapon dili yalnız rus bölməsində iki sinifdə keçirilir. Həmin şagirdlər məzun olduqdan sonra layihənin necə davam edəcəyi isə tam aydın deyil. Müəllimin sözlərinə görə, onu əvəz edəcək, yapon dilini məktəblərdə tədris edə biləcək kifayət qədər hazırlıqlı müəllimlər var: “İnsan bu dili öyrənəndə əvvəlcə düşünür ki, çətin dildir. Lakin zamanla bu dillə tanış olduqca görürsən ki, düşünüldüyü qədər çətin deyil. Şagirdlərə yapon dili çox maraqlıdır. Bəlkə də, onlar indi bunun mahiyyətini tam anlamırlar. Neçə şagirdim var ki, bu dildən imtahan verib beynəlxalq dil sertifikatı alıblar. Nə qədər çətin olsa da, riyaziyyatdan çətin deyil”.

“Azərbaycan dilini bilənlər üçün yapon dilini öyrənmək daha asandır”

Uzun illər elmi və pedaqoji fəaliyyət göstərməsinə baxmayaraq, Esmira Məmmədovanın öyrənmək və öyrətmək həvəsi hələ də sönməyib. Hətta indi Çin dilinə də maraq göstərir və ara-sıra onu öyrənir. Deyir ki, Çin və yapon dillərinin Azərbaycan dilindən əsas fərqi əlifbalarıdır: “Çin və yapon dillərinin Azərbaycan dilindən əsas fərqi əlifbalarındadır. Yapon dilini öyrənməyə başlayanda insana çətin gəlir, lakin zamanla düşünülən qədər çətin olmadığını görürsən. Əksinə, yapon dili Azərbaycan dilinə daha yaxındır. Rus bölməsində dərs deyərkən bəzən dillər qarışanda şagirdlərə deyirəm ki, əvvəlcə Azərbaycan dilində yazaq. Dilin qrammatik quruluşu çox bənzəyir və buna görə də Azərbaycan dilini bilənlər üçün yapon dilini öyrənmək daha asandır.

Ayda bir dəfə Yaponiya Səfirliyindən nümayəndələr məktəbimizə gəlir və xüsusi tədbirlər keçirilir. Şagirdlərin dərsə göstərdiyi xüsusi marağı gördükcə həvəslənirəm. Hətta indi də məktəbi bitirib yapon dilini öyrənməyə davam edən məzunlarımız var.
 Ona görə də istəyirəm ki, yapon dilinin tədrisi davam etsin. Hətta mən bu dili tədris edəcək müəllimlərə də dəstək göstərə, hansı materiallardan istifadə edə biləcəklərini izah edə bilərəm”.

Uzun illər Yaponiyada yaşayan Esmira Məmmədova Azərbaycan və yapon təhsil sistemləri arasındakı fərqləri də diqqətlə müşahidə edib. O bildirir ki, Yaponiyada məktəb sistemi bizdəkindən tamamilə fərqlənir. Sistem 6+3+3 prinsipi ilə qurulub: “İlk 6 il ibtidai sinif üçün dərslər ayrı binada tədris olunur. Bu müddətdə bədən tərbiyəsi, incəsənət və musiqi fənlərinə çox ciddi yanaşılır, digər fənlər kimi diqqət yetirilir. Şagirdin inkişafına xüsusi önəm verilir. Yaponiyada torpaq sahəsinin azlığına baxmayaraq, hər bir dövlət məktəbində idman üçün hovuz və müxtəlif idman zonaları var.

Məktəbdə şagirdlərə yemək də verilir, valideynlər hər ayın əvvəlində menyunu alır və uşaqların hansı qidalarla qidalanacağını bilirlər. Eyni zamanda, məktəblərdə təmizlik işlərinə də şagirdlər özü nəzarət edir, gigiyenik-sanitar məsələlər öyrədilir. Bunun üçün ayrıca işçilər yoxdur.

İlk 6 illik tədrisdən sonra üç il davam edən ümumi orta təhsil mərhələsi başlayır və ayrı binalarda keçirilir. Bu dövrün sonunda şagirdlər buraxılış imtahanı verirlər və nəticələrə əsasən “high school” adlanan təhsil müəssisələrində təhsilini davam etdirə bilirlər. Sonrakı mərhələdə isə ali təhsil müəssisələrinə qəbul mümkündür”.

Yazımızın əvvəlində qeyd etdiyimiz kimi, Esmira Məmmədovanın Yaponiya ilə yolu həyat yoldaşının orada elmi fəaliyyətə başlaması ilə bağlıdır. Həyat yoldaşı Nazim Məmmədov 1994-cü ildə Naqaoka Texnoloji Universitetinə professor kimi dəvət alıb, 1997-ci ildə isə Yapon Elmi İrəlilətmə Cəmiyyətinin professor qrantına layiq görülüb. Hazırda o, elmi fəaliyyətini Fizika İnstitutunda davam etdirir. Hər iki ölkə arasında elmi mühitdə olan fərqləri isə təsvir etmək istəsək, yəqin ki, bunu bir yazıya, bir məqaləyə yerləşdirə bilmərik...