“Bu əməyin dəyərləndirilməsini görmək böyük qürurdur” – Prezident mükafatçısı

30 Yanvar, 2026 - 17:58
“Bu əməyin dəyərləndirilməsini görmək böyük qürurdur”

Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə 2026-cı il üzrə Gənclər üçün Prezident mükafatına layiq görülən 10 gənc müəyyənləşib. Həmin siyahıda Sərxan Ağadadaşovun da yer alması onun fəaliyyəti və əldə etdiyi nəticələrin yüksək qiymətləndirilməsinin göstəricisidir.

Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyasının “Pilotsuz uçuş aparatları” qrupunun qrup rəhbəri Sərxan Ağadadaşov “Azərbaycan müəllimi”nə açıqlamasında mükafatın gələcək fəaliyyətinə əlavə məsuliyyət yaratdığını bildirib. O qeyd edib ki, Prezident mükafatını pilotsuz uçuş aparatları sahəsində gördüyü işlərə görə aldığını düşünür: “Çünki biz bu sahədə uzun illər öncədən fəaliyyətə başlamışıq və əldə etdiyimiz nailiyyətlər az deyil. Bu işin bu mərhələyə çatması üçün göstərdiyimiz əziyyətin qiymətləndirildiyini hesab edirəm. Eyni zamanda, bu bilik və təcrübəni hazırda tələbələrə, gələcək nəsil mühəndislərə ötürməyimiz də bu mükafatın mənə verilməsində rol oynayıb.

Belə bir mükafata layiq görülmək məndə ilk növbədə fəxr və dərin təşəkkür hissi yaradır. Biz bu sahədə Azərbaycanda ilklərdən olmuşuq və uzun illər əziyyət çəkmişik. Bu əməyin dəyərləndirilməsini görmək bizim üçün böyük qürur və güclü motivasiyadır. Bu, işlərimizi növbəti mərhələyə daşımaq və daha böyük miqyasda inkişaf etdirmək üçün ciddi stimul verir”.

O, bu işə başladığımız ilk günləri də yada salıb: “Heç kim tərəfindən tanınmadığımız, fəaliyyətimizin çox kiçik miqyasda olduğu dövrlər, daha sonra addım-addım irəliləyərək tanınmağa başladığımız mərhələlər gözümün önündən keçdi. Qeyd edim ki, bu, cənab Prezident tərəfindən aldığımız ikinci mükafatdır. İlk mükafatı 2022-ci ildə Bakıda keçirilən “TexnoFest”də əldə etmişdik və mükafat bizə şəxsən cənab Prezident tərəfindən təqdim olunub. Bu cür mükafatların davamlı olması sözlə ifadə olunması çətin olan hisslər yaradır.

Bu mükafatı, qeyd etdiyim kimi, elm sahəsində, xüsusilə də pilotsuz uçuş aparatları istiqamətində gördüyümüz işlərə, qurduğumuz istehsalatlara, bu sahəyə cəlb etdiyimiz tələbə və mühəndislərə, onların yetişdirilməsi üçün apardığımız fəaliyyətə görə almışıq. Belə bir mükafat, xüsusən də onun cənab Prezident tərəfindən verilməsi bizə gələcək üçün böyük məsuliyyət yükləyir və fəaliyyətimizi davam etdirməyi zəruri edir”. 

“Eyni birliklə ölkəmizin elm və texnologiya sahəsində müstəqil olması üçün çalışmalıyıq”

Sərxan Ağadadaşov sözlərinə görə,  motivasiyalarının hansı səviyyədə olmasından asılı olmayaraq, bu işi davam etdirməlidirlər: “Çünki bu cür mükafatların arxasında real və böyük nəticələr dayanmalıdır. Yaxın gələcəkdə bunu konkret layihələrlə nümayiş etdirməyi planlaşdırırıq. Əsas məqsədlərimizdən biri Azərbaycanda pilotsuz uçuş aparatlarının istehsalının genişləndirilməsidir. Daha böyük hədəf isə ölkəmizdə, məsələn, ABŞ-də Silikon Vadisi kimi iri texnoloji və innovasiya mərkəzinin yaradılmasıdır.
Bunun üçün bizim kifayət qədər potensialımız, kadrlarımız var. Biz paralel şəkildə həm kadr yetişdirir, həm də müəssisələrimizi formalaşdırırıq. Bir yumruq altında birləşərək torpaqları azad etdiyimiz kimi, bu gün də eyni birliklə ölkəmizin elm və texnologiya sahəsində müstəqil olması üçün çalışmalıyıq. Əsas məqsədimiz də məhz budur”.