Sevdiyiniz ixtisasın arxasınca gedin - 25 medallı “qızıl oğlan”
Ona “qızıl oğlan” da demək olar. Yaşının azlığına baxmayaraq təhsil sahəsində qazandıqları medallarının sayına görə. Bəli, istedad, zəhmət və 25 medal.
“Azərbaycan müəllimi” Naxçıvan Dövlət Universitetinin nəzdində İngilis dili təmayüllü gimnaziyanın 7-ci sinif şagird Qismət Talıbovu oxucularla tanış edir.
O, gimnaziyaya qəbul zamanı 25 sualın hamısını doğru cavablandırıb. İlk medalını hələ ikinci sinifdə oxuyarkən qazanıb. Qazandığı 25 medalın 90 faizi qızıldır. Bu qızıl medalların əksəriyyətini isə riyaziyyat olimpiadalarında qazanıb. İngilis dili yarışlarında da uğurları olub. Gimnaziyada təhsil aldığı qısa müddətdə isə AMO, SASMO, Kopernik olimpiadalarında iştirak edib. Kopernik olimpiadasında 100 mümkün baldan 96-sını toplayaraq qızıl medala layiq görülüb. O, şahmat üzrə keçirilən yarışlarda da özünü təsdiqləyir.
Qismət keçən il beynəlxalq olimpiadalarda iştirak etmək üçün Amerika Birləşmiş Ştatları, İtaliya və Sinqapura dəvət alıb. Deyir ki, riyaziyyatı ona uşaqlıqdan anası öyrədib, daha sonra da marağı artıb: “Mən düsturdan istifadə etməyi çox sevmirəm, özüm misallarda yeni düstur çıxardıram. Bu mənim öz metodumdur”.
Qismət özünü STEAM-da yoxlamaq istəyir, çünki bu sahəyə də marağı var: “Gələcəkdə hansı sahəni seçəcəyimi hələ dəqiq bilmirəm. Amma ailəm, müəllimlərim həmişə mənə dəstək olublar. Müxtəlif sahələrlə məşğul olduğum üçün bir az vaxtımı bölmək çətin olur. Dərsimiz saat 3-də bitsə də, burada saat 6-ya qədər qalıb sabahkı dərslərimizi hazırlayırıq”.
İstedadlı şagird yeni yarışlarda da iştirak etməyi planlaşdırır, həmyaşıdlarına isə tövsiyə edir ki, ürəkdən sevdiyi ixtisasın arxasınca getsinlər: “O zaman mütləq uğur qazanacaqlar. Hətta sınaq imtahanında belə öz istəkləri sahəni seçmələri məsləhətdir. Belə olanda qazanmaq istəyəcəksən və daha çox çalışacaqsan”.
Hər qazandığı medal isə ona stimul verib: “Medalları qazananda qürur dolu sevinc hissləri yaşamışam. Həmin gün medalı yaxama taxa-taxa aparıb yerinə qoyuram. Otağımda onlar üçün guşə yaratmışam”.
Qismətin uğurları hələ qabaqdadır. Özünün də dediyi kimi, medallarının sayını artırmağa davam edəcək.


